Məhkəmə qərarları › İş №2-1(116)-954/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-954/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-954/2020 24.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin X1 Dövlət Agentliyinə qarşı “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin X1 Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin X1 Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət-zəlzələdən dağılan Balakən rayonu Qazma kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tikilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə bərabər Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus evdə yaşayır. 13-xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikasının şimal-qərb zonasında baş vermiş zəlzələ zamanı bir çox evlər kimi iddiaçıya məxsus ev də tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus evə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Lakin hal-hazıradək həmin rəy iddiaçıya açıqlanmamışdır. İddiaçı dəfələrlə aidiyyəti qurumlara bununla bağlı müraciət etsə də, ona bildirmişlər ki, FHN-nin müvafiq komissiyasının rəylərinin zamanla açıqlanacaq və nəzərdə tutulmuş işlər mərhələli şəkildə həyata keçiriləcəkdir. İddiaçı yenidən 2019-cu ildə qəzalı vəziyyətdə olan evinin tikilib verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2019-cu il tarixli 37/Kd-04467 nömrəli məktubla bildirmişdir ki, FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, “Balakən rayonunda 2012-ci ildə baş verən təbii fəlakət zamanı dağılan Balakən rayonu Qazma kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini məhkəmədən xahiş etdi. Həmin tarixli məhkəmə iclas protokoluna əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, 2012-ci ilin may ayının 7-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə X1 Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmiş, həmin tədbirlər çərçivəsində 58.338 fərdi yaşayış evinə, 302 çoxmənzilli binalara və 516 ictimai sosial obyektlərə baxışlar keçirilmiş, onlardan 5.263 fərdi yaşayış evi, 36 məktəb və 2 uşaq bağçası sökülüb yenidən tikilmiş və zəlzələdən ziyan çəkmiş 7.478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq birdəfəlik yardımlar ödənilmişdir. İddiaçıya məxsus evə baxış keçirilmiş və xx xxxx 2013-cü il tarixində tərəflərindən baxış aktı həyat yoldaşı X3 adına tərtib olunmuşdur. Həmin Akta uyğun olaraq iddiaçının evi təmir kimi qeyd olunub. Mübahisələndirmə haqqında iddia tələbinə dair iddia müddətinin ötməsinə görə hesab edirlər ki, İnzibati Prosessual Məcəlləsinin 33 və 38.1 -ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılması üçün hüquqi əsas yoxdur. Eyni zamanda İcbari sığortalar haqqında Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan FHN TTNDA-nin “Azərinşaatlayihə” DBLKTİ-nun mühəndisi, FHN TTNDA-nin “Azdövlətlayihə” DBLİ-nin aparıcı mühəndisi və Balakən RİHB-nın Qazma kənd İƏD üzrə nümayəndəsinin tərtib etdikləri xx.xx.2013-cü il tarixli “Baxış Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, fərdi yaşayış evinin tikiş hissələrində çat, suvaq çatları müşahidə edilmiş və təmirə ehtiyac olduğu qeyd edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtina məktubu, xx.xx.2020-ci i l tarixli çıxarışın surəti, xx.xx.2020-ci il tarixli “Texniki pasport”un təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli etiraz məktubu, xx.xx.2013-cü il tarixli baxış aktının təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün və mahiyyət etibarilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmış və hazırki tələbə cavab verməli inzibati orqan kimi düzgün olaraq məhz Fövqəladə Hallar Nazirliyinin X2 Dövlət Agentliyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2012ci il tarixdə Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında bir çox yaşayış evlərinə, sosial infrastruktur obyektlərə dəymiş ziyanın aradan qaldırılması Fövqəladə Hallar Nazirliyinə həvalə edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117 nömrəli sərəncamına əsasən ona vəsait ayrılmışdır. Fövqəladə Hallar Nazirliyi isə bu vəzifələrini X2 Dövlət Agentliyinin vasitəsi ilə həyata keçirir ki, bu da işin mübahisəsiz halıdır. Eyni zamanda bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən inzibati orqana müraciət edib-etməməsidir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli mütəxəssislər tərəfindən tərtib edilmiş Aktın təsdiq edilmiş surətindən, həmçinin fərdi yaşayış evinin fotoşəkillərindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüşdür və hal hazırda da qəzalı vəziyyətdədir. Lakin cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 37/Kd-04467 nömrəli imtina məktubunda bildirilir ki,FHN-nin komissiyaları tərəfindən Balakən rayonu ərazisində zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş, müvafiq aktlar tərtib edilmiş, və tərtib olunmuş aktlara əsasən iddiaçının fərdi yaşayış evinin konstruktiv elementlərinə zəlzələ nəticəsində ciddi ziyan dəymədiyinə görə ona hər hansı bir köməklik göstərilməsi səlahiyyətləri xaricindədir. Beləliklə də, iddiaçı və cavabdeh arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxx 2012-ci il tarixli, 117s nömrəli sərəncamı ilə baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılmışdır. Cavabdehhaqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agnetliyin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin üzərinə İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar