Məhkəmə qərarları › İş №2-1(116)-954/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-954/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-954/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki şəhəri, S.Rəhman küçəsi, ev 76/28) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) (üçüncü şəxs – Şəki rayonu Orta Zəyzid bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Şəki rayonu, Orta Zəyzid kəndi) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Şəki bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclas protokolu (qərarı) ilə İddiaçı 184 kv.m torpaq sahəsi satılmışdır. Qərar qəbul olunarkən DTXK Şəki rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına münasibəti nəzərə alınmışdır. Torpağın dəyəri bələdiyyənin bank hesabına köçürülmüşdür. İddiaçı həmin qərar əsasında ona ayrılmış 184 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 29 iyul 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını “torpaq sahəsinin alqı-satqısına dair aktın qanunvericiliyin tələbləri pozulmaqla verilməsi” ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 2 oktyabr 2024-cü il tarixli qərardadı ilə Şəki rayonu Orta Zəyzid bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclas protokolu (qərarı) ilə ona satılmış 184 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh imtina etsə də, imtinada istinad olunan hal təqdim edilmiş sənədlərin mötəbərliyinə əsas olmamaqla hüquqların qeydiyyatından imtina olunması üçün müəyyənləşdirilmiş qanuni əsaslarla eynilik təşkil etmir. Cavabdeh imtinasını yetərli araşdırma aparmadan vermişdir. Bələdiyyənin qərarı mübahisə predmeti olmamışdır və hazırda da qüvvədədir. Torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, İddiaçı Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin qərarı ilə ona satılmış 184 kv.m torpaq sahəsinə dair reyestrdən çıxarışın, plan və ölçünün verilməsi ilə bağlı nümayəndəsi vasitəsilə yazılı şəkildə İdarəyə müraciət etmiş, lakin müraciətə əlavə olunan sənədlərin yoxlanılması zamanı “Torpaq sahəsinin alqı-satqısı”na dair aktın 1 dekabr 2007-ci il tarixdən sonra (30 oktyabr 2009-cu il tarixdə) tərtib olunduğu və qeydə alındığı, bununla əlaqədar aktın tarix qrafasında yazıya diyircəkli qələmlə düzəliş edildiyi müşahidə olunmuşdur. Bu səbəbdən ərizəçiyə 29 iyul 2024-cü il tarixli imtina məktubu verilmişdir. Göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2, 9.6-cı maddələrinə əsaslanaraq, İddiaçı 184 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması qanunamüvafiq hesab olunmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (və vəkili) gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şəki rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci tarixli 10 saylı iclasının protokolu (qərarı) ilə satılmış 184 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyənin qeyd olunan tarixli iclasında Orta Zəyzid kənd sakini İddiaçı müraciəti, DTXK Şəki rayon şöbəsinin 23 oktyabr 2002-ci il tarixli rəyi və ayrılacaq torpaq sahəsinin sxematik planı nəzərə alınaraq, onun mülkiyyətinə Orta Zəyzid kəndinə gedən yolla Şəki – Oğuz şosse yolunun kəsişməsinin şimal-şərqindən KPİ-nin torpaqlarından əvvəllər inşa olunmuş yeməkxana kimi istifadə etdiyi bina da daxil olmaqla binaya bitişik yardımçı otaqlar və altıaçıq tikintisi altına 184 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarından görünür ki, DTXK Şəki rayon şöbəsi tərəfindən Orta Zəyzid bələdiyyəsinin torpaqlarında inşa edilmiş yeməkxana binasının yardımçı otaqlar tikintisi altına ayrılmış torpaq sahəsinin (Orta Zəyzid kənd sakini İddiaçı ayrılması nəzərdə tutulan sahənin) planı tərtib olunmuşdur. İş materiallarından görünür ki, Şəki rayonu Orta Zəyzid bələdiyyəsi, İddiaçı və DTXK Şəki rayon şöbəsi tərəfindən bələdiyyənin 30 oktyabr 2002-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 184 kv.m torpaq sahəsinə dair torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 oktyabr 2002-ci il tarixdə Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin hesabına 289.248 manat pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanlanmış 22 yanvar 2024-cü il tarixli 07 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarına əsasən Orta Zəyzid kənd sakini İddiaçı 0,0184 ha sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmışdır, tərəflər arasında imzalanmış və təsdiqlənmiş torpağın alqı-satqısına dair akt DTXK Şəki rayon şöbəsində 30 oktyabr 2002ci il tarixdə 145 nömrə ilə qeydiyyata alınmışdır. Vətəndaş tərəfindən torpağın rüsumu Orta Zəyzid bələdiyyəsinin büdcəsinə tam ödənilmişdir. Qeydiyyata alınmasına etiraz edilmir. İş materiallarında olan Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin məhkəməyə ünvanlanmış 15 yanvar 2025-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı 184 kv.m torpaq sahəsi ayrılmasına dair bütün hüquqi və texniki sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Çünki, Orta Zəyzid bələdiyyəsinin 1 yanvar 2018-ci il tarixədək olan bütün sənədləri, iclas protokolları X5 Filialına təhvil verilmişdir. İş materiallarında olan X5 Filialının müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli məktubunda qeyd olunur ki, Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 2002-ci il üzrə iclas protokolları X5 Filialına təhvil verilmədiyindən, İddiaçı torpaq sahəsi ayrılması barədə qərardan arxiv çıxarışın təqdim edilməsi mümkün deyil. Məhkəmənin DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 2 oktyabr 2024-cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarı ilə İddiaçı ayrılmış 184 kv.m torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üstüstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə) və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahənin eyni olub-olmaması haqqında) məlumatı, işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək məlumatlar. DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə 2 oktyabr 2024-cü il tarixli məktuba cavab olaraq ünvanlanmış 9 dekabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclas qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi Orta Zəyzid kənd ərazisində yerləşir. İddia olunan torpaq sahəsi bütövlükdə tikilidən ibarətdir. İddia olunan torpaq sahəsi 184 kv.m olmasına baxmayaraq, torpaq sahəsi üzərindəki tikili altı hissə 230,8 kv.m-dir. Elektron kadastr məlumat bazası TEKUİS-ə əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü isə xüsusi qeyd olunmuşdur. Torpaq sahəsinin koordinatları, döngə nöqtələri və yerləşmə vəziyyəti təqdim edilən sxemdə göstərilmişdir. Torpaq sahəsi dövlət reyestrində qeydiyyat alınmadığından, mülkiyyətçi barədə məlumat vermək mümkün deyil. Elektron məlumat bazasında heç bir mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinə dair heç bir sənəd təqdim edilmədiyindən, sənəd üzrə vəziyyətlə faktiki istifadə vəziyyətinin eyni olub-olmaması barədə məlumat vermək mümkün olmamışdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Şəki rayonu Orta Zəyzid bələdyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarı Orta Zəyzid kəndi ərazisində yerləşən 184 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 184 kv.m torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı qərarının arxiv nüsxəsinin bələdiyyənin arxivindən müvafiq arxiv qurumundan aşkarlanmaması da onun həqiqiliyinə təsir edən amil kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, “Torpaq sahəsinin alqı-satqısı”na dair akt 1 dekabr 2007-ci il tarixdən sonra (30 oktyabr 2009-cu il tarixdə) tərtib olunmuş və qeydə alınmış və bununla əlaqədar aktın tarix qrafasında yazıya diyircəkli qələmlə düzəliş edilmişdir. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin mötəbər sayılan 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarına əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması təsdiqlənir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı DTXK Şəki rayon şöbəsi sxem tərtib etmişdir və qərarda həmin sxemin mövcudluğuna istinad olunmuşdur. Bu xüsusat torpaq ayrılan zaman DTXK Şəki rayon şöbəsi tərəfindən məsələyə etiraz olunmadığını ehtiva edir. Bundan başqa, “Torpaq sahəsinin alqı-satqısına dair akt” Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin və DTXK Şəki rayon şöbəsinin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir və sənəddəki tarixlə bağlı yazıda düzəliş olunması mülahizə xarakteri daşıyır. Nəzərə alınmalıdır ki, DTXK Şəki rayon şöbəsi 2015-ci ilin 5 fevral tarixinədək fəaliyyət göstərmişdir. Bu aktın hər hansı tarixdə təsdiqi torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarının qəbulu üzrə DTXK-nın yerli qurumu tərəfindən alqı-satqı aktının vaxtında tərtib edilməməsi inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci il tarixli 10 saylı iclasının qərarı (protokolu) ilə ona satılmış 184 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və torpaq shaəsinin planı və ölçüsünün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci tarixli 10 saylı iclasının protokolu (qərarı) ilə ona satılmış 184 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı Şəki rayonu Orta Zəyzid bələdiyyəsinin 30 oktyabr 2002-ci tarixli 10 saylı iclasının protokolu (qərarı) ilə ona satılmış 184 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 6legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar