Məhkəmə qərarları › İş №2-1(116)-953/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-953/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-953/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Balakən Rayon Hərbi Komissiarlığı tərəfindən 21.03ş 1992-ci il tarixdə könüllü olaraq hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak edərkən sağ ayağının topuq nahiyəsindən güllə yarası almış, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Hərbi Dəniz Qüvvələrinin hospitalında müalicə almış, müalicəni davam etdirmək üçün xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Balakən rayon Katex kənd xəstəxanasında müalicə almış, Müalicə bitdikən sonra hərbi hissəyə bir daha geri qayıtmamışdır. Barəsində Azərbaycan Respublikası Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2004-cü il tarixli d-2477 saylı məktubuna əsasən CPM-in 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanması şəraitin dəyişdirilməsinə görə rədd edilmişdir. xx.xx.2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsində qeydiyyatda olmağı qeyd edilmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda xidmətdə olmuş və 21 mart 1992ci il tarixdə təkrar Milli orduya xidmətə çağrılaraq N saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətdə olduğuna dair Balakən rayon Hərbi komisarlığı tərəfindən 070904 nömrəli xx.xx.2005-ci il tarixli hərbi bilet verilmişdir. Qanuni hərbi xidmətdə olmuş və orada yaralanmış, lakin, tərəfindən Dövlət orqanlarına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizələr göndərilərək veteran adının verilməsini xahiş etsə də, tərəfindən göndərilmiş sənədlərə məhəl qoymayaraq şablon eyni məzmunlu cavablar göndərilərək imtina edilmişdir. Məlum olduğu kimi iş üçün kifayyət qədər əhəmiyyət kəsb edən mötəbər sübutlar və sənədlər vardır. Beləliklə də, əldə olunmuş bütün yazışmalar və tibbi sənədlər şəxsin məhkəmə qaydasınsa müharibə veteranı adının verilməsinə əsas vardır. Beləliklə də bunun məhkəmədən kənar həllinə nail olmaq imkanı yoxdur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin arayışından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Qarabağ Hərbi Prokurorunun 08.11,2004-cü il tarixli d-2477 saylı məktubuna əsasən Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsi ilə cinayət işinin başlaması şəraitin dəyişməsinə görə rədd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 237 nömrəli məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Balakən rayon Katex kənd sakini İddiaçı xx.xx.1988ci il tarixində keçmiş Balakən rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Balakən rayon Hərbi Komissarlığı tərəfindən qismən səfərbərliklə N saylı hərbi hissənin tərkibinə cəlb edilmiş və N saylı hərbi hissə tərkibində Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hərbi vəzifəli İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Qarabağ Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsinə görə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı 06.01,2005-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatında durur. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HPxx/xx-3587 nömrəli məktubundan görünür ki, 1992-ci ilin mart ayından iyul ayına kimi N nömrəli hərbi hissədə xidmət etmiş və Ağdam rayonu ərazisində gedən döyüş zamanı güllə yarası almış vətəndaş İddiaçı müalicə olunduqdan sonra xidmət yerinə qayıtmadığından onun barəsində Qarabağ hərbi prokurorluğu tərəfindən araşdırma aparılmış İddiaçı həmin əməlində Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsinin tərkibi olduğundan xx.xx.2004-cü il tarixdə barəsində CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ağdam Prokurorluğunun xx.xx.2022-ci il tarixli 18/3438 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda xx.xx.2004-cü il tarixdə CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa vətəndaş İddiaçı barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi, təqsirləndirici material və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2022-ci il tarixli teleqram vuraraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı tərəfindən cavabdeh orqanın imtina cavabı iş materiallarına əlavə edilməsə də, cavabdeh orqanın iddia tələbinə etirazında (2-ci səhifə 6-cı abzas) Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Odur ki, məhkəmə iddia tələbinin cavabdeh orqana ilkin müraciətlə bağlı xüsusi mümkünlük şərtinə cavab verməsi qənaətinə gəlir. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HPxx/xx- 3587 nömrəli məktubundan görünür ki, iddiaçı 1992-ci ilin mart ayından iyul ayına kimi N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, məhkəmə iddiaçının xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı şərt sübuta yetirilmir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı N saylı hərbi hissə tərkibində Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hərbi vəzifəli İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Qarabağ hərbi prokurorluğu tərəfindən araşdırma aparılmış Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsinə görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından və barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən şəraitin dəyişməsinə görə cinayət işinin başlanması rədd edilməsi ilə bağlı qərar qəbul edildiyindən cavabdehin “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar