Məhkəmə qərarları › İş №2-1(116)-944/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-944/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-944/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsinə adına reyestrdən çıxarış və texniki pasportun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsinə adına reyestrdən çıxarış və texniki pasportun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri “Azərkabel” Zavodunun Həmkarlar Komitəsinin xx.xx.1994-cü il tarixliqərarı ilə həmin idarənin işçisi X3 ayrılmış 0.06 ha torpaq sahəsini xx.xx.2007-ci ildə sonuncudan satın almışdır. Həmin vaxt Rafiq Səmədov və arvadı Səmədova Seyran torpaq sahələrini iddiaçının istifadəsinə verməklə adına bağ pasportunun işlənməsinə razılıq vermişlər. Bundan sonra həmin İdarədə xx.xx.2007-ci ildə iddiaçının adına 50/82 inventar nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu hazırlanıb verilmişdir. Əlavə olaraq iddiaçı həmin torpaq sahəsini orada inşa edilmiş bir mərtəbəli, 2 otaqlı evlı birlikdə satın almışdır. Həmin vaxtdan həmin evdə yaşayır. Həmin torpaq sahəsi 1980-cı ildə Azərkabel zavodunda ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşir. xx.xx.2010-cu ildə A seriyalı 159003, 518 saylı Dövlət Torpaq və Kadastr kitabında qeydiyyata düşmüş Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin sənəd Mingəçevir İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 saylı sərəncamı əsasında tərtib edilmiş, dürüstləşdirilmiş siyahıya adı daxil edilmişdir.İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş və xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum oldu ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən idarəyə təhvil verilmiş Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq yoldaşlığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ərizəyə əlavə edilən ləğv edilmil DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 599.1 kv.m bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdiyən texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 02/25 nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportun surətindən görünür ki, 0.06 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.

3. 30/82 nömrəli vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu;

4. “Azərkabel” zavodunun “Arzu” bağçılıq yoldaşlığının adlı siyahısında görünür ki, İddiaçı adı qeyd edilməmişdir.

5. Mingəçevir İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 saylı sərəncamına əsasən verilmiş A seriyalı 159003 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı iddiasının hüquqi əsası kimi həmin torpaq sahəsini alqı-satqı yolu ilə X1 aldığını,bununla bağlı bağ sahəsinə dair onun adına texniki pasportun verildiyini,eləcə də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A159003 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədini təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun) : - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. A193527 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamına istinad edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçının təqdim etdiyi “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənəd hüquqmüəyyənedici sənəd deyi. Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir.Başqa sözlə hüquqmüəyyənedici sənəd mövcud olduqda həmin yerin koordinatlarının müəyyən edilməsinə imkan yaradır. Yəni, istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe). İddiaçı özü də Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq təsərrüfatının üzvü olmadığını,həmin torpaq sahəsinin başqa şəxsdən satın aldığını bildirir. Bu halda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsası kimi mülki qaydada müqaviləyə istinad edir. İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. İddia olunan bağ sahəsinin iddiaçıya verilməsi ilə bağlı bağçılıq təsərrüfatının iclas protokolunun qərarı aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Əgər iddiaçının adı siyahıya sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada daxil edilərsə, bu halda, təqdim olunmuş sənədlər mötəbər sayıla bilər. Bunun üçün isə sonradan siyahıya daxil edilmənin müəyyən edilmiş qaydada baş verdiyi təsdiq və sübut olunmalıdır. Sonradan siyahıya adı daxil edilmiş şəxslər yalnız daxil edilmənin qanuniliyini təsdiq və sübut edən sənədləri təqdim etdikləri halda, müvafiq mötəbər hüquq müəyyənedici sənədlərin mövcudluğu halına istinad və onun yaradacağı hüquqi nəticələrə iddia edə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-2201/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin olunmalı deyildir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhər “Azərkabel” zavodunun “Arzu” bağçılıq yoldaşlığında yerləşən 0.06 ha torpaq sahəsinə adına reyestrdən çıxarış və texniki pasportun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar