Məhkəmə qərarları › İş №2-1(116)-951/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-951/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-951/2022 16.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.05.2022-ci il tarixli qərardadı ilə X1 isə üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanındakı yaşayış sahəsi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus mənzildən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı tələb hüququnu mənzilin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxsin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüququnun olmaması ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 04.04.2022-ci il tarixli məktubundan görünür ki, X2 məxsus ərizəanket qovluqlarının saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən sənədlərin surətlərinin təqdim edilməsi mümkün olmamamışdır. - ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. - “ASAN Mingəçevir” tərəfindən verilmiş 21.12.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Məlahət Məmmədova iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. - 24.12.2021-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Bayramova X4 şəhəri, Nəriman Nərimanov prospekti ev 33, mənzil 7 ünvanında yerləşən mənzili iddiaçıya satmışdır. - “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X3 29.01.2022ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. İddiaçı, məhkəməyə təqdim etdiyi ərizəsində səhhətilə bağlı iştirak edə bilmiyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin və qeyd edilən üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. X6 hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 4cü bəndinə əsasən öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, X3 29.01.2022-ci il tarixdə vəfat etdiyindən və qeyd edilən əsas üzrə şəxsin qeydiyyatdan çıxarılması birbaşa qanunvericiliklə tənzimləndiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi tamamilə əsassız olmuşdur. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi inzibati orqanın işin bütün hallarının araşdırılması vəzifəsi birbaşa Qanundan irəli gəlməsinə baxmayaraq o, üçüncü şəxslərlə bağlı məlumatların araşdırılmasına heç bir təşəbbüs göstərməmiş, X3 29.01.2015-ci il tarixdə vəfat etdiyi halda iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, Məlahət Məmmədovanın iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, həmin şəxsin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məlahət Məmmədovanın iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X1 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar