Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-944/2025 23.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Qax rayonu, Qarameşə kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) (üçüncü şəxs – Qax rayonu Qaxbaş bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Qax rayonu, Qaxbaş kəndi) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolu (qərarı) ilə İddiaçı həyətyanı məqsədilə 1200 kv.m ölçüdə torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən DTXK Şəki rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına münasibəti nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi 16 iyul 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını “torpaq sahəsinin alqı-satqısına dair aktın DTXK Qax rayon şöbəsində qeydiyyatdan keçməməsi” ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» 30 may 2014-cü il tarixli 977-İVQ nömrəli Qanuna əsasən Qaxbaş və Qax İngiloy bələdiyyələrinin əhatə etdiyi Bağtala, Xələftala, Keşqutan, Kiçik Alatəmir, Qaxbaş, Qax İngiloy, Qımırlı və Uzuntala kəndlərində Qaxbaş bələdiyyəsi yaradılmışdır. Məhkəmənin 2 oktyabr 2024-cü il tarixli qərardadı ilə Qax rayonu Qaxbaş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolu (qərarı) ilə ona 1200 kv.m torpaq sahəsi satılmışdır. O, həmin torpaq sahəsinə görə bələdiyyənin hesabına pul vəsaiti ödəmişdir. Torpaq sahəsi onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı Qax rayonu Qax İngiloy bələdiyyəsinin qərarı ilə ona satılmış 1200 kv.m torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı İdarəyə müraciət etmiş, lakin müraciətə əlavə olunan sənədlərin yoxlanılması zamanı bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair tərtib edilmiş alqı-satqı aktında tərtib olunma tarixi ilə bağlı, habelə DTXK Qax rayon şöbəsində hansı tarixdə və hansı nömrə ilə qeydiyyata alınması barədə qeydiyyatın olmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizəçiyə 16 iyul 2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.6-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanının müəddəalarına əsaslanaraq, İddiaçı mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması Ərazi İdarəsi tərəfindən qanunamüvafiq hesab olunmamışdır. Məhkəmənin DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 1 oktyabr 2024-cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üstüstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə) və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumat, həmçinin işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək digər məlumatlar DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 25 iyun 2025-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddiaçı Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən ayrılmış 0,12 ha torpaq sahəsinin iddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən torpaq sahəsinin GPS aləti vasitəsilə çöl-ölçmə işlərinin nəticəsi olaraq 1000 kv.m olması müəyyən olunmuşdur. Döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi DWG faylına X5 Torpaqları, TEKUİS məlumat bazasında yaşayış məntəqələri torpaqları kateqoriyasına aid (uqodiyası əkin) Qarameşə kəndində yerləşən Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunur. İddia olunan 0,12 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Naturada göstərilən torpaq sahəsi və qonşuluqdakı torpaq sahələrinin naturada yerləşmə vəziyyəti təqdim edilmiş sxemdə göstərilən İddiaçı ayrılmış torpaq sahəsi ilə qismən uyğunluq təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən torpaq sahəsinin və həmin ərazidə yerləşən digər qonşu torpaq istifadəçilərinin torpaq sahəsinin bir hissəsi yaxınlıqdan keçən 10 kV-luq elektrik xəttinin mühafizə zolağı nəzərə alınmadan ayrıldığı üçün sahəcə azlıq təşkil edir. İddia olunan torpaq sahəsinin dəqiq koordinatları və elektrik xətti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə görə cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən İddiaçı verilmiş 0,12 ha torpaq sahəsinin mütəxəssis rəyində göstərilən 0,10 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Qax rayonu Qaxbaş bələdiyyəsinin məhkəməyə ünvanlanmış 23 iyun 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı iddiası üzrə məhkəmə mübahisəsi ilə əlaqədar bələdiyyənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz edilmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolu (qərarı) ilə ona ayrılmış torpaq sahəsi (1000 kv.m) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolundan çıxarışdan görünür ki, bələdiyyənin qeyd olunan tarixli iclasında İddiaçı ərizəsi nəzərə alınaraq, ona rayonun Qax İngiloy bələdiyyəsinin mülkiyyətində olan Qarameşə ərazisindən kənd təsərrüfatına az yararlı torpaqlardan həyətyanı üçün alqı-satqı qaydalarına müvafiq olaraq, 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarından görünür ki, DTXK Qax rayon şöbəsi tərəfindən aşağıdakı məzmunda rəy verilmişdir: - İddiaçı Sulik. . ə satılması nəzərdə tutulan torpaq sahəsi ölçüsü 0,12 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına . . . olmaqla həmin məqsəd üçün satılması məqsədəmüvafiqdir. İş materiallarından görünür ki, Qax rayonu Qarameşə kənd sakini İddiaçı satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinin sxematik planı Qax rayonu Qaxingiloy bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Qax rayonu Qax İngiloy bələdiyyəsi, İddiaçı və DTXK Qax rayon şöbəsi tərəfindən bələdiyyənin 5 oktyabr 2007-ci il tarixli qərarı ilə İddiaçı satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, lakin sənədin tarixi, habelə DTXK yerli qurumunda qeydiyyatı barədə qeydlər aparılmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 13 dekabr 2007-ci il tarixdə Qax rayonu Qax İngiloy bələdiyyəsinin hesabına 528 manat pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, Qax RİH Tikinti və memarlıq şöbəsi DTXK Qax rayon şöbəsinə aşağıdakı məzmunda rəy ünvanlamışdır: - Qax rayonu Qax İngiloy kənd sakini İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi kəndin perspektiv inkişaf planına uyğundur, ərazidə başqa tikinti nəzərdə tutulmamışdır. Torpaq sahəsinin mülkiyyətçisini müəyyən edərək qanunauyğun qaydada satılmasına etiraz edilmir. İş materiallarında olan Qax Rayon Dövlət Arxivinin torpaq sahəsinə dair sənədlərin surətlərinin təqdim edilməsi barədə müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 9 oktyabr 2024-cü il tarixli 3-48-26RA/2-109/2024 saylı məktubunda aşağıdakılar bildirilmişdir: - Hal-hazırda Arxivdə Qax rayonu Qax İngiloy bələdiyyəsinin (Fond №138) 2000 – 2004-cü illərin iclas protokolları mühafizə olunur. Qax İngiloy bələdiyyəsi 2007-ci ilin iclas protokollarını (o cümlədən 5 oktyabr 2007-ci il tarixli 11 saylı iclas protokolu) Qax Rayon Dövlət Arxivinə təhvil verməyib. Arxivdə mühafizə olunan AR FHN Əməliyyat istintaq idarəsinin 19 oktyabr 2009-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən 4 oktyabr 2009-cu il tarixdə Qax İngiloy bələdiyyəsinin yerləşdiyi binada baş vermiş yanğın nəticəsində 1 yanvar 2005-ci il tarixdən 30 sentyabr 2009-cu il tarixədək Qax İngiloy bələdiyyəsinə məxsus protokollar və mühasibat sənədləri yanmışdır. Bu səbəbdən sorğunu icra etmək mümkün deyil. İş materiallarında olan X6 Filialının müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli 3-48-12F/2-39/323/2024 saylı məktubunda aşağıdakılar bildirilmişdir: - Qax rayon Qax İngiloy bələdiyyəsinin sənədləri X6 Filialına təhvil verilmədiyi üçün sorğuda qeyd olunan İddiaçı 5 oktyabr 2007-ci il tarixdə torpaq sahəsi verilməsi barədə qərardan çıxarışın təqdim edilməsi mükün deyil. İş materiallarında Qax rayon Qaxbaş bələdiyyəsinin müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 14 oktyabr 2024-cü il tarixli 2/140 saylı məktubunda aşağıdakılar bildirilmişdir: - Vətəndaş İddiaçı məhkəmə mübahisəsi ilə əlaqədar tələb olunan sənədlər keçmiş (ləğv olunmuş) Qax İngiloy bələdiyyəsinin 2014-cü ildə Qaxbaş bələdiyyəsinə birləşən zaman təhvil-təslim vaxtı təhvil verilmədiyindən Qaxbaş bələdiyyəsində mövcud deyildir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Qax rayonu Qax İngiloy bələdyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolu (qərarı) rayonun Qarameşə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokoluna (qərarına) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 0,12 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı qərarının arxiv nüsxəsinin bələdiyyənin arxivindən və müvafiq arxiv qurumundan aşkarlanmaması onun həqiqiliyinə təsir edən amil kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, “torpaq sahəsinin alqı-satqısı”na dair aktda tərtib olunma tarixi ilə bağlı, habelə DTXK Qax rayon şöbəsində hansı tarixdə və hansı nömrə ilə qeydiyyata alınması barədə qeydiyyat aparılmamışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Qax rayonu Qax İngiloy bələdiyyəsinin mötəbər sayılan 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokoluna (qərarına) əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Qax rayon Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolu (qərarı) ilə ayrılan torpaq sahəsi ilə bağlı DTXK Qax rayon şöbəsi ilkin rəy vermişdir. Bu xüsusat torpaq ayrılan zaman DTXK Qax rayon şöbəsi tərəfindən məsələyə etiraz olunmadığını ehtiva edir. Bundan başqa, “Torpaq sahəsinin alqı-satqısına dair akt” Qax rayon Qax İngiloy bələdiyyəsinin və DTXK Qax rayon şöbəsinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir və sənəddəki tarixlə və şöbədə qeydiyyatla bağlı qeydlərin olmaması mülahizə xarakteri daşıyır. Nəzərə alınmalıdır ki, DTXK Qax rayon şöbəsi 2015-ci ilin 5 fevral tarixinədək fəaliyyət göstərmişdir. Bu aktın hər hansı tarixdə təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Qax rayon Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolunun (qərarının) qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktındakı çatışmazlıqlar inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Mütəxəssis rəyində qeyd olunan digər xüsusata, ərazidən 10 kV-luq elektrik xəttinin keçməsinə və torpaq sahəsinin müvafiq mühafizə zonasına düşməsinə gəldikdə isə məhkəmə vurğulayır ki, bu hal «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsi üzrə hüquq müəyyənedici sənədlərə münasibətdə və aparılmış tikinti obyektlərinə münasibətdə nəzərə alına bilər. Halbuki, iddiaçının təqdim etdiyi hüquq müəyyənedici sənədlər həmin Qanunun 8.0.1-ci maddəsinin təsiri altına düşür. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Qax rayon Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı protokolu (qərarı) ilə ona satılmış 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin mütəxəssis rəyində göstərilən 0,10 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Qax rayonu Qax İngiloy bələdiyyəsinin 5 oktyabr 2007-ci il tarixli 11 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin mütəxəssis rəyində göstərilən 0,10 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 9legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2-1(116)-944/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-944/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver