Məhkəmə qərarları › İş №2-1(116)-964/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-964/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-964/2022 30.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 əmək fəaliyyəti dövrlərini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 əmək fəaliyyəti dövrlərini – illərini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Qanunvericiliyə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ vardır. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən göründüyü kimi onun kifayət qədər əmək stajı vardır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən xx.xx.1980-ci il tarixində tərtib edilmiş HT-İ № ******* saylı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı 22 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.256,7 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********0 saylı aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixindən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixədək X1 əmək fəaliyyəti dövrlərinin həmin idarələrin uzun müddət fəaliyyətlərinin olmaması səbəbindən və maliyyə uçot sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2879/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ 64 yaşdan, xx.xx.2019-cu il tarixdə yaranmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq onun hüququ yaranan tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, Fondun 16 saylı Regional ərazi filialının **********0 nömrəli xx.xx.2021-ci il tarixli aktına əsasən vətəndaşın xx.xx.1986-xx.xx.1992-ci illərdə X7 Dəstədə və xx.xx.1992-xx.xx.2006cı illərdə X2 əmək fəaliyyəti dövrləri həmin idarələrin uzun müddət fəaliyyətlərinin olmaması, həmçinin maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilməməsi səbəbindən həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan əlavə olaraq iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək X2 əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 altsisteminə əsasən, Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı 12 il 06 ay 27 gün təşkil edir. Mübahisələndirilən dövrlər ümumilikdə 19 il 5 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Filial etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. İddiaçının 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Zaqatala rayon Dövlət Arxivi xx.xx.2022-ci il tarixli 20 nömrəli məktub ilə iddiaçının 1986-cı ilin dekabr ayından 1989-cu ilin aprel ayı daxil olmaqla X5 dəstədə işləməsini əks etdirən arxiv sənədlərinin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, həmin idarənin arxiv sənədləri tam şəkildə arxivə təhvil verilməmişdir, həmçinin X4 sənədləri arxivdə saxlanılmır. Cavabdehin etirazına əlavə olunmuş Zaqatala rayon Dövlət Arxivinin 123 nömrəli məktubunda qeyd olunur ki, X6 Dəstənin əmr kitabları rayon Dövlət arxivində saxlanılmadığından vətəndaşın işə qəbul olma və işdən azad olma əmrlərindən çıxarışların verilməsi mümkün olmamışdır. Həmin idarə 1989-cu ilin may ayından Qax rayonuna köçürüldüyündən həmin sənədlər Zaqatala rayon Dövlət Arxivində saxlanılmır. Cavabdehin etirazına əlavə olunmuş Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********624600 nömrəli məktubunda qeyd olunur ki, dövlət reyestrində X6 Dəstə adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Cavabdehin etirazına əlavə olunmuş Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli 05/08-xx-xx-3403 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 110 nömrəli Qərarı ilə Şəki rayon aqrokimya laboratoriyasının, Qəbələ rayon aqrokimya laboratoriyasının, Oğuz rayon aqrokimya laboratoriyasının, Qax rayon aqrokimya laboratoriyasının, Balakən rayon aqrokimya laboratoriyasının və Zaqatala rayon aqrokimya laboratoriyasının bazasında X11 Laboratoriyası yaradılmışdır. Nazirliyin arxivinə baxış zamanı Zaqatala rayon aqrokimya laboratoriyasının sənədləri aşkar edilməmişdir. Bu səbəbdən İddiaçı əmək fəaliyyəti ilə bağlı məlumatların təqdim edilməsi imkan xaricindədir. Cavabdehin etirazına əlavə olunmuş Şəki ragional aqrokimya laboratoriyasının xx.xx.2021-ci il tarixli 20 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 110 nömrəli qərarına əsasən rayon Aqrokimya Laboratoriyalarının fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 10 mart 2016-cı il 26 nömrəli əmri ilə 2016-cı il 15 mart tarixindən rayon Aqrokimya Laboratoriyalarının fəaliyyətinə xitam verilmişdir. Qanunvericiliyə uyğun olaraq Laboratoriyaların ayrı-ayrılıqda arxivə verilməli olan sənədlərin siyahısını müəyyən edib onların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin arxivinə verilməsi tapşırılmışdır. Məlumat üçün bildirilir ki, X11 Laboratoriyası 2017-ci il tarixdən yaradılıb və fəaliyyətə başlamışdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək sürücü; xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək sürücü; xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Mingəçevir avtobazasında sürücü; xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək «ПМК-2» Trestində sürücü; xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək «ПМК-2» Trestində sürücü; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək ikinci dərəcəli sürücü; xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək «СМУ-10» Trestində sürücü işləmiş; xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək “Nizami” adına kolxozda sürücümexanizator sürücü işləmiş; xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək sürücü; xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək X3 sürücü işləmişdir. (cəmi 30 il 6 ay 22 gün) İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmət keçmişdir. (cəmi 2 il 10 gün) Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı 12 il 06 ay 27 gün təşkil edir. Mübahisələndirilən dövrlər ümumilikdə 19 il 5 gün təşkil edir. Yəni cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən ümumi iş stajı 31 il 7 ay 2 gün təşkil etmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının hərbi xidmət müddəti daxil ümumi iş stajının 31 il 7 ay 2 gün olduğu müəyyən olunmuşdur. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, iddiaçının 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdə kişilər üçün yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən yaş həddi 64 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-ci il tarixdə 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Cavabdeh tərəfindən iddiaçının aəmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək X6 Dəstədə və xx.xx.1992ci il tarixdən xx.xx.2006-cı tarixədək X1 əmək fəaliyyəti illəri sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar