Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-960/2024 31.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X1 ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7531.32 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna 362.31 manat və İcbari Tibbi Sığorta Fonduna isə 1528.02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi lə 9500 (doqquz min beş yüz) manat məbləğində siyahıya alınmış əmlakının (Qeydiyyat şəhadətnaməsi: AB966612 olan “VOLKSWAGEN PASSAT-minik” markalı, 99FA612 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) satılması" tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7531.32 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna 362.31 manat və İcbari Tibbi Sığorta Fonduna isə 1528.02 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi lə 9500 (doqquz min beş yüz) manat məbləğində siyahıya alınmış əmlakının (Qeydiyyat şəhadətnaməsi: AB966612 olan “VOLKSWAGEN PASSAT-minik” markalı, 99FA612 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) satılması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müdətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə yaranan 7531.32 manat məbləğində borcuna görə xx.xx.2023 tarixli **********0 saylı Protokolla, vergi ödəyicisinin xx.xx.2023 tarixə yaranan İşsizlikdən Sığorta Fonduna 362.31 manat məbləğində borcuna görə xx.xx.2023 tarixli **********0 saylı Protokolla və vergi ödəyicisinin xx.xx.2023 tarixə yaranan İcbari Tibbi Sığorta Fonduna isə 1528.02 manat məbləğində borcuna görə xx.xx.2023 tarixli **********8 saylı Protokolla 9500 manat məbləğində əmlak siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7531.32 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna 362.31 manat və İcbari Tibbi Sığorta Fonduna isə 1528.02 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü i il tarixli qərar qəbul edilmişdir.
1. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli protokola əlavədən görünür ki, cavabdehə (doqquz min beş yüz) manat məbləğində siyahıya alınmış əmlakının (Qeydiyyat şəhadətnaməsi: AB966612 olan “VOLKSWAGEN PASSAT-minik” markalı, 99FA612 dövlət nömrə nişanlınəqliyyat vasitəsi) əmlak iddiaçı tərəfindən siyahıya alınmışdır.
2. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak saxlanılması üçün cavabdehə təhvil verilmişdir.
3. “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh ( VÖEN **********) Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır.
4. AB966612 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2001, tünd qəhvəyi ** FA *** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN PASSAT-minik” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur..
Əsaslandırma hissəsi
Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. VM-nin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-nin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-nin 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 7531.32 manat, İşsizlikdən Sığorta Fonduna 362.31 manat və İcbari Tibbi Sığorta Fonduna isə 1528.02 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə siyahıya alınmış (qeydiyyat şəhadətnaməsi: AB 966612 “VOLKSWAGEN PASSAT minik” markalı, ** FA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) əmlakın hərrac vasitəsi ilə satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyi iddiaçının üzərinə qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.