Məhkəmə qərarları › İş №2-1(116)-952/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-952/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-952/2021 06.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinin sədri Cavabdeh qarşı “bələdiyyələrin nümunəvi reqlamentinə uyğun olaraq bələdiyyə iclaslarında bələdiyyə üzvü kimi iştirakının təmin edilməsi ilə əlaqədar, bələdiyyə sədri Cavabdeh üzərinə öhdəlik qoylması” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinin sədri Cavabdeh qarşı məhkəməyə müraciət edərək, bələdiyyələrin nümunəvi reqlamentinə uyğun olaraq bələdiyyə iclaslarında bələdiyyə üzvü kimi iştirakının təmin edilməsi ilə əlaqədar, bələdiyyə sədri Cavabdeh üzərinə öhdəlik qoylması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində Oğuz rayon Filfilli bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyənin 18.01.2020-ci il tarixdə keçirilmiş birinci iclasında bələdiyyə üzvləri hamılıqla səs verərək bələdiyyə üzvü Cavabdeh Filfilli bələdiyyəsinin sədri vəzifəsinə seçib. Bələdiyyələr tərəfindən bələdiyyə iclaslarının vaxtında keçirilməsi, bələdiyyə üzvlərinin iclasın keçirilməsi barədə məlumatlandırılması yə iclas protokollarının qanunauyğun tərtib olunması qaydaları "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin və nümunəvi reqlamentin tələblərinə uyğun olaraq həyata keçirilir. Qaydalara uyğun olaraq bələdiyyə iclası ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidir. Bələdiyyənin iclası, iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Lakin bələdiyyə sədri kimi Cavabdeh fəaliyyətə başlamasından bir ildən çox keçməsinə baxmayaraq məlum olmayan səbəblərdən bələdiyyə iclasına dəvət olunmamaqla bələdiyyə üzvü kimi qanunla təsbit olunmuş hüquqları pozulub. Bələdiyyə iclaslarına dəvət olunmamaqla əlaqədar 03.04.2020-ci il tarixdə sifarişli məktubla bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri 07.04.2020-ci il tarixli 15 nömrəli cavab məktubunda rəsmi qaydada iddiaçıya bildirmişdir ki, bələdiyyə üzvlərindən azı 5 nəfər iclasda iştirak edirsə yetərlidir, qərar və təkliflər qəbul edilir. 15.04.2020-ci il tarixdə sifarişli məktubla ikinci dəfə iclaslara dəvət olunmamaqla bağlı bələdiyyə sədrinə müraciət etmişdir. Bu müraciətinə cavab verilməyib. Aradan xeyli müddət keçdikdən sonra vəziyyətlə əlaqədar 26.11.2020-ci il tarixdə Şəki Regional Ədliyyə idarəsinə rəsmi qaydada müraciət etmişdir. 19.01.2021-ci il tarixli 2-1/N-455 nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, bələdiyyənin fəaliyyətinin, hazırda qüvvədə olan qanunvericilik aktlarının, o cümlədən bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquq normalarının tələblərinə uyğun qurulması, bələdiyyədə normal iş fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilməsi barədə bələdiyyə sədri Cavabdeh müvafiq tövsiyyə verilmişdir. Bələdiyyə sədri tərəfindən bələdiyyə üzvi kimi onun hüquqları pozulub. Seçki prosesində iddiaçıya səs vermiş seçiciləri maraqlandıran məsələlər barədə bələdiyyə iclaslarından xəbərsiz olması səbəbilə söz deyə bilmir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 24.05.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, fiziki şəxslər (inzibati orqan olması halı istisna olmaqla) inzibati prosesdə cavabdeh qismində çıxış edə bilməzlər. Həmçinin nəzərinə çatdırılmışdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri İPM-in 2-ci maddəsində öz əksini tapmışdır. İddiaçının hazırkı iddia tələbi isə həmin iddia növlərindən heç birinə aid olmamaqla bərabər, bələdiyyələrin fəaliyyəti və işinin təşkili ilə bağlı olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Odur ki, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Cavabdeh və ya Oğuz rayon Filfilli bələdiyyəsinin çıxış etməsindən asılı olmayaraq, iddianın inzibati qaydada baxılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən, Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi iddiaçının diqqətinə çatdırılmış və göstərilənlərə münasibət bildirməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu iddaçı tərəfindən 31.05.2021-ci il tarixdə sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə şəxsən imza edilməklə qəbul olunmuş, lakin məktuba müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq münasibət bildirilməmişdir. İddia ərizəsindən və xəbərnamədən görünür ki, hər iki imza eyni şəxs tərəfindən icra edilmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:

1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);

2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);

3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);

5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);

6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);

7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;

8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;

9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə, bələdiyyə inzibati orqan sayılsa də, bələdiyyə sədrinə qarşı belə bir iddianın inzibati qaydada qaldırılması yolverilməzdir. Belə ki, bələdiyyə sədri bələdiyyənin vəzifəli şəxsi olmaqla, ayrıca inzibati orqan qismində inzibati akt qəbul etmək səlahiyyətinə malik fiziki şəxs kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, məhkəmə araşdırması ilə müəyyən edilir ki, hazırkı iddia İPM-in 2-ci maddəsində təsbit edilmiş iddia növlərinə aid olmamaqla yanaşı, bələdiyyələrin fəaliyyəti və işinin təşkili ilə bağlı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda sözügedən Qərarın 14.2-ci bəndində göstərilmişdir ki, inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Bu baxımdan hazırkı iddiaya bələdiyyə sədrinin bələdiyyənin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qəbul etmiş olduğu idarədaxili aktın mübahisələndirilməsi mövqeyindən yanaşılsa belə, iddia mümkün sayılmamalıdır. Beləliklə, iş materiallarını iddianın mümkünlük şərtləri baxımından araşdıran məhkəmə hesab edir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi yaxud həmin aktların etibarsızlığının tanınması (qanunsuz sayılması) barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin, işdən müəyyən edilir ki, cavabdeh inzibati orqan deyil. Bunula bağlı iddiaçının dinlənilmə hüququnun təmin edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarının 3.4-cü bəndinin tələblərinə müvafiq olaraq məhkəmənin apardığı yazışmalar vasitəsilə yerinə yetirilsə də, iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı düzgün cavabdehə qarşı qanunvericiliyin tələbləri nəzərə alınmaqla yenidən ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinin sədri Cavabdeh qarşı “bələdiyyələrin nümunəvi reqlamentinə uyğun olaraq bələdiyyə iclaslarında bələdiyyə üzvü kimi iştirakının təmin edilməsi ilə əlaqədar, bələdiyyə sədri Cavabdeh üzərinə öhdəlik qoylması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar