Məhkəmə qərarları › İş №2-1(116)-941/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-941/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-941/2024 20.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı "Zaqatala rayonu Muxax kəndində yerləşən 1200 kv.m torpaq sahəsinin təyinatını “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd etməklə, həmin torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarına əsasən Zaqatala rayonu Muxax kəndində verilmiş 1378 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 1378 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarına əsasən Zaqatala rayonu Muxax kəndindən verilmiş 1378 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatında düzəliş olunaraq “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd edilməsi və düzəlişə uyğun olaraq ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, ailə üzvləri X6, X4 və onun ümumbirgə mülkiyyətlərinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarına əsasən ünvan 1ində 1378 kv.metr torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmasına dair cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqanın vermiş olduğu imtinanı əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Əliyev X2 rayonu, Muxax kəndi ünvanında yerləşən 0,1378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşir və iddiaçı həmin torpaq sahsəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınmasına razı olmamışdır. Buna görə də onun ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-3769/2023 (**********69) nömrəli məktub ünvanlanmışdır. İddia tələbinin "həyətyanı kimi qeyd olunması" ilə bağlı bildirilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli, 1142 nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir. 2-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilmişdir: 2.1-ci hissə adından “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və" sözləri çıxarılsın və adında “təsvirlərinin” sözü “təsvirinin” sözü ilə əvəz edilmişdir. 2.2-1-ci hissə ləğv edilmişdir. Həmin Fərman ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış’ ın məzmununun 2.1.11-ci bəndinə görə torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda göstərilir. Qeyd olunanlardan göründüyü kimi, elektron çıxarışda qanunla müəyyən edilmiş kateqoriyalardan biri göstərilir. Müvafiq Fərmanda təqdim edilən elektron çıxarışda torpaq sahəsinin məqsədli təyinatının göstərilməsi ilə bağlı bənd yoxdur. Buna görə də, iddia tələbin "həyətyanı kimi qeyd olunması" hissəsi əsasızdır. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı bildiririk ki, torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3 maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinə əsasən torpaqların hüquqi rejimi - torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Həmin Məcəllənin 4-cü bəndinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının (Yerli icra hakimiyyəti orqanının) və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci, 5-ci və 8-ci bəndlərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasınının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz. Məhkəmənin nəzərinə çatdırırıq ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1 -ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyat orqanı tərəfindən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş 41 nömrəli şəxsi hesab vərəqi, A 246838 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Zaqatala rayon Muxax kəndi üzrə (ilkin və düzəliş) pay torpaq sahələrinə dair subyektlər siyahısından çıxarış, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zaqatala rayonu Muxax kəndində yerləşən 1378 kv.m torpaq sahəsinin təyinatını “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd etməklə, həmin torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. Yuxarıda istinad olunmuş normativ hüquqi aktlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Həmin koordinatlarda müəyyən edilmiş kadastr məlumatları torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir. Hazırkı iş üzrə iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquq müəyyənedici sənəd qismində Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarı qəbul edilməlidir. Həmin qərarla Muxax kəndində torpaq payı alacaq subyektlər siyahısı və ayrılması nəzərdə tutulan torpaq sahələrinə dair yerquruluşu sənədləri təsdiq edilmişdir. İddiaçıya digər ailə üzvləri ilə birlikdə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri və ölçüsü müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh orqan arasında yaranmış mübahisənin motivi torpaq sahəsinin təyinatı ilə bağlıdır. Belə ki, iddiaçı, ona veriləcək sənəddə torpaq sahəsinin hazırkı təyinatının qeyd edilməsini tələb edir. Cavabdeh orqan isə torpaq sahəsinin islahat zamanı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmasına istinad edərək imtina cavabı vermişdir. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin Fərmanın 2.4 və 2.5-ci bəndlərinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunması, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın iddia tələbinə qarşı dəlili torpaq sahəsinin Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi ilə bağlıdır. Cavabdeh orqanın mövqeyinə görə hazırkı mübahisə ilə bağlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi səlahiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı inzibati mübahisə torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə yox, təyinatı dəyişdirilmiş torpaq sahəsinə dair qüvvədə olan elektron kadastr məlumatları əsasında yeni nümunəli çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eyni ərazidir. Sözügedən torpaq sahəsi iddiaçıya Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilsə də, hazırda idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası isə tikinti altında olan torpaqlar kimi işlənilmişdir. Yəni, faktiki olaraq cavabdeh orqanın xidməti istifadəsində olan yeni elektron uçot məlumatlarında artıq torpaq sahəsi “kənd təsərrüfatı” təyinatlı yox, “yaşayış mənətəqələrinin torpaqları” təyinatlıdır. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mübahisə ilə bağlı hər hansı inzibati fəaliyyətin həyata keçirilməsi zərurəti yoxdur. Belə olan halda iddiaçının müraciətinin torpaq sahəsinin təyinatının dəyişdirilməsi tələbi kimi şərh edilməsi yolverilməzdir. İddiaçı, təyinatı dəyişdirilmiş torpaq sahəsi üzərində faktiki elektron uçot məlumatına uyğun ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında və müvafiq sənədlərin tərtib edilməsində maraqlıdır. Nəzərə alınmalıdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi istinad olunan Fərmanın başlıca məqsədlərindən biridir. Təqdim edilmiş mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan 0.15 ha torpaq sahəsinin 64 kv.m hissəsinin X5 adına tərtib edilmiş reyestr nömrəsi **********67- 10301 saylı Çıxarışda göstərilən 0.0848 ha topraq sahəsinin cizgilərinin hüdudları daxilinə, 12 kv.m hissəsi isə X1 adına tərtib edilmiş reyestr nömrəsi **********68 saylı Çıxarışda göstərilən 0.00843 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilinə düşdüyü qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi istinad olunan plan-ölçü sənədində qeyd edilmiş (1378 kv.m) torpaq sahəsinin ölçüsündən artıq olduğundan digər subyektlərə məxsus torpaq sahəsi ilə cəmi 76 kv.m hissədə üst-üstə düşmənin mövcudluğu iddiaçının tələbinin təmin olunmasına maneə yaratmır. Məhkəmə xüsusilə qeyd edir ki, mütəxəssis rəyində üst-üstə düşmə barədə məlumatların qeyd olunduğu qonşu torpaq sahələrinə dair **********67-10301 və **********68 saylı çıxarışlarda da, torpaq sahəsinin təyinatı “yaşayış mənətəqələrinin torpaqları” olaraq göstərilmişdir. İddiaçı, A seriyalı 246838 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin məzmununa istinad edərək ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin ölçüsünü 1378 kv.metr qeyd etmişdir. Nəzərə alınmalıdır ki, plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, sözügedən sənəddə torpaq sahəsinin ölçüsünün göstərilməsi yalnız torpaq sahəsinin yerləşdiyi ərazinin və konfiqurasiyasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İşdə olan Zaqatala rayon Muxax kənd İƏD üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarından görünür ki, təsərrüfatın istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilmişdir. Eynilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Zaqatala rayon Muxax kəndi üzrə (ilkin və düzəliş) pay torpaq sahələrinə dair subyektlər siyahısından çıxarışda da, qanuni həyətyanı torpaq sahəsi qrafasında iddiaçıya 3 nəfər ailə üzvü ilə (X6 və X4) birlikdə ayrılmış torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, torpaq sahəsinin ölçüsü plan-ölçü sənədində 1378 kv.m qeyd edilməsinə baxmayaraq, iddiaçının tələbi 1200 kv.m torpaq sahəsinə münasibətdə əsaslı sayılmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin 1200 kv.m hissəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur. Cavabdeh orqan torpaq sahəsinin təyinatının “yaşayış məntələrinin torpaqları” olması ilə bağlı torpaqların kadastr uçotu informasiya sistemində dürüstləşdirilmiş məlumata malik olduğu halda, torpaq sahəsinin ilkin (islahat) təyinatına istinad etməklə imtina cavabı verməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala rayonu Muxax kəndində yerləşən 1200 kv.m torpaq sahəsinin təyinatını “Yaşayış məntəqəsinin torpaqları” kimi qeyd etməklə, həmin torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar