Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-966/2021 27.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ondan 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, 24 aprel 2021-ci il tarixdə poçt xidməti vasitəsi ilə iddiaçıya barəsində şikayət verilən Q/74 nömrəli 09.04.2021-ci il tarixli Qərar çatdırılmışdır. Qərarın mətni ilə tanış olarkən iddiaçı bu iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialının ondan 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə Qərar qəbul etdiyindən və onun məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsindən xəbər tutmuşdur. İddiaçı cavabdehin 09.04.2021-ci il tarixli Q/74 nömrəli Qərarını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 17.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial Ekspert Komissiyasının 18 yanvar 2018-ci il tarixli rəyinə əsasən ikinci dərəcəli əlillik verilmiş və Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 4.1.2-ci maddəsinə əsasən 462,45 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra İddiaçı 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə 7399,17 manat məbləğində pensiya ödənilmişdir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "xxxx" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən ünvanlanmış 15.04.2019-cu il tarixli NVS-132 nömrəli məktuba aidiyyatı üzrə əlillik siyasəti şöbəsində baxılmışdır. Məktubda 163 nəfərin rəsmiləşdirilmiş göndərişlərinin "xxxx" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən etibarsız hesab edilməsinin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Bununla da siyahıda adları qeyd olunmuş 163 nəfər şəxsin adına göndərişlər işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız edilmişdir. Qeyd edilən siyahıda 59-cu şəxs olaraq İddiaçı adı qeyd edilmişdir. Göstərilənlərə əsasən təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırılması və artıq ödənilmiş pensiya vəsaitinin şöbənin hesabına bərpa edilməsi barədə İddiaçı 22 fevral 2021-ci il və 11 mart 2021-ci il tarixlərində rəsmi məlumat verilməsinə baxmayaraq artıq ödənilmiş pensiya məbləği şöbənin hesabına bərpa edilməmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 18 yanvar 2018-ci il tarixli qərarı ilə İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan isə ona əlilliyə görə əmək pensiyanı təyin etmişdir. “Əmək pensiyaları naqqında” Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə əsasən, Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin əsasnamənin 4.7-ci bəndinə əsasən Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Espertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırıİmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Əsasnamənin 4.9-2-ci bəndinə əsasən Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar xidmət tərəfindən verilir. Əsasnamənin 4.9-3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər. Əsasnamənin 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2020-ci il tarixli, 2-1(102)-968/2020 saylı iş üzrə gəldiyi nəticə aşağıdakı kimi olmuşdur: iş materiallarından göründüyü kimi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 saylı məktubu əsasında əlilliyin qiymətləndirilməsinə əsas verən göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmiş, məhz bu səbəbdən qiymətləndirmə əlillik altsistemində etibarsız edilmişdir. İddiaçıya pensiya ödənişi cavabdeh tərəfindən dayandırılsa da, buna əsas kimi əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilmiş 4110003AAC5E nömrəli forma 88 göndərişinin və əlilliyi təsdiq edən sənədin etibarsız hesab edildiyi səbəb olmuşdur. Bu halda təyin edilmiş pensiya onun əlilliyi ilə bağlı olmuşdursa, cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. İddiaçı 18.01.2018-ci il tarixindən 31.05.2019-cu il tarixinədək Ağdaş rayon şöbəsindən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. Tibbi Sosial Ekspert Komissiyasının 13.05.2019-cu il tarixli Qərarı ilə iddiaçının əlillik dərəcəsi əlillik altsistemində etibarsız edildiyindən ona Ağdaş rayon şöbəsi tərəfindən 18.01.2018-ci il ərixindən 31.05.2019-cu il tarixinədək ödənilmiş 7399,17 manat artıq pensiya məbləğinin şöbənin hesabına bərpa edilməsi barədə İddiaçı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq həmin vəsait şöbənin hesabına bərpa edilməmişdir. Bu səbəblə də iddiaçının cavabdehin 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, qeyd edilən qərar qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalarına riayət edilməklə qəbul edilmiş və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. İddia ərizəsinə etiraza əlavə edilmiş sənədlərin surətindən də göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondu X12in 13 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı artıq aldığı pensiya məbləğini geri qaytarmağı özündə ehtiva edən xəbərdarlıq məktubları 22.02.2021-ci il və 11.03.2021-ci il tarixlərdə göndərilmiş, bundan sonra iddiaçı tərəfindən artıq alınmış pensiya məbləği geri qaytarılmadığından 09.04.2021-ci il tarixdə mübahisə predmeti olan qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Tibbi-sosial ekspertiza müayindəsindən çıxarış”dan görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik 18.01.2018-ci ildə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş və növbəti müayinə tarixi 18.01.2023-cü il olaraq qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 23.01.2018-ci il tarixdə ƏƏSMN yanında DSMF Ağdaş rayon şöbəsinə ərizə ilə müraciət etmiş və ona 18.01.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşa 31.05.2019-cu il tarixədək 7399.17 manat pensiya ödənilmişdir. Fondun ********** nömrəli məktubuna əsasən vətəndaşın əlilliyi "xxxx" QSC tərəfindən ünvanlanmış 25.04.2019-cu il tarixli, NVS-132 nömrəli məktubu əsasında etibarsız edilmiş və ona 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq ödənilmiş məbləğin geri qaytarılması üçün zəruri tədbirlər görülməsinə baxmayaraq artıq ödənilmiş məbləğin ödənilməsindən imtina edilmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 22.02.2021-ci il tarixli bildirişdə qeyd edilir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı RƏF məlumat üçün bildirir ki, Sizin əlilliyiniz Tibbi- Sosial Ekspertiza və X4 etibarsız edildiyi üçün X8 Sizin əlilliyə görə əmək pensiyanız 18.01.2018-ci il tarixdən etibarsız edilmişdir. 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq aldığınız 7399.17 manat pensiya məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 gün ərzində hesaba bərpa etməyinizi Sizdən xahiş edirik”. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 11.03.2021-ci il tarixli xəbərdarlıqda qeyd edilir ki, “Bildiririk ki, əlilliyiniz Tibbi-Sosial Ekspertiza və Reablitasiya Alt sistemində etibarsız hesab edilmişdir. 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq aldığınız 7399.17 manat (yeddi min üç yüz doxsan doqquz manat 17 qəpik) pensiya məbləğinin 10 iş günü ərzində hesaba bərpa etməyiniz haqda Sizə 22.02.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Qeyd olunan müddət keçməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 iş günü ərzində həmin pensiya məbləğinin hesaba bərpa etməyiniz haqda Sizə xəbərdarlıq məktubu göndəririk. Ödəniş təmin edilmədiyi təqdirdə “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən DSMF X12 13 saylı Regional Ərazi filialından almış olduğunuz 7399.17 manat pensiya məbləğinin məcburi qaydada alınması haqda qərar qəbul edib icra olunması uçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərəcəkdir”. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 09.04.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Bildiririk ki, Tibbi Sosial Ekspertiza və X4 əlilliyiniz etibarsız hesab edilmişdir. Ona görə də 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixədək artıq aldığınız 7399.17 manat (yeddi min üç yüz doxsan doqquzman 17 qəpik) pensiya məbləği geri qaytarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən artıq aldığınız 7399.17 manat pensiya məbləğinin alınıb DSMF X12 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqda qərar qəbul etmişdir. Qərarın bir nüxsəsini məlumat və ödənişi həyata keçirmək üçün bank rekviziti ilə birlikdə Sizə göndəririk”. İş materiallarında olan cavabdeh orqanın 09.04.2021-ci il tarixli, Q/74 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialının Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini İddiaçı artıq aldığı 7399.17 manat (yeddi min üç yüz doxsan doqquz man 17 qəpik) məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh orqanın Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 18.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini İddiaçı artıq aldığı 7399.17 manat (yeddi min üç yüz doxsan doqquz man 17 qəpik) məbləğində əmək pensiyasının alınıb Nazirlik tabeliyində DSMF X12 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqqında qəbul etdiyi Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən icra olunması üçün Sizə göndərir”. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisəli qərar 09.04.2021-ci il tarixində qəbul edilmiş, iddiaçı mübahisələndirilən qərarı 24.04.2021-ci il tarixində almış, 18.05.2021-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə iddia ərizəsi ilə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 25.05.2021-ci ildə daxil olmuşdur). Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X10 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 13 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial Ekspert Komissiyasının 18 yanvar 2018-ci il tarixli rəyinə əsasən ikinci dərəcəli əlillik verilmişdir. Müəyyən olunan əlillik dərəcəsinə əsasən 18.01.2018-ci il tarixindən vətəndaşa əlilliyə görə əmək pensiyası təyin edilmiş və 31.05.2019-cu il tarixədək olan müddət ərzində ona ümumilikdə 7399.17 manat məbləğində pensiya ödənilmişdir. Daha sonra iddiaçının əlillik dərəcəsi "xxxx" QSCnin Həkim-Sanitar Xidməti tərəfindən ünvanlanmış 15.04.2019-cu il tarixli NVS-132 nömrəli məktuba əsasən işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız edilmişdir. İddiaçının əlillik dərəcəsi etibarsız edildiyi üçün təyin olunmuş əmək pensiyasının ödənilməsi də dayandırılmış və iddiaçıya 18.01.2018-ci il tarixindən 31.05.2019-cu il tarixinə kimi ödənilmiş məbləğin qanunvericiliyə uyğun qaydada geri qaytarılmalı olduğu bildirilmiş, iddiaçı bununla razı olmadığı üçün mübahisəli qərar qəbul olunmuşdur. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə isə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2- ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) X1rşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87). Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı, §61). Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 18.01.2018-ci il tarixdən 31.05.2019-cu il tarixə kimi aldığı 7399 (yeddi min üç yüz doxsan doqquz) manat 17 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/74 nömrəli 09.04.2021-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-966/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-966/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver