Məhkəmə qərarları › İş №2-1(116)-965/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-965/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-965/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X3rşı “xx.xx.1987-ci il tarixdən-xx.xx.2001-ci il tarixinə kimi keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X3rşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1987-ci il tarixdən-xx.xx.2001-ci il tarixinə kimi keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-12101/2021 nömrəli qərardadı ilə inzibati iş, aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ИТ-İ ******* №-li əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, həmçinin təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, 65 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, hərbi bilet, şəhadətnamə) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1987-xx.xx.2001-ci illər üzrə 14 il, 2 ay, 8 gün müddəti mübahisələndirmiş, iddia tələbinə etirazını - qeyd edilən müəssisədə işlədiyi müddətdə iddiaçıya əmək haqqının ödənilib-ödənilməməsinin yoxlanmasının mümkün olmaması ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 illik sığorta stajı yaranmır, həmçinin, müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti orqanlara verilmiş sorğularda həmin müəssisəyə dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1977 – xx.xx.1986 (8 il 7 ay 27 gün), xx.xx.1986-xx.xx.1987 (6 ay 26 gün), xx.xx.1986 – xx.xx.1986 (1 ay 15 gün), xx.xx.1987-xx.xx.2001 (14 il 2 ay 26 gün), - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977 -ci illərdə hərbi xidmətdə olmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, xx.xx.1956-cı ildə anadan olmuşdur. - 269518 №-li şəhadətnamədən görünür ki, iddiaçı, Mingəçevir Avtomobil məktəbində xx.xx.1974-xx.xx.1975-ci illərdə (3 ay) təhsil almışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarətdir ki, iddiaçıya işlədiyi dövrdə əmək haqqının hesablanmasının və ödənilməsinin yoxlanılması mümkün olmamış, müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti orqanlara verilmiş sorğularda həmin müəssisənin fəaliyyət göstərməsi ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Məhkəmə cavabdeh orqanın hər iki dəlilini əsassız hesab edir. Belə ki, işin hallarından görünür ki, idiaçının 2 il hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.1987xx.xx.2001-ci illərdən başqa əmək kitabçasında qeyd edilmiş, digər əmək fəaliyyəti müddətləri mübahisələndirilmir. İş materiallarında olan, ИТ-İ ******* №-li əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 23 il 7 ay 3 gün qeyd edilmişdir. Cavabdeh həmin müddətin xx.xx.1987-xx.xx.2001-ci illər üzrə 14 il, 2 ay, 8 gün müddətini mübahisələndirir və bunun qeyd olunan dövrdə iddiaçının əmək fəaliyyətinin yoxlanılmasının mümkün olmaması ilə izah edir. Bununla belə, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir.Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Həmçinin, cavabdeh, iddia tələbinə etirazda qeyd edir ki, DSMF-nun 14 saylı regional Ərazi Filialının Qəbələ rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş, iddiaçının xx.xx.1987-xx.xx.2001-ci illərdə X1 əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adı aşkar edilməsinə baxmayaraq, əmək haqqı hesablama cədvəlləri arxivdə saxlanımadığı üçün əmək haqqı ödənişinin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi cavabdeh orqan, müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adının aşkar edilməsini qeyd etməklə, iddiaçının həmin müəssisədə işləməsini özü də təsdiq edir. Buna baxmayaraq, əlavə olaraq əmək haqqı cədvəllərinin araşdırılmasına ehtiyac olduğunu bildirir. Lakin, belə bir araşdırmanın aparılmasına ümumiyyətlə ehtiyac yoxdur. Belə ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Müəssisənin mövcudluğu ilə bağlı aiddiyyəti orqanlara verilmiş sorğuların müsbət cavablandırılmaması ilə bağlı cavabdeh orqanın dəlilinə gəldikdə isə, bu hal cavabdeh orqanın təqdim etdiyi etirazla təkzib olunur. Belə ki, etirazda qeyd edilir ki, X1 əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adı aşkar edilmişdir. Odur ki, cavabdeh orqanın həmin müəssisəsinin mövcudluğuna şübhə ilə yanaşması anlaşılan deyil. Beləliklə, iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı (25 il 10 ay 3 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı xx.xx.1987-xx.xx.2001-ci il illərdə keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla, ona hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar