Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-951/2021 29.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X10, X2, X9, X3) qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X10, X2, X9, X3) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, o, Zaqatala rayonunun Muxax kəndində yerləşən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1998-ci ildən istifadə edir. Aqrar islahat aparılan zaman komissiya üzvləri və sonradan bələdiyyə tərəfindən ona bildirilmişdir ki, həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə verilib. İddiaçı isə qeyd edilən torpaq sahəsinin vergilərini ödəmiş, orada 2012-ci ildə fındıq kolu əkmiş, həmçinin ötən müddət ərzində ağaclara qulluq etmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan 0.16 ha torpaq sahəsinə əsassız olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına plan-ölçü sənədi tərtib edilmiş, torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Bu səbəblə də iddiaçı B.Məmmədovun adına tərtib edilmiş plan-ölçü sənədinin, həmçinin reyestrdə aparılmış qeydiyyatın və tərtib edilmiş çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya 03.12.2021-ci il tarixdə yardım məktubu göndərilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvini tələb etdiyi plan-ölçü sənədlərinin verilməsinə əsas olmuş Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş plan-ölçü sənədləri mübahisələndirilə bilməz. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt təyin edilmişdir. Yardım məktubu iddiaçı tərəfindən 10.12.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, məktubda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə iddiaçı tərəfindən münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbində ləğv edilməsi tələb edilən X7 məxsus torpaq sahəslərinə dair 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar X4 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 486957 və A seriyalı 485485 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əsasında verilmişdir. Komitə tərəfindən tərtib edilən A seriyalı 486957 və A seriyalı 485485 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindən isə görünür ki, sənədlərdə qeyd edilən 4699 kv.m və 4014 kv.m torpaq sahələri X8 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə verilmişdir. Odur ki, iddianın müddətlər baxımından həllində Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. X6 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin bununla bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X6 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X16 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X6 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İş materiallarında olan cavabdeh orqanın 02.07.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə İddiaçı və digərlərinin (5 nəfərin) ümumibirgə mülkiyyətinə verilmiş və həmin qərara əsasən İddiaçı adına Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən A№ 486959 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin hüquqmüəyyənedici və digər sənədlər əsasında İddiaçı və digərlərinin 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 23.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə iş üzrə 3-cü şəxs X4 və digərlərinin (5 nəfərin) ümumibirgə mülkiyyətinə verilmiş və həmin qərara əsasən X5 adına Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən A№ 486957 və 485485 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Həmin hüquqmüəyyənedici və digər sənədlər əsasında X5 və digərlərinin 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində ümumbirgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 19.10.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilmişdir. İddia ərizəsində iddiaçılara verilmiş Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayonu Muxax kəndi üzrə Ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə verilmiş məlumatlarda (arxiv fondunda, torpaq islahatının nəticələri barədə xəritələrdə) öz əksini tapmamış və həmin torpaq sahəsinə dair sənəd aşkar edilməmişdir. Yuxarıda qeyd edilən cavabdeh orqanın etiraz məktubundan da göründüyü kimi iddaçı iddia ərizəsində 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilməsini qeyd etməsinə baxmayaraq, bu hal ərazi idarəsinin xidməti istifadəsinə verilmiş məlumatlarda öz əksini tapmamış, həmçinin iddiaçı bu faktı təsdiq edən hüquq müəyyənedici sənədlər təqdim edə bilməmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 №-li qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan onun əsasında verilmiş plan-ölçü sənədləri, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mübahisələndirilməsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X10, X2, X9, X3) qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən X4 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-951/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-951/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver