Məhkəmə qərarları › İş №2-1(116)-945/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-945/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-945/2025 19.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Veteranlar üçün nəzərdə tutulmuş müavinətin 20 aprel 2003-cü ildən 2006-cı il tarixə hesablanıb verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Veteranlar üçün nəzərdə tutulmuş müavinətin 20 aprel 2003-cü ildən 2006-cı il tarixə hesablanıb verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2862/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. İddiaçı tələbində göstərmişdir ki, iddiaçı Tərtər rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrin tərkibində ərazi bütövlüyü uğrunda işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında 1992-1994-cü illər ərzində iştirak etdiyi üçün xx.xx.2006-cı il tarixdə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 052439 saylı Müharibə Veteranı vəsiqəsi verilmişdir.İddiaçı 2024-cü il yanvar ayı tarixində xx.xx.2003-xx.xx.2006-cı illərə dair sosial müavinətin verilməsi üçün cavabdehə müraciət etmişdir.Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, İddiaçı iddia edir ki, 1992-ci ilin oktyabr ayından 1994-cü ilin aprel ayınadək Silahlı Qüvvələrin tərkibində ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etsə də, xx.xx.2006-cı il tarixdə ona veteran vəsiqəsi verildiyini qeyd edərək məhkəmədən ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı inzibati orqana ona müharibə veteranları üçün nəzərdə tututlmuş müavinətin əvvəlki üç ilə görə verilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-44643/2024 nömrəli cavab məktubu ilə iddiaçıya sözügedən təqaüdün həmin dövrlər üzrə təyin olunmasının və ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, müavinətin əvvvəlki 3 il üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edildiyi kimi, iddiaçıya veteran vəsiqəsi Şəki Hərbi Komissarlığı tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, həmin tarixdən iddiaçıya xx.xx.2019-cu il tarixədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə komunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən sosial müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Buna münasibətdə bildiririk ki, iddiaçı əvvəlki əvvəlki 3 ilə görə müavinətin ödənilməsi üçün Mərləzi Filiala xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçının müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü ill tarixədək prezident təqüdü ödənildiyindən, müavinətin verilməsini nəzərdə tutan 1.7-ci yarımbənd ləğv edildiyindən iddiaçıya keçmiş dövr üçün sosial müavinətin ödənilməsi qanunun tələblərinə uyğun deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, 052439 №-li vəsiqədən görünür ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsi xx.xx.2006-ci il tarixdə verilmişdir.

3. DSMF PHŞ-in Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli 3-17-1/2-217925/2024 saylı nömrəli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia əsassızdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İş materiallarına əsasən iddiaçıya xx.xx.2006-cı il tarixdə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 052439 saylı Müharibə Veteranı vəsiqəsi verilmişdir.Həmin tarixdən etibarən iddiaçıya ilkin olaraq sosial müavinət,hazırda isə Prezident təqaüdün ödənilməsi həyat keçirilir.İddiaçının hüquqi marağı Müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2003-cü ildən sosial müavinətin ödənilməsindən ibarətdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 1 oktyabr 2007-ci il tarixli 419-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 933) ilə 9.1-ci maddə yeni redaksiyada verilmişdir. Qeyd olunan müddəa hazırda qüvvədə olan normalardır. Hüquq münasibətinin yarandığı dövrdə isə sözügedən Qanunda əvvəlki üç ilik dövr üçün müavinətin verilməsi nəzərdə tutulmamışdır.Belə ki, əvvəlki redaksiyada deyilirdi: 9.1. Aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Göründüyü kimi iddia olunan dövrə münasibətdə əvvəlki üç ilik dövr üçün sosial müavinətin verilməsi nəzərdə tutulmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Veteranlar üçün nəzərdə tutulmuş müavinətin 20 aprel 2003-cü ildən 2006-cı il tarixə hesablanıb verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar