Məhkəmə qərarları › İş №2-1(116)-961/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-961/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-961/2023 18.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir (torpağın mülkiyyətə verilməsinə dair JN-271 saylı dövlət aktı kod ********). Lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var və bütün vergiləri tərəfindən ödənilir. Ailəsi 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X4 tək yaşadığı halda onun mülkiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X3 adına çap edilmişdir. Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir. Cavabdehə müraciət etsə də imtina edərək məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, araşdırma zamanı Ərazi idarəsinin arxiv məlumatlarında və kadastr elektron baza DWG xəritələrində sizə təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN-271 nömrəli Dövlət Aktında 0.55 ha torpaq sahəsinin qeyd olunması faktı müəyyən edilmişdir. Həmçinin, bildiririk ki, ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində və Ərazi idarəsinin arxiv məlumatlarında İddiaçı məxsus Göyçay rayonu, Qızılağac kəndində yerləşən 4.50 hektar kənd təsərrufatlı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-271 L saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 4.6 ha (Göyçay rayonu Qızılağac kəndi Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair komplesk yerquruluşu layihəsində 0.55 ha göstərilmişdir) olaraq göstərilmişdir. İddiaçının naturada mütəxəssisə göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 5.5 ha torpaq sahəsi ilə üst-üstə düşən və eyni ərazidə yerləşən 4.6 ha torpaq sahəsi TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahələrinə aiddir. İdarənin elektron baza məlumatlarında təqdim olunan, Göyçay rayonu Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair komplesk yerquruluşu layihəsində göstərilən JN-271 L saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0.55 ha torpaq sahəsi TEKUİS məlumatlarında JN-271 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi olaraq göstərilən 4.6 ha torpaq sahəsi ilə eyni çevrədə yerləşsədə üst-üstə düşmür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) məlumatlarında JN-271 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsi olaraq göstərilən 4.6 ha torpaq sahəsinin koordinatları Göyçay rayonu Qızılağac kəndi Q.Qasımov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair komplesk yerquruluşu layihəsində X3 mülkiyyətinə JN-266 L nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 4.5 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, JN-266 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsi 0.62 ha olaraq TEKUİS məlumatlarında digər çevrədə göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmalı deyildir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı istifadə etdiyi 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı, islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X3 adına çap edildiyini bildirir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən 4.50 ha torpaq sahəsi X2 adına rəsmiləşdirilmişdir.İddiaçının torpaq sahəsindən istifadə etməsi, ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun yaranması əsası kimi istinad etdiyi JN-271 nömrəli Dövlət Aktına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,55 ha torpaq sahəsi verilmişdir.X6 planşet məlumatlarına əsasən də torpaq sahəsinin ölçüsü 0,55 ha olsa da qələm vasitəsi ilə düzəlişlər aparılaraq “4,50 ha” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilən iddiaçının 0.70 ha adam başına orta torpaq pay normasına əsasən cəmi 4.26 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair sənədin hazırlanması barədə müraciətinə əsasən ləğv olunmuş DTXK-nin Göyçay RŞ-nin xx.xx.2011-ci il tarixli iddiaçıya cavab məktubundan da görünür ki, müvafiq hüquqmüəyyənedici sənəd hazırlanmamışdır.İddiaçı tərəfindən iş materiallarına əlavə edilən inzibati orqanlara oxşar məzmunlu digər müraciətlərinə əsasən də həmin hal öz təsdiqini tapır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Dövlət Aktlarının qeydiyyatının aparıldığı Kadastr kitabının 271 nömrəli qeydindən görünür ki,İddiaçı 0,55 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-271 nömrəli Dövlət Aktını şəxsən təhvil götürmüşdür. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə iddia olunan torpaq sahəsinin verildiyinə dair ilkin hüquqmüəyyənedici sənəd mövcud olmamışdır.Təqdim edilən Dövlət Aktında qeyd olunan koordinatlar isə hazırkı istifadəsində olan torpaq sahəsinə düşmür. Yuxarıda qeyd olunan hallara əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığına dair əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar