Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-950/2025 05.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə (yaşayış yeri: Qəbələ rayonu, Nic qəsəbəsi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Qəbələ rayonu, Nic qəsəbəsi) cavabdeh – Cavabdehnə (yerləşdiyi yer: Qəbələ rayonu, Nic qəsəbəsi) qarşı «qərarın ləğv edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Cavabdeh 24 noyabr 2007-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində bələdiyyənin ehtiyat fondundan 0,30 ha torpaq sahəsi həyətyanı və bağ salmaq məqsədilə alqı-satqı ilə satılmış, 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə icarəyə verilmişdir. Bundan sonra Cavabdeh 15 iyun 2024-cü il tarixli iclasında İddiaçı 0,70 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin və 0,30 ha torpaq sahəsinin satılmasına dair aktın ləğv edilməsi barədə 7 nömrəli qərar qəbul etmişdir. Bələdiyyənin 15 iyun 2024-cü il tarixli 7 nömrəli qərarında Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsindən bələdiyyəyə ünvanlanmış məktuba istinad olunmuş və həmin məktubun icrası istiqamətində tədbir kimi alqı-satqı aktı və icarə müqaviləsi ləğv edilmişdir. İdarənin məktubunda bildirilir ki, Nic bələdiyyəsinin İddiaçı torpaq sahəsi ayrılması barədə 24 noyabr 2007-ci il tarixli qərarı qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur, yəni həyətyanı və bağ salmaq məqsədilə ayrılmış torpaq sahəsinin ölçüsünün qanunla müəyyən edilmiş həddi (0,12 ha) gözlənilməmiş, torpaq sahəsi hərrac və müsabiqədən kənar qaydada icarəyə verilmişdir, halbuki, yalnız hərrac və ya müsabiqə vasitəsilə ayrıla bilərdi. İddiaçı Şəki İnzibati Məhkəməsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Cavabdeh 15 iyun 2024-cü il tarixli 7 nömrəli qərarının ləğv edilməsi və müvafiq torpaq sahəsinə dair reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi tələbini irəli sürərək iddia ərizəsi təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə icraatının gedişində iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizəsində cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin Cavabdeh ilə əvəz olunmasını və iddianın dəyişdirilərək «cavabdehin 15 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 4 sentyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi Cavabdeh ilə əvəz edilmiş və iddia dəyişdirilərək «cavabdehin 15 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi» kimi qəbul olunmuşdur. İddiaçı tələbini belə əsaslandırır ki, uzun müddətdir torpaq sahəsindən müqavilədə qeyd olunduğu kimi, təyinatı üzrə istifadə edir, torpağa aqrotexniki qulluq göstərir, torpağı tam keyfiyyətli və münbit vəziyyətə gətirmişdir. Satılmış torpaq sahəsinin dəyərini ödəmişdir. Torpaqların alqı-satqısı barədə akt tərtib edilmiş və həmin sənədi DTXK Qəbələ rayon şöbəsi 24 dekabr 2008-ci il tarixdə qeydə almışdır. Bu ərəfələrdə ona məlum olmuşdur ki, Şəki Regional Ədliyyə İdarəsi Nic bələdiyyəsinə ona torpaq sahəsi ayrılması barədə qərarların ləğvi ilə əlaqədar təklif ünvanlamışdır. Həmin təkliflə bağlı hansı qərarların qəbul olunduğu barədə dəqiq məlumatı yoxdur. Bu səbəbdən o (iddiaçı), Nic bələdiyyəsinə müraciət etmişdir. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Cavabdeh inzibati orqan Cavabdeh iddia ilə bağlı bildirir ki, Nic bələdiyyəsinin 1 avqust 2005-ci il tarixli 12 saylı qərarı ilə X2 ilə bələdiyyənin ehtiyat fondundan 1 ha torpaq sahəsinin 5 illik icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin müddəti bitmədən həmin şəxs torpaq sahəsini öz aralarında razılaşma yolu ilə qayınatası İddiaçı satmışdır. Bələdiyyənin 1 avqust 2005-ci il tarixli 12 saylı qərarı ləğv edilmədən və X1 imtina ərizəsi olmadan 24 noyabr 2007-ci il tarixli iclasın 14 saylı qərarı ilə sözügedən 1 ha torpaq sahəsinin 0,70 ha hissəsi İddiaçı icarəsinə verilmiş və onunla 29 dekabr 2007-ci il tarixli torpaq icarəsi bağlanmışdır. Qalan 0,30 ha torpaq sahəsi 24 noyabr 2007-ci il tarixli iclasın 14 saylı qərarı ilə həyətyanı və bağ salmaq məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. 2007-ci ildə qüvvədə olan «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin həmin Qanunun hazırda qüvvədə olan 8-ci maddəsinin tələblərinə görə xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən ortaq torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün təlabat nəzərə alınmaqla qəsəbə və kəndlərdə 0,12 ha normasıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, bələdiyyə sahə rəisi vasitəsilə ona məlumat göndərmişdir ki, bələdiyyə torpağına qanunsuz daxil olmuşdur. İddiaçıya bələdiyyə qərarının ləğvi ilə bağlı icraat aparılması barədə hər hansı məlumat verilməmişdir. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdehin mübahisələndirilən qərarı – inzibati aktı 15 iyun 2024-cü il tarixə, iddia ərizəsinin verilməsi isə 13 avqust 2024-cü il tarixə, yəni qərarın qəbulundan 30 gündən artıq müddət sonraya təsadüf etsə də, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə 15 iyun 2024-cü il tarixli qərara münasibətdə mübahisələndirmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Belə ki, məhkəmə icraatında iddiaçının mübahisələndirilən 15 iyun 2024-cü il tarixli qərar barədə 14 iyul 2024-cü il tarixdən əvvəlki dövrdə məlumatlandırılması ilə bağlı xüsusat müəyyən edilmir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yerləşir. Digər tərəfdən də iddia “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, məhkəmənin qənaətinə görə mübahisəyə həm müvafiq daşınmaz əmlakın, həm də Cavabdeh yerləşdiyi yer üzrə səlahiyyətli məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1 və 8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh 15 iyun 2024-cü il tarixli 7 nömrəli qərarı qanunsuzdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; (5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, (12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (13) torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin maddənin 2-ci bəndinə görə bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin maddənin 3-cü bəndinə görə bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada) Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «İnzibati icraat haqqında» Qanunun 21-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə Cavabdeh həyata keçirdiyi “24 noyabr 2007-ci il tarixli qərarın ləğv edilməsi” üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - Torpaq sahəsinin ayrılması barədə 24 noyabr 2007-ci il tarixli qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirilir. Hazırkı işdə 24 noyabr 2007-ci il tarixli qərarın ləğv edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərarın qanuniliyinin araşdırılması barədə inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin (hazırkı iddiaçının) məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur; - Nəzərə alınmalıdır ki, Cavabdeh 24 noyabr 2007-ci il tarixli qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən, hazırkı İddiaçı qanunla qorunan etimadı mövcuddur. 24 noyabr 2007-ci il tarixli 7 nömrəli qərarın həm də adıçəkilən Qanunun 67.5-ci maddəsində qeyd olunan “başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurması” halları da müəyyən edilmir. Odur ki, cavabdeh iddiaçıya torpaq sahəsi ayrılması barədə 24 noyabr 2007-ci il tarixli 7 nömrəli qərarını 15 iyun 2024-cü il tarixdə, yəni 16 il 6 aydan sonra ləğv etməklə qeyd olunan Qanunun 67.12-ci maddəsinin tələblərini pozmuşdur. 24 noyabr 2007-ci il tarixli 7 nömrəli qərar hətta qanunsuz olsa belə («Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinin tələbləri baxımından), həmin qərarın ləğv edilməsinin mümkünlüyü üzrə 1 illik müddət ötmüşdür. - Mahiyyətinə görə cavabdehin mübahisə predmeti olan 15 iyun 2024-cü il tarixli qərarı iddiaçının torpaq sahəsi üzərində bir hissədə icarə hüququna, bir hissədə mülkiyyət hüququna xitam verilməsini ehtiva edir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi torpaq sahəsi üzərində bu hüquqlara xitam verilməsi üzrə hallarının dairəsini konkret müəyyən etmişdir. Lakin Cavabdeh 24 noyabr 2007-ci il tarixli qərarın ləğvi üzrə dəlilləri həmin maddədəki halların hər hansı biri ilə uzlaşmır. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, İddiaçı torpaq sahəsi ayrılması barədə 24 noyabr 2007-ci il tarixli 7 nömrəli qərarın ləğv edilməsi üzrə inzibati orqan Cavabdeh apardığı inzibati icraat qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 15 iyun 2024-cü il tarixli 7 saylı qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh 15 iyun 2024-cü il tarixli 7 saylı qərarı ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(116)-950/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-950/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver