Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-941/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-865/2021 nömrəli qərardadı ilə "xxxx" QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1 (116)-865/2021 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-61/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1 (116)-865/2021 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbi mümkün sayılmış və inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-941/2022 nömrəli qərardadı ilə "xxxx" QSC-nin inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakı adi cəlbetmədən zəruri cəlbetməyə dəyişdirilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-14/2019 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli ipoteka müqavilələri bağlanmamış hesab edildiyindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, qanunvericiliyin tələbinə görə ipotekanın dövlət qeydiyyatının, ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan, iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-14/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X4 və qeyrilərinə qarşı iddia tələbi qismən, yəni 35849.48 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə X2 tutularaq "xxxx" QSC-yə ödənilməsi hissəsində təmin edilmiş, tələbin “ipoteka predmetinə yönəldilməsi hissəsi”ndə iddia təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli ipoteka müqavilələrində zəruri şərtlər göstərilmədiyindən və sonradan "xxxx" QSC ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx.xx.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh-ipoteka qoyanlar X3 və İddiaçı razılığı alınmadığından ipoteka müqavilələri bağlanmamış hesab edilməlidir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsindən görünür ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2350/2020 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Seriya MH ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 111 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - 15M000000132 nömrəli ipoteka müqaviləsindən görünür ki, bank ilə X5 arasında xx.xx.2009-cu il tarixdə Mingəçevir şəhərində bağlanmış 15L000000706 saylı Kredit Xətti Müqaviləsi və bu kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən 111 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz Əmlakın dövlət reyetstri haqqında” Qanun: 20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. 20.2. İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. 20.3. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. 20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. 20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. 20.6. İpotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanun: 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir... Yuxarıda qeyd edilmiş hüquq normaları ilə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması imperativ qaydada müəyyən edilmişdir. Lakin, hazırkı işin hallarından göründüyü kimi Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)- 14/2019 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli ipoteka müqavilələri bağlanmamış hesab edilmişdir. Belə olan halda cavadeh orqan istinad olunan məhkəmə qərarı ilə bağlanmamış hesab edilmiş ipoteka müqavilələri üzrə dövlət qeydiyyatının saxlanılmasında haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.