Məhkəmə qərarları › İş №2-1(116)-948/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-948/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-948/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı "1980-1988, 1990, 1992-1996-cı illərdə Zərdab rayonu "Rusiya" kolxozunda işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə Zərdab rayonu Körpükənd kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. Onun xx.xx.1982-ci ildə Şəmsiyyə, xx.xx.1984-cü ildə Şərqiyyə, xx.xx.1986-cı ildə Nəsimi, xx.xx.1987-ci ildə Alim, xx.xx.1990-cı ildə Həcər və xx.xx.1994-cü ildə Turan adlı uşaqları olmuş, iddiaçı həmin uşaqları 8 yaşınadək tərbiyə etmişdir. O, 1980-1988, 1990, 1992-1996-cı illərdə Zərdab rayonu "Rusiya" kolxozunda işləmiş, xx.xx.1998-ci ildən etibarən isə Zərdab Rayon Mərkəzi Xəstəxanası Körpükənd KSX-da işləyir. İddiaçı xx.xx.2016-cı ildə pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona çoxuşaqlı ana kimi əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının 1980-1988, 1990, 1992-1996-cı illərdə sabiq "Rusiya" kolxozunda işləməyini təsdiq edən əmək kitabçası təqdim edilmədiyindən əmək pensiyasının təyin olunması mümkünsüzdür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 1980-1988, 1990, 1992-1996-cı illərdə sabiq "Rusiya" kolxozunda işlədiyi müddət əmək kitabçasında qeyd olunmasa da, Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 18 nömrəli arayışı ilə təsdiq edilir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********8 nömrəli etirazında bildirmişdir ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2016-cı ildən yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 il sosial sığorta stajı tələb olunur. İddiaçı xx.xx.2006-cı ilədək sabiq "Rusiya" kolxozunda işlədiyi arxiv arayışı ilə qəbul edilməyən 10 il 8 ay, Zərdab Rayon Mərkəzi Xəstəxanası Körpükənd KSX-da əmək kitabçası üzrə qəbul olunan 7 il 2 ay 9 gün sosial sığorta stajı vardır. Bundan başqa, sabiq Rusiya kolxozunda qadınlar üçün minimum adam günü norması 1980-1982-ci illərdə 180 adam günü, 1983-1996-cı illərdə 160 adam günü müəyyən olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1998-ci ildə 160 nömrəli əmrlə Zərdab Rayon Mərkəzi Xəstəxanası Körpükənd KSX-da xadimə işinə təyin edilmişdir. - İşdə olan, Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 18 nömrəli arxiv arayışından görünür ki, İddiaçı sabiq "Rusiya" kolxozunda 1980-cı ildə 60 adam/gün, 1981-ci ildə 30 adam/gün, 1982-ci ildə 178 adam/gün, 1983-cü ildə 150 adam/gün, 1984cü ildə 170 adam/gün, 1985-ci ildə 273 adam/gün, 1986-cı ildə 62 adam/gün, 1987-ci ildə 31 adam/gün, 1988-ci ildə 211 adam/gün, 1990-cı ildə 61 adam/gün, 1992-ci ildə 183 adam/gün, 1993-cü ildə 182 adam/gün, 1994-cü ildə 152 adam/gün, 1995-ci ildə 211 adam/gün, 1996-cı ildə 91 adam/gün işləmişdir. - İşdə olan, Zərdab Rayon İcra Hakimiyyəti başçısının Körpükənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 88 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1982-ci ildə Şəmsiyyə, xx.xx.1984-cü ildə Şərqiyyə, xx.xx.1986-cı ildə Nəsimi, xx.xx.1987-ci ildə Alim, xx.xx.1990-cı ildə Həcər və xx.xx.1994-cü ildə Turan adlı uşaqları olmuş və o, 8 yaşınadək uşaqlarını tərbiyə etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli **********8 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2016-cı ildən yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 il sosial sığorta stajı tələb olunur. İddiaçı xx.xx.2006-cı ilədək sabiq "Rusiya" kolxozunda işlədiyi arxiv arayışı ilə qəbul edilməyən 10 il 8 ay, Zərdab Rayon Mərkəzi Xəstəxanası Körpükənd KSX-da əmək kitabçası üzrə qəbul olunan 7 il 2 ay 9 gün sosial sığorta stajı vardır. Bundan başqa, sabiq Rusiya kolxozunda qadınlar üçün minimum adam günü norması 1980-1982-ci illərdə 180 adam günü, 1983-1996-cı illərdə 160 adam günü müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normalara uyğun olaraq, iddiaçı 6 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi xx.xx.2016-cı ildə (53 yaş) pensiya yaşına çatmışdır. Həmin tarixə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 10 il sığorta stajına malik olması kifayətdir. İddiaçının adına olan əmək kitabçasında göstərilmiş müddətin xx.xx.2006-cı ilədək olan 7 il 2 ay 9 gün hissəsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin imtinasının dəlili iddiaçının 1980-1988, 1990, 1992-1996-cı illərdə sabiq "Rusiya" kolxozunda işlədiyi müddətin onun əmək kitabçasında qeyd edilməməsindən ibarətdir. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda sadalanan maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının Zərdab rayonu "Rusiya" kolxozunda işləməsi onun əmək kitabçasında qeyd edilməsə də, müvafiq arxiv arayışı iş stajını təsdiq edən sənəd kimi qəbul edilməlidir. İddiaçının kolxozda işlədiyi dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrində deyilirdi ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, iddiaçı 1984, 1985, 1988, 1992, 1993, 1995-ci illərdə (cəmi 6 il) əmək iştirakı minimumunu tam yerinə yetirmişdir. O, 1980-ci ildə 60 adam/gün, 1981-ci ildə 30 adam/gün, 1982-ci ildə 178 adam/gün, 1983-cü ildə 150 adam/gün, 1986-cı ildə 62 adam/gün, 1987-ci ildə 31 adam/gün, 1990-cı ildə 61 adam/gün, 1994-cü ildə 152 adam/gün, 1996-cı ildə 91 adam/gün işləmişdir ki, minimum əmək iştirakı normasına görə bu faktik müddətin cəmi 4 il 10 ay təşkil edir. Göründüyü kimi, iddiaçının Zərdab rayon "Rusiya" kolxozunda işlədiyi müddətdə sosial sığorta stajı (6 il+4 il 10 ay) 10 il 10 ay təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayətdir. Ona görə də cavabdeh həmin müddəti iddiaçının sosial sığorta stajına daxil etməli idi. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, iddiaçının 1980-1988, 1990, 1992-1996-cı illərdə sabiq "Rusiya" kolxozunda işlədiyi müddətin bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1980-1988, 1990, 1992-1996-cı illərdə Zərdab rayonu "Rusiya" kolxozunda işlədiyi 10 il 10 ay müddətin (1984, 1985, 1988, 1992, 1993, 1995-ci illər tam, 1980-1983, 1986, 1987, 1990, 1994, 1996-cı illər isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zərdab rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar