Məhkəmə qərarları › İş №2-1(116)-956/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-956/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-956/2021 08.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qax rayonu Qax bələdiyyəsi) "X5 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qax rayonu Qax bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 24.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçıya Qax şəhərindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə X5 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmaqla AN: 066604 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib verilmişdir. Lakin qeyd edilən torpaq sahəsinə verilən plan-ölçü sənədində torpaq sahəsinin ölçüsü 864,73 kv.m olaraq göstərilmiş, torpağın ölçüsü həqiqəti əks etdirməmişdir. İddiaçı fərdi yaşayış evinə texniki pasport və çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 23.11.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizədə qeyd olunan fərdi yaşayış evinin 0.11 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 0.11 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və ’’Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi barədə sənədin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim edilməsi zəruridir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 17.06.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında İddiaçı adına Qax şəhərində yerləşən 864.73 ha həyətyanı torpaq sahəsinə 16 sentyabr 2008-ci il tarixli, A№066604 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış və 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı qeydiyyat üçün əsas hesab edilir. Vətəndaşın təqdim etdiyi 22 oktyabr 2020-ci il tarixli, 247/1 saylı arxiv çıxarışında “Qaytanlanmış torpaq kitabı”na istinad olunduğundan və “Qaytanlanmış torpaq kitabı”ndan çıxarış Fərmanda öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən sözügedən 0.11 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. İş üzrə üçüncü şəxs tərəfindən iddia tələbinə rəsmi münasibət (etiraz) bildirilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsdin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Qax rayon Dövlət arxivinin 28.10.2020-ci il tarixli arxiv çıxarışının surətindən görünür ki, Qax rayon “Qəbələ” kolxozunun “Qaytanlaşmış torpaq kitabı”nda X1 0.11 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir (əsas: fond 47, siyahı 2, saxlama vahidi 2, səhifə 51). İş materiallarında olan Qax rayon Dövlət Arxivinin 23.04.2021-ci il tarixli arayışında qeyd edilir ki, Qax şəhər İƏD üzrə Nümayəndəliyi 1996-2008-ci illərin təsərrüfatbaşına kitablarını Qax rayon Dövlət Arxivinə təhvil verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən A seriyalı 066604 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli 02 nömrəli qərarı ilə Qax şəhərində yerləşən 864.73 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. X6 kitabında 16.09.2008-ci ildə 1741 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan 1275 inventar nömrəli, 1987-ci ilin iyul ayında tərtib edilmiş “yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, Qax şəhəri, Vaqif küçəsində yerləşən 49 nömrəli ev İddiaçı mülkiyyətindədir. Sənəddə faktiki torpaq sahəsinin 1008.9 kv.m, sənəd üzrə isə 0.11 ha olması qeyd edilmişdir. İş materiallarında olan Qax bələdiyyəsinin 26.04.2021-ci il tarixli arayışından qeyd edilir ki, İddiaçı həqiqətən Qax şəhəri Vaqif küçəsi ev 49-da yaşayır və 0.11 ha həyətyanı torpaq sahəsinin vergi ödəyicisidir. İş materiallarında olan Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli iclas protokolundan arxiv çıxarışından görünür ki, sözügedən iclasında YAİK İddiaçı 864.73 kv.m torpaq sahəsinin ayrılmasını qərara almışdır (əsas: fond 103, siyahı 1, saxlama vahidi 102/487, səhifə 1,6 (siyahı üzrə səhifə 32) iş 2007-ci il). Yuxarıda qeyd olunan arxiv çıxarışına əlavə edilən siyahıdan da görünür ki, İddiaçı 864.73 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, Qax şəhəri, Vaqif küçəsində yerləşən İddiaçı məxsus olan 49 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hüuqmüəyyənedici sənəd üzrə 0.08647 ha, faktiki 0.1011 ha təşkil edir. 0.0147 kv.m torpaq sahəsi zəbt edilmişdir. İş materiallarında olan “Qax şəhəri vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının qanuni istifadəsində 0.11 ha həyətyanı torpaq sahəsi vardır. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır”. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı X5 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsindən ibarətdir. Cavabdeh orqan isə iddiaçının istinad etdiyi sənədləri (“Qaytanlanmış torpaq kitabı”) 0.11 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına əsas hesab etmədiyi üçün müraciətin icrasından imtina etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarına əlavə edilən yuxarıda sadalanan sənədlərdən müəyyən edilir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin texniki pasportunda torpaq sahəsi 0.11 ha qeyd edilməsinə baxmayaraq, Qax rayon AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya 864.73 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı halda sözügedən qərar qüvvədə olduğundan A seriyalı 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi mümkün deyildir. Belə ki, həmin qərarla iddiaçıya 0.11 ha deyil, 864.73 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı halda iddia tələbindən görünür ki, iddiaçı AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə razılaşmır. Bununla bağlı məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən, qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə razılaşmadığı halda həmin qərarı MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə əsasən 1 ay müddətində mübahisələndirməli idi. İddiaçı həmin qərarı mübahisənləndirməmişdir. Həmin qərar qüvvədədir və yuxarıda qeyd olunan normaya əsasən bu müddət ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qax rayonu Qax bələdiyyəsi) "X5 Kitabında 16.09.2008-ci il tarixdə 1741 nömrə ilə qeydə alınmış AN: 066604 nömrəli “Torpaq sahəsinin planı və olçüsü” sənədinə düzəliş edilməklə islahat zamanı qanuni istifadəsinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar