Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-965/2023 30.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi İsmayıllı rayonu Basqal qəsəbə İƏD-nin nümayəndəliyinin 85 saylı Arxiv fondunda saxlanılan 1991-1995-cı illərin Təsərrüfatbaşına kitabında ailə başçısı olmaqla iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi kimi göstərilmişdir. Bundan başqa həmin qeyd edilən həyətyanı torpaq sahəsinə dair onun müvafiq qaydada təsdiq olunmuş yerləşmə sxemidə mövcuddur. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı arxiv arayışını və müvafiq sənədləri cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, həmin torpaq sahəsi başqa vətəndaşa məxsus mülkiyyət sənədi ilə üst-üstə düşür. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin əməkdaşları, tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçnın iddia etdiyi İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi JN-679 A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında X2 verilmişdir. Bu səbəbdəndə həmin torpaq sahəsinin qeydiyyata alınması mümkün deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-563/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Basqal kəndi üzrə həyətyanı torpaq sahəsi ayrılan subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adı qeyd edilən hissə və İddiaçı adına qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-563/2023 nömrəli məktubuna əlavə olunmuş JN – 679A kod 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiqlənmiş surətindən və İsmayıllı rayonu Basqal kəndində həyətyanı torpaq sahəsi ayrılan subyektlərin siyahısından və İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, X2 İsmayıllı rayonu Basqal kəndində 0.08 ha torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2269/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Torpaq sahəsinin naturada mövcud vəziyyətinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. Elektron baza xəritəsinin həmin torpaq sahələrinə aid (Kompleks yerquruluşu xəritəsindən Çıxarış) hissəsindən çıxarış yerquruluşu planı üzrə göstərilmişdir.
4. İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının Basqal Qəsəbə İƏD üzrə nümayəndəliyinin 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Osmanlı X1 rayonu Basqal qəsəbəsində qeydiyyatda olsa da ailə qurduğu vaxtdan (1992-ci il) bugünədək İsmayıllı rayonu Quşencə kəndində yaşayır. Ailə üzvlərindən heç kim Basqal qəsəbəsində qeydiyyatda deyil. “Ev təsərrüfatlarının uçotu kitabı”nda İddiaçı mülkiyyətində 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur, pay torpağı və fərdi yaşayış evi yoxdur.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyət etibarı ilə əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.6-ci maddəsinə əsasən ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələri aparırlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 nömrəli kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində ev təsərrüfatına aşağıdakı anlayış verilir : ev təsərrüfatı– bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər; İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsası kimi İsmayılı rayon Basqal kəndinə aid 1991-96-cı illərə dair təsərrüfatbaşına kitabda ailə başçısı kimi 0,08 ha torpaq sahəsi və fərdi yaşayış evinin olduğununa dair qeydə istinad etmişdir. Qeyd edək ki,1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab”lar müəyyən ərazi hüdudları daxilində,eyni mənzildə yaşayan və təsərrüfat aparan şəxslərin uçotunun aparılması üçün tətbiq edilmişdir.Ayrı təsərrüfat dedikdə şəhər, rayon,kənd inzibati ərazi vahidlərində şəxsə məxsus ayrı fərdi yaşayış evinin, tikilinin, torpaq sahəsinin və mülkiyyətinin uçotunun aparılması nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddia olunan torpaq sahəsi üzərində ümumiyyətlə fərdi yaşayış evi olmayıb və kitabda belə qeydiyyat aparılmayıb. İddiaçının iddia etdiyi torpaq sahəsi JN – 679A kod 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 adına qeydiyyata alınmışdır. Verilmiş sorğular nəticəsində İsmayıllı rayonu Basqal kəndində həyətyanı torpaq sahələri ayrılan subyektlər siyahısında İddiaçı adının olmadığı,həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmadığı müəyyən edilmişdir.Həmin torpaq sahəsi heç bir qurum tərəfindən qeydiyyata alınmamış, 30 ildən artıq müddətdir həmin torpaq sahəsini istifadə etdiyni bildirsə də ailə qurduğu vaxtdan (1992-ci il) bugünədək İsmayıllı rayonu Quşencə kəndində yaşadığı və ailə üzvlərindən heç kimin Basqal qəsəbəsində qeydiyyatda olmadığı müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı, nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə