Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-962/2022 19.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tədqim etdiyi şikayət ərizəsi İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə uyğun olmadığından xx.xx.2022-ci il tarixdə ona nöqsanların aradan qaldırılması ilə bağlı hüquqi yardım edilmişdir. Müvafiq yardım məktubu ilə iddiaçının dinlənilmə hüququ təmin edilmiş, iddia ərizəsində yol verdiyi nöqsanlar nəzərinə çatdırılmış, hansı inzibati orqana qarşı iddia qaldırmasının, hansı inzibati aktı və ya inzibati orqanın imtinasını mübahisələndirilməsi ilə bağlı tələbin aydınlaşdırılmalı olması izah edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək cavabdeh qismində Abbasova Günel Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təltiflər şöbəsinin rəisi qeyd etmiş, həmçinin tələbini “vətən qarşısındakı xidmətlərini nəzərə alıb Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı medalını almasına köməklik edilməsi” şəklində ifadə etmişdir. Bununla da İddiaçı məhkəmə tərəfindən ona edilmiş hüquqi yardımda qeyd edilmiş nöqsanları aradan qaldırmamış, iddia ərizəsini İPM-nin 27-ci və 46-cı maddələrinin tələblərinə uyğun tərtib etməmişdir. Belə ki, iddiaçıya edilmiş hüquqi yardımda tələbin yönəldiyi cavabdeh orqanın adı (hüquqi ünvanı), ona qarşı yönəlmiş tələb, cavabdeh orqanın mübahisələndirilən qərarı və hərəkətlərinin qeyd edilməsinin zəruriliyi qeyd edilsə də, iddiaçı, cavabdeh qismində Abbasova Günel adlı fiziki şəxsi qeyd etmiş və hər hansı cavabdeh orqanın qərar və hərəkətlərini deyil, fiziki şəxsin hərəkətlərini mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, fiziki şəxs olan hazırkı cavabdehə (Günel Abbasova) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Bununla da iddiaçı yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və mahiyyət etibarilə ilkin ərizəsinə oxşar ərizə tərtib edərək məhkəməyə ünvanlamışdır. Buna görə də ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 27-ci maddəsinə əsasən, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmçinin İPM-in 46-cı maddəsinin maddənin 1-ci bəndinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-962/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-962/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver