Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-950/2022 18.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı1 cavabdeh İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına qarşı “İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının qeyri-qanuni işdən azad edilməsi barədə çıxardığı qərarın ləğvi, maddi məsul şəxslərin üzərinə İddiaçı1 yenidən işə bərpa olunması öhdəliyinin qoyulması və ona dəymiş 3.000 (üç min) manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının qeyri-qanuni işdən azad edilməsi barədə çıxardığı qərarın ləğvi, maddi məsul şəxslərin üzərinə İddiaçı1 yenidən işə bərpa olunması öhdəliyinin qoyulması və ona dəymiş 3.000 (üç min) manat maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı 21.09.2012-ci ildə İsmayıllı Rayon Mərkəzi Xəstəxasının firoterapiya şöbəsinə xadimə vəzifəsinə təyin edilmişdir. 01.11.2013-cü ildə həmin vəzifədən Kürdmaşı kənd məntəqəsinin sürücüsü vəzifəsinə keçirilmişdir. Ondan sonra 01.04.2014-cü il tarixdə sürücü olaraq onunla bağlanan əmək müqaviləsinə xəstəxanada başqa işlə təmin edilmək adı altında xitam verilərək hüquqları pozulmuşdur. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya 25.02.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 13-cü maddəsinə əsasən, mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilmiş və məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə yazılı münasibət bildirilməsi təklif olunmuşdur. Yardım məktubu 14.03.2022-ci il tarixdə alınmasına baxmayaraq iddiaçı tərəfindən yardım məktubunda qeyd edilənlərlə bağlı münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, “mübahisələndirmə haqqında” iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə bildirir ki, hər hansı əmək mübahisəsinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməsi üçün İPM-in 8.1.3-cü maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin maddəyə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Sözügedən normanın hüquqi təhlili göstərir ki, əmək mübahisəsinin inzibati xarakterli sayılması və ona inzibati məhkəmələrdə baxılması üçün: 1) cavabdeh inzibati orqan olmalı; 2) iddiaçı hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu olmalı; 3) mübahisə mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmalıdır. Lakin işdən göründüyü kimi, İPM-in 8.1.3-cü maddəsinin iddia tərəfinə dair şərti iş üzrə yerinə yetirilmir. Belə ki, iş üzrə iddiaçı hakim, hərbi qulluqçu və “Dövlət qulluğu haqqında” AR Qanununun 2.1, 7.1, 9 və 14.2-ci maddələri anlamında dövlət qulluqçusu deyil, onun əvvəl tutmuş olduğu və indi bərpa olunmasını istədiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin 04.09.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmamışdır. Belə ki, hazırkı iddia üzrə cavabdeh İsmayıllı Rayon Mərkəzi Xəstəxanası inzibati orqan deyil və eyni zamanda onunla iddiaçı arasında yaranan əmək münasibətləri dövlət qulluğu deyil, ümumi əmək hüquq münasibətlərinə aiddir və iddiaçı dövlət qulluqçusu hesab edilmir. Odur ki, hazırkı iddia tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. “Dövlət qulluğu haqqında” AR Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Başqa aidiyyət qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasındakı əmək hüquq münasibətləri mülki hüquqi xarakterli olduğundan, bu münasibətlərdən irəli gələn, o cümlədən, hazırkı işdə olduğu kimi, iddiaçının qərarın ləğvi və vəzifəyə bərpa olunmasından ibarət tələbinə dair mübahisəyə iddiaçı dövlət qulluqçusu olmadığından mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3). Məhkəmə Plenumun tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “Dövlət qulluğu haqqında” AR Qanununun 2.1, 7.1, 9 və 14.2-ci maddələri anlamında dövlət qulluqçusu, onun əvvəl tutmuş olduğu və hazırda yenidən bərpa olunmaq istədiyi vəzifə dövlət qulluğu vəzifəsi olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı1 cavabdeh İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına qarşı “İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının qeyri-qanuni işdən azad edilməsi barədə çıxardığı qərarın ləğvi, maddi məsul şəxslərin üzərinə İddiaçı1 yenidən işə bərpa olunması öhdəliyinin qoyulması və ona dəymiş 3.000 (üç min) manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-950/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-950/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver