Məhkəmə qərarları › İş №2-1(116)-963/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-963/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-963/2024 28.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan iddiaçıya əmək pensiyası üçün ödənilməli olan fərqin (sosial müavinət üçün ödənilən ödənişlə pensiya üçün ödəniş fərqinin) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan iddiaçıya əmək pensiyası üçün ödənilməli olan fərqin (sosial müavinət üçün ödənilən ödənişlə pensiya üçün ödəniş fərqinin) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx.xx.1958-ci ildə Şəki şəhərində anadan olmuşdur. xx.xx.2023- cü il tarixdə 65 yaşı tamam olub və həmin tarixdən sosial müavinət təyin edilib. Lakin, müavinət təyin edilərkən iş stajının tamamı və təhsil illəri nəzərə alınmamış, yaşa görə əmək pensiyası təyin edilməsi əvəzinə soisal müavinət təyin edilmişdir. O, bununla əlaqədar DSMF-in Şəki-Zaqatala Regional idarəsinə müraciət etmiş, taksi fəaliyyəti ilə məşğul olduğu ********** saylı VÖEN üzrə dövlət büdcəsinə sığortaedən kimi ödəmiş olduğu ödənişləri fərdi şəxsi hesabında öz əksini tapmadığı bildirilmişdir.Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına müraciət edərək ödəniş qəbzləri əsasında 2016, 2017, 2020-2023-cü illərdə ödədiyim məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabına işlənilməsi və sosial sığorta stajına daxil edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-146357/2023 saylı məktubla cavab verilərək bildirilmişdir ki, 2020-2023-cü illər üzrə minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların **********312 nömrəli fərdi şəxsi hesabında əks edilməsi təmin edilmişdir. Lakin,nəticədə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: AA******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958ci il təvəllüdlüdür, hal-hazırda 65 yaşı vardır. İşin faktiki hallarına əsasən iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə uyğun olaraq inzibati icraat aparılmış və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi təhsil haqqında sənədin, hərbi biletin və əmək kitabçasının surətlərinə əsasən 19 il 2 ay 7 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan səbəblərə görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisələndirilməyən sosial sığorta stajı: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sistemində olan məlumatlara əsasən onun mübahisələndirilməyən sığorta stajı 19 il 2 ay 7gündən ibarət olmaqla aşağıdakı tərkibdə müəyyən edilmişdir:

1. 29.07.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil dövrü;

2. 07.11.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü;

3. xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək;

4. 20.09.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti dövrləri. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 8 ay 7 gün sığorta stajına uyğun olaraq 17306,33 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ( 6 ay sığorta stajına uyğun olaraq) 199,28 manat olmaqla, ümumilikdə 17505,61 manat təşkil etmişdir. xx.xx.1992xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən azad olma əmrləri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq edildiyi üçün) həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajından az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 22.08.2023-cü il tarixli 17 nömrəli Sheki-İpek JSC tərəfindən verilmiş arayış.

3. 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli məktubları.

4. İddiaçıya məxsus SSN: **********312 nömrəli Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsi

5. 31.01.2017-ci il tarixli X1 Kitabçası.

6. 31.12.2016-ci il tarixli X1 Kitabçası.

7. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.

8. İddiaçıya məxsus 1997-ci il tarixli əmək kitabçasının surəti.

9. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili 25 il sığorta stajının olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə bağlı olmuşdur. İddiaçıya məxsus əmək kitabçası, hərbi bilet, diplom, təhsil barədə arayışın və VÖEN üzrə ödənişlərdən görünür ki, o, 1973-cü ildə əmək fəaliyyətinə başlamış, 2018-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir.Cavabdeh tərəfindən də mübahisələndirilməyən sosial sığorta stajı 19 il 2 ay 7 gün təşkil edir. Mübahisələndirilən xx.xx.1992-xx.xx.1997-ci il tarixinədək olan dövrə münasibətdə məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək bildirir ki,əmək kitabçasının doldurulma qaydasında nöqsanın olması iddiaçının təqsirindən baş vermədiyindən onun ziyanına həmin dövrün nəzərə alınmasından imtina edilə bilməz. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.Odur ki,yuxarıda qeyd olunan 4 il 11 ay 27 gün müddət iddiaçının ümumi sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən mübahisə iddiaçının xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində aktiv vergi ödəyicisi olaraq məcburi dpvlət sosial sığorta haqqı ödədiyi dövrlə bağlıdır.Cavabdeh tərəfindən 2020-2023-cü illər üzrə minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar **********312 nömrəli fərdi şəxsi hesabında əks etdirilsə də həmin müddət qismən həyata keçirilmişdir.Belə ki,iddiaçının 17 iyun 2020-ci il tarixindən 30 mart 2023-cü il tarixinə kimi aktiv vergi ödəyicisi olduğu,müvafiq məcburi dövlət sosial sığorta haqqının mütəmadi olaraq ödədiyi müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Qanunun : 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.12-ci maddəsinə əsasən vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə müxtəlif qaydada maliyyə sanksiyası tətbiq edilir. İddiaçının aktiv vergi ödəyicisi olduğu 4 ildən artıq müddət ərzində barəsində hər hansı maliyyə sanksiyası tətbiq edilməmişdir.Qeyd olunan dövrü iddiaçının ümumi sosial sığorta stajına daxil etdikdə iddiaçının tələb olunan minimum məcburi sosial sığorta stajının olduğu təsdiq edilir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar