Məhkəmə qərarları › İş №2-1(116)-945/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-945/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-945/2023 22.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “mərhum valideyinləri X6 və X5 mülkiyyətinə verilmiş Balakən rayonu, Katex kəndində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə dair, qardaşı X3 adına tərtib edilmiş A seriyalı 206021 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum valideyinləri X6 və X5 mülkiyyətinə verilmiş Balakən rayonu, Katex kəndində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə dair, qardaşı X3 adına tərtib edilmiş A seriyalı 206021 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərərək bildirildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvini tələb etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Balakən Rayon Aqrar İslahat Komissiyasının 06 saylı, 29 iyun 2001-ci il tarixli qərarı əsasında verilmişdir.Həmin qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mübahisələndirilə bilməz. Mübahisənin iddianın müddətləri baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X8 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 saylı qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında verilmiş A seriyalı 206021 nömrəli torpaq sahəsinin plan ölçü sənədinin mübahisələndirilməsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “mərhum valideyinləri X6 və X5 mülkiyyətinə verilmiş Balakən rayonu, Katex kəndində yerləşən 0.20 ha həyatyanı torpaq sahəsinə dair qardaşı X3 adına tərtib edilmiş A seriyalı 206021 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar