Məhkəmə qərarları › İş №2-1(116)-940/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-940/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-940/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 X10 İdarəsinə qarşı “İMG 001790 nömrəli xx.xx.2022-ci il tarixli icrası məcburi olan Göstərişin ləğv edilməsi və müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış İddiaçı MMC sözü və loqo təsvirin açıq məkanda yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh X4 X10 İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən İddiaçı MMC barəsində tərtib edilmiş İRY 001790 nömrəli, xx.xx.2022-ci il tarixli Akt və İMG 001790 nömrəli xx.xx.2022-ci il tarixli icrası məcburi olan Göstərişin ləğv edilməsi və müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış İddiaçı MMC sözü və loqo təsvirin açıq məkanda yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-940/2022 nömrəli qərardadı ilə İRY 001790 nömrəli, xx.xx.2022-ci il tarixli Aktın ləğv edilməsi tələbi mümkün sayılmamışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - cavabdeh X10 İdarəsi tərəfindən iddiaçı barəsində açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 001790 nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən açıq məkanda İddiaçı MMCyə məxsus ünvan 1i ünvanında yerləşən obyektdə cəmi 4 sayda 6.94 kv.m ölçüdə fasad reklamları müvafiq icazə sənədi alınmadan yerləşdirilməsi və yayımlanması qeyd edilmişdir. Bundan başqa iddiaçı barəsində 001790 nömrəli, xx.xx.2022-ci il tarixli icrası məcburi olan göstəriş tərtib edilmişdir. Həmin göstərişə əsasən aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb olunur. Bu tələblə bağlı cavabdeh X10 İdarəsi tərəfindən Rİ-5/01-03/89 nömrəli, xx.xx.2022-ci il tarixli məktub iddiaçıya göndərilmişdir. Lakin, iddiaçı sözügedən tələbi qanuni və əsaslı hesab etmir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən reklam obyekti - reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlərdir. Göründüyü kimi, reklam obyektinə şirkətin (müəssisənin) adı, loqosu aid edilməmişdir. Buna görə də qeyd olunan Qanunda verilmiş reklam anlayışına görə şirkətin (müəssisənin) adı, loqosu reklam hesab oluna bilməz. Ancaq, cavabdeh X10 İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən obyektdə açıq məkanda reklam kimi aktlaşdırdığı yazı və təsvir müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış İddiaçı MMC adı və onun loqosudur. Beləliklə, şirkətin (müəssisənin) adı, loqosu Qanunda verilmiş reklam anlayışına görə reklam hesab olunmadığından cavabdeh X10 İdarəsi tərəfindən İddiaçı MMC barəsində verdiyi tələb qanuni və əsaslı sayıla bilməz. Cavabdeh orqan xx.xx.2022-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.2022-ci il tarixdə reklam yayıcısı olan hüquqi şəxs İddiaçı MMC-nin qanuni təmsilçisinin iştirakı olmadan açıq məkanda icazəsiz reklam yerləşdirilməsinə dair İRY 001790 nömrəli akt və həmin tarixli İMG 001790 nömrəli icrası məcburi olan göstəriş tərtib edilmişdir. Həmin akt və göstəriş Rİ-5/01-02/-89 nömrəli xx.xx.2022-ci il tarixli sifarişli poçt xəbərnaməli məktubla reklam yayıcısı olan hüquqi şəxsin ünvanına göndərilmişdir. İş üzrə materiallara əlavə edilən xəbərnamədən görünür ki, Akt və Göstərişin göndərilməsinə dair Rİ-5/01-02/-89 nömrəli xx.xx.2022-ci il tarixli məktub xx.xx.2022-ci il tarixdə reklam yayıcısı olan hüquqi şəxsin qanuni təmsilçisi Cəfər Əliyev tərəfindən təhvil alınmışdır. Göstərişdə qeyd olunan müddət ərzində (5 gün) reklam yayıcısı tərəfindən icazəsiz reklam yayımı dayandırılmadığı üçün onun barəsində xx.xx.2021-ci il tarixdə X10 İdarəsinin Estetik nəzarət şöbəsinin böyük müfəttişi X7 tərəfindən İXM-nin 428.7.1ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib ediləcəyi yer və vaxt barədə əvvəlcədən, yəni xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qanuni təmsilçisi X2 istifadəsində olan ********** nömrəli mobil telefonuna idarənin ********** nömrəli korporativ telefonu vasitəsi ilə telefonoqram vurularaq məlumat verilmişdir. İnzibati xəta haqqında protokolun tərtib ediləcəyi yer və vaxt barədə məlumat verilməsinə baxmayaraq, protokol onun iştirakı olmadan tərtib edilmiş və İXM-nin 100.3cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokolun surəti Ri-5/01-02/-179 nömrəli xx.xx.2022-ci il tarixli məktubla onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Eyni zamanda inzibati xəta haqqında protokol İXM-nin 103.1-ci maddəsinin tələbinə əsasən aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq akt və protokol tərtib edilərkən çəkilmiş fotoşəkillər maddi sübut olaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin İddiaçı MMC-nin hüquqi şəxs kimi vergi ödəyicisi olması barədə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin çıxarışı iş materillarına əlavə edilmişdir. Odur ki, İXM-nin 18.1-ci maddəsinə əsasən, Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci madddəsinə əsasən - Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən - Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-1-ci maddəsinə əsasən – açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 26.2-3-cü maddəsinə əsasən - Reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 26.8-ci maddəsinə əsasən - Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və is rejimim istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsində göstərilmişdir ki, Reklamı qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”-in 1 1-ci bəndində deyilir ki, X13 "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır. “Reklam qurğularına Texniki Tələblər”-in 3.15-ci bəndində göstərilmişdir ki, Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli Fərmanına əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5.1-ci bəndinə əsasən - Müvafiq qurum (Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi) açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal cayandırmalıdır); Həmın “Qayda”nın 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin “Qayda”nın 3.7-ci bəndinə əsasən Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən Reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş verdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. X10 İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus açıq məkana ünvanlanış icazəsiz yayımlanan reklamları barəsində “Reklam haqqında” Azərbaycan Respublikasının qanununun 26.8-ci maddəsinə (Açıq məkanda reklam standartları - obyektin adı, qeyrikommersiya məqsədi daşımaması, reklamın say və ölçü meyarları), “Reklam qurğularına Texniki Tələblər”-in 3.15-ci bəndinə (reklam səthi -hərflər formasında) (bədii elementlər loqotip, nişanlar və s ), Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinə (açıq məkanda icazəsiz reklam yayımı hallan) əsaslanaraq Akt və icrası məcburi olan Göstəriş tərtib edilmişdir. Lakin reklam yayıcısı tərəfindən qanunvericilikdə göstərilən müddət ərzində (5 gün) icazəsiz reklam yayımı dayandırılmadığı üçün bundan sonra X10 İdarəsi tərəfindən reklam yayıcısı olan hüquqi şəxsin barəsində “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.7-ci bəndinə (inzibati xəta əlamətləri aşkar etdikdə) uyğun olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1 -ci maddəsi ilə (maddənin dispozisiyası: müvafiq icazə- olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda inzibati xəta üzrə iş Zaqatala Rayon Məhkəməsinin icraatındadır. Buna baxmayaraq, “Agrovit" MMC, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məsuliyyətdən yayınmaq üçün “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində göstərilən -reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyən- reklamla bağlı sanki mövcud qanunvericiliyin mövqeyi ilə razılaşmayaraq "Agrovit” MMC sözü və loao təsvirinin acıq məkanda yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı MMC tərəfindən verilmiş iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - X10 İdarəsi tərəfindən İddiaçı MMC-nin qanuni təmsilçisi X3 ünvanlanan məktubda qeyd edilmişdir ki, X10 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İRY 001790 nömrəli Aktın və İMG 001790 nömrəli icrası məcburi olan Göstərişin surəti Sizə göndərilir. Sizdən, icrası məcburi olan göstərişi aldığınız vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün X11 İdarəsinə müraciət etməyiniz və ya icazəsiz reklam yayımını dayandırmağınız tələb olunur. Əks halda, barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin uyğun bəndində nəzərdə tutulmuş inzibati xəta haqqında Protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəkdir. - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, reklam haqqında Azərbaycan Respublikasının qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda İddiaçı MMC-yə məxsus 0,60 m x 3,50 m x 1 ədəd = 2,10 m2 , 0,95 m x 0,95 m x 1 ədəd = 0,90 m, 0,50 x 4,50 m x 1 ədəd = 2,25 m2 , 1,30 m x 1,30 m x 1 ədəd = 1,69 m2 Cəmi 4 sayda 6,94 m2 ölçüdə fəsad reklamları müvafiq icazə sənədi alınmadan yerləşdirilib və yayımlanır. - İcrası məcburi olan xx.xx.2022-ci il tarixli İMG № 001790 nömrəli göstərişdən görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisi X3 nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası X4 X10 İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunmuş mövcud qanunvericiliyin pozuntularına dair İRY № 001790 xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldılılması tələb olunmuş, əks halda İXM-nin müvafiq maddiniə əsasən inzibati xəta haqqında protokol tərtib ediləcəyi qeyd edilmişdir. - İnzibati xəta haqqında MN № ******* nömrəli protokoldan görünür ki, İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)-84/2022 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüququ şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)-111/2022 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati cərimə edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 3(033)-84/2022 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən “xx.xx.2022-ci il tarixli İMG001790№-li icrası məcburi olan Göstəriş” iddiaçı tərəfindən 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Odur ki, müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşduur. Lakin, iddia əsassızdır. Tətbi qedilən hüquq. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”-in 1.1-ci bəndinə əsasən X13 “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır. “Reklam qurğularına Texniki Tələblər”-in 3.15-ci bəndinə əsasən binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır. Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5.1-ci bəndinə əsasən-Müvafiq qurum (Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi) açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Həmin “Qayda”nın 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Həmin Qaydanın 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun olaraq yoxlama hərəkətləri həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində də göstərilmişdir ki, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətininin həyyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerlnə yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırki, iş üzrə iddiaçı olan "Agrovit” MMC ilə X10 İdarəsi arasında açıq məkanda reklam yayımı ilə bağlı heç bir müqavilə münasibətləri olmamış və eləcə də Reklam idarəsi öz fəaliyyətini açıq məkanda apardığına görə X10 İdarəsi tərəfindən ümumi olaraq açıq məkanda yayımlanan reklamların uçotu və elektron bazası aparılarkən İddiaçı MMC tərəfindən qanunsuz olaraq icazəsiz reklam yayımı faktı aşkar edilərək hüquqi şəxsin barəsində müvafiq akt tərtib edilmiş və icrası məcburi olan yazılı göstəriş təqdim edilmişdir. İddiaçının əsas dəili ondan ibarətdir ki, “Reklam obyektinə şirkətin (müəssisənin) adı, loqosu aid edilməmişdir. Buna görə də, qeyd olunan qanunda verilmiş reklam anlayışına görə şirkətin (müəssisənin) adı, loqosu reklam hesab oluna bilməz. Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən obyektdə açıq məkanda reklam kimi aktlaşdırdığı yazı və təsvir müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış İddiaçı MMC adı və onun loqosudur. Bu da Qanunda verilmiş reklam anlayışına görə reklam hesab oluna bilməz”. Yuxarıda istinad olunan qanunvericiliyin tələbindən göründüyü kimi, obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını göstərən yazıların sayı 1-dən və ölçüsü 1 kv.m-dən artıqdırsa reklam hesab edilir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, açıq məkanda İddiaçı MMC-yə məxsus müəssisənin adı və loqosusunun qeyd olunduğu yazıların ölçüsü 1 kv.metrdən və sayı 1-dən artıq olmuş, buna görə də cavabdeh orqan haqlı olaraq iddiaçı barəsində icrası məcburi olan, xx.xx.2022-ci il tarixli göstəriş tərtib etmiş, aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb olunmuşdur. İddiaçının nümayəndəsi, İddiaçı MMC-yə məxsus müəssisənin adı və loqosusunun açıq məkanda olsa da, kənardan görülməsinin qeyri-mümkün olmasını və həmin müəssisəyə gələn hər bir şəxsin həmin ad və loqoya görə yox, şəxsən onu tanıyaraq gəldiyini bildirsə də, qeyd olunan hal “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində nəzərdə tutulmuş anlamda ölçülər və saylar nəzərə alınmaqla İddiaçı MMC adı və onun loqosunun reklam sayılması faktını aradan qaldırmır. İstinad olunan Qanunda reklama belə bir anlayış verilmişdir: reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat (2.0.1). 2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər. 2.0.10. reklamın istehlakçısı – diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxs. Nəzərə alınmalıdır ki, İddiaçı MMC adı və onun loqosunun müəssisə tərəfindən sayı və ölçüsü qanunvericiliyin tələbinə uyğun olmamaqla açıq havada yerləşdirilməsi reklam istehlakçısının diqqətini reklam obyektinə çəkmək məqsədi daşıdığından, iddiaçının İddiaçı MMC adı və onun loqosunun reklam sayılmaması ilə bağlı tələbi əsaslı sayıla bilməz. Həmçinin müəssisənin adında olan “Agro” birləşməsi artıq hər kəs tərəfindən başa düşülən müəssisənin kənd təsərrüfatı fəaliyyətinə (işlər və xidmətlər görülməsinə, müvafiq məhsulların satışına) işarə edir. Məhkəmə xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin saytının domenində də məhz “agro” sözündən istifadə olunur (https://www.agro.gov.az). Odur ki, tərkibində “agro” sözündən istifadə olunan hər bir yazı istehlakçıda müəssisənin kənd təsərrüfatı ilə bağlılığı və yerinə yetirdiyi fəaliyyətin həmin sahəyə aid olması barədə təsəvvür yaratdığından, həmin yazının və loqonun yayımlanması reklam fəaliyyəti hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC cavabdeh X4 X10 İdarəsinə qarşı İMG 001790 nömrəli xx.xx.2022-ci il tarixli icrası məcburi olan Göstərişin ləğv edilməsi və müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış İddiaçı MMC sözü və loqo təsvirin açıq məkanda yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam hesab edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar