Məhkəmə qərarları › İş №2-1(116)-959/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-959/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-959/2021 22.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: ünvan 1 ünvanında, 2-ci girişdə 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında, 2-ci girişdə, 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv.m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsin 03.06.2021-ci il tarixli, 2-1(116)-959/2021 nömrəli qərardadı ilə Yevlax rayon İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2009-cu il tarixli 201 saylı sərəncamına əsasən Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında, 2-ci girişdə 2- ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə iddiaçıya ailə üzvləri ilə birlikdə daimi yaşamaq hüququnu təsdiq edən order verilmişdir. Orderdə iddiaçı və iki nəfər ailə üzvü X5iu (həyat yoldaşı) və X2 (qızı) göstərilmişdir. İddiaçı, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələbini müvafiq mənzilə dair verilmiş orderin onun mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas olması ilə, cavabdeh inzibati orqan isə iddia tələbinə etirazını iddiaçıya verilmiş 30.12.2009-cu il tarixli orderin 01.10.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən mənzilin qaynatasına pambıq zavodu tərəfindən verildiyindən məlumatı var. Özü isə 1976cı ildə həmin mənzilə gəlin köçmüşdür və indiyədək həmin mənzildə yaşayır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. Üçüncü şəxs Yevlax rayon İcra Hakimiyyəti iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, 30.12.2009-cu il tarixli, 92 nömrəli orderdən görünür ki, vətəndaş İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə C.Cabbarlı küçəsi, 04 saylı evdə, 10 saylı mənzildə, 2-ci girişdə, 2-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 38.04 kv.m. olan mənzil sahəsi tutmağa ixtiyarının olması qeyd edilmişdir. - DƏDRX-in 17 saylı Ərazi İdarəsinin 22.04.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina etmişdir. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, Yevlax Şəhər İcra Hakimiyyəti yanında ictimai mənzil komissiyasının 29.12.2009-cu il tarixli 12 saylı protokolu nəzərə alınaraq, adı siyahıda 8-ci yazılan, ünvan 2 ünvanda yaşayan İddiaçı mənzilə daimi yaşamaq hüququ verən orderin verilməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2021-ci il tarixli 354 №-li məktubundan görünür ki, Yevlax şəhəri XDS İcraiyyə Komitəsinin 1970-1980-cı illərə dair İcrakom iclas protokolları yoxlanılmış, ünvan 3 ünvanında 10 saylı mənzilin İddiaçı verilməsi barədə qərar tapılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə, Yevlax şəhəri Cəfər Cabbarlı küçəsi bina 4 ünvanında yerləşən 10 saylı mənzilin ümumiyyətlə əvəllər (2009-cu il oktyabrın 1-dək) iddiaçıya ayrılması ilə bağlı hər hansı hüquqi sənəd olmadığı halda Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamı əsasında həmin mənzil üzrə iddiaçı və ailə üzvlərinin adı qeyd olunmuş order verilmişdir. Həmin mənzilin iddiaçıya verilməsi ilə bağlı müvafiq qərarın mövcud olmaması işdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 19.10.2021-ci il tarixli 354 №-li məktubu ilə də sübut olunur. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı, həmin mənzilin əvvəllər qaynatasına pambıq zavodunda işlədiyinə görə verilməsini, özünün isə 1976-cı ildən sonra həmin yaşayış sahəsinə gəlin köçməsini və indiyədək orada yaşamasını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin mənzil iddiaçıya əvvəllər hər hansı hüquq müəyyənedici sənəd əsasında verilməmişdir. Mənzilin iddiaçıya ayrılmasını təsdiq edən yeganə sənəd Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 30.12.2009-cu il tarixli sərəncamı və onun əsasında verilmiş orderdir ki, həmin sənədlər də Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən iddiaçının tələb hüququnun əsası kimi çıxış edə bilməzlər. Belə ki, Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verilmiş order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir. Yəni, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək belə hüququ olmamış, verilmiş order isə ona buna hüququ yaratmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: ünvan 1 ünvanında, 2-ci girişdə, 2-ci mərtəbədə yerləşən, sahəsi 38 kv m olan 3 otaqlı, 10 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar