Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-96/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı Yevlax şəhəri X4 küçəsi 2 ünvanda özünə məxsus torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişdir. Ona məxsus olan həyətyanı torpaq sahəsinin bütün sənədləri qaydasındadır. Həmin torpaq sahəsi üzərində tikilən 2 mərtəbəli fərdi yaşayış evinin lahiyəsi hazırlanmış və həmin lahiyə Yevlax şəhər İcra Hakimiyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı fərdi yaşayış evi üzrə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabden iddiaçının müraciətindən imtina etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində inventarlaşdırma işləri aparılan zaman məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş binada tamamlama işləri başa çatmamış və bina istismar olunmadığı üçün onun yaşama ilə əlaqədar olduğunu və ya qeyri-yaşayış məqsədli bina olduğunu müəyyən etmək mümkün deyildir. Belə olan halda iddiaçıya, yuxarıda qeyd olunan səbəbdən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq vahid daşınmaz əmlak obyekti kimi çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. RX seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Yevlax şəhəri X4 küçəsi 2 nömrəli ünvanda yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu,
3. İN/L-611/2017 nömrəli xx.xx.2017-ci il tarixli Lisenziyanın surəti,
4. Yevlax şəhəri X4 küçəsi 2 nömrəli ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tikinti Layihəsi,
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-3980/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin faktiki ümumi sahəsi 146 74 kv. metirdir. İddia olunan tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. İddia olunan tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası tikiinti altında olan torpaqlar (həyətyanı sahələrin altında olan torpaqlar), mülkiyyətçisi İddiaçıdur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi tikilinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Qeydə alınması iddia olunan binanın tikintisi başa çatmışdır və ilkin layihəyə uyğun inşa edilmişdir. Qeydə alınması iddia olunan binanın təyinatı qeyri-yaşayış binasıdır.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 3 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətindədir. Cavabdehin imtina dəlili inşaatın tamamlanmadığı və qeyri-yaşayış binası olmaq ehtimalından ibarət olmuşdur.Lakin,cavabdeh tərəfindən həmin dəlilini əsaslandıran sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının həmin ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə layihə hazırladaraq,məlumatlandırma icraatı qaydasında Yevlax Rayon İcra Hakimiyətinə təqdim etdiyi müəyyən edilmişdir.Verilmiş sorğuya cavab olaraq Yevlax Rayon İcra Hakimiyəti tərəfindən fərdi yaşayış evinə dair sənədlər təqdim edilmişdir. İddiaçının inşa etdiyi və üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi fərdi yaşayış evinin həmin layihəyə uyğun olduğu,həmçinin tikintinin başa çatdığı mütəxəssis rəyinə əsasən də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu; Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 82. Tikinti işlərinin başlanmasına əsaslar barədə məlumat verilməsi Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətində olan Yevlax şəhəri şəhid H.Əliyev küçəsi 2 ünvanında yerləşən 0,05 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə