Məhkəmə qərarları › İş №2-1(116)-947/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-947/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-947/2023 02.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı “müraciətlərinə verilən cavabların əsaslılığının yoxlanılması, vəzifəli şəxslərə poçt vasitəsi ilə göndərilmiş müraciətlərin vəzifəli şəxslərə çatdırılmamasının səbəblərini, vəzifəli şəxslərə etdiyi müraciətlərin cavablandırılmamasının səbəblərinin aydınlaşdırılması, İcra Hakimiyyəti başçısının qanunsuz təyinatının ləğv edilməsi, İcra Hakimiyyətindəki vakansiyaların qanunauyğun şəkildə müsahibəsinin keçirilməsinin təmin edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müraciətlərinə verilən cavabların əsaslılığının yoxlanılması, vəzifəli şəxslərə poçt vasitəsi ilə göndərilmiş müraciətlərin vəzifəli şəxslərə çatdırılmamasının səbəblərini, vəzifəli şəxslərə etdiyi müraciətlərin cavablandırılmamasının səbəblərinin aydınlaşdırılması, İcra Hakimiyyəti başçısının qanunsuz təyinatının ləğv edilməsi, İcra Hakimiyyətindəki vakansiyaların qanunauyğun şəkildə müsahibəsinin keçirilməsinin təmin edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-15019/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbi qeydimüəyyəndir. Bununla yanaşı, iddia ərizəsində cavabdeh qismində iki fərqli inzibati orqanı qeyd etməklə fərqli cavabdehlərə qarşı yönəlmiş müxtəlif tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Həmçinin ərizənin xahiş etdi hissəsində “vakansiyaların qanunauyğun şəkildə müsahibəsinin keçirilməsinin təmin edilməsi” və “pozulmuş hüquqlarının bərpa edilməsi” öhdəliyinin hansı cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. İddiaçıya iddia tələbindəki qeyri-müəyyənliyin aradan qaldırılması təklif olunmuş və tələbini dəqiqləşdirərək, konkret pozulmuş hüquqlarının nədən ibarət olduğunu qeyd etməklə, bir cavabdeh göstərməklə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Yardım məktubunda iddiaçıya qeyd olunanlara əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağının və müdafiəyə ehtiyacının nədən ibarət olmasını, qanunla qorunan hansı hüquqlarının pozulduğunu əsaslandırması və göstərilənlərə 5 gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə məhkəməyə ərizə ünvanlamış və ərizəsində iki bənddən ibarət tələb qoymuşdur. İddiaçı birinci bənddə müraciətlərinə rəsmi qaydada cavab verilmədiyini, həmin müraciətlərinə niyə cavab verilməməsinin hüquqi qaydada məhkəmə tərəfindən yoxlanılaraq həmin müraciətlərinə rəsmi cavab verilməsini tələb etmiş, pozulmuş hüquqlarının bərpasını xahiş etmiş, ikinci bənddə isə Cavabdeh tərəfindən onun müraciətlərinə verilən cavabların əsaslılığının yoxlanılması, vəzifəli şəxslərə poçt vasitəsilə göndərdiyi müraciətlərinin vəzifəli şəxslərə çatdırılmamasının səbəblərinin, vəzifəli şəxslərə etdiyi müraciətə cavab verilməməsinin səbəblərinin aydınlaşdırılması, İcra Hakimiyyəti başçısının qanunsuz təyinatının ləğv edilməsi, İcra Hakimiyyətindəki vakansiyaların qanuna uyğun şəkildə müsahibəsinin keçirilməsinin təmin edilməsi və onun pozulmuş hüquqlarının bərpa edilməsini, birinci və ikinci bənddə göstərilənlər barədə qərarlar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, həmçinin iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə iki müxtəlif cavabdehə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdehnə və digərlərinə qarşı “müraciətlərinə verilən cavabların əsaslılığının yoxlanılması, vəzifəli şəxslərə poçt vasitəsi ilə göndərilmiş müraciətlərin vəzifəli şəxslərə çatdırılmamasının səbəblərini, vəzifəli şəxslərə etdiyi müraciətlərin cavablandırılmamasının səbəblərinin aydınlaşdırılması, İcra Hakimiyyəti başçısının qanunsuz təyinatının ləğv edilməsi, İcra Hakimiyyətindəki vakansiyaların qanunauyğun şəkildə müsahibəsinin keçirilməsinin təmin edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar