Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-966/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1995-xx.xx.1999-cu illərdə 13 nömrəli Elektrik quraşdırma idarəsində işlədiyi müddətin onun sosial sığorta stajına hesablanması və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1995xx.xx.1999-cu illərdə 13 nömrəli Elektrik quraşdırma idarəsində (Mingəçevir şəhərində yerləşən) işlədiyi müddətin onun sosial sığorta stajına hesablanması ö hdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxxxx 1956-cı ildə Yevlax rayonunda anadan olmuşdur. O, 1973-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X6 texnikumuna daxil olmuşdur. İddiaçı 1975-1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci ilin fevral ayında daxil olduğu və hərbi xidməti ilə bağlı yarımçıq qalmış texnikumu bitirmişdir. İddiaçı xx.xx.1978-ci ildən etibarən əmək fəaliyyətinə başlamış, xx.xx.2021-ci ilədək müxtəlif işlərdə işləmişdir. İddiaçı qeyd edir ki, texnikumda oxuduğu illər və iki il hərbi xidmətdə olmaqla 43 il əmək kitabçası üzrə iş stajının olmasına baxmayaraq, ona 22 il 11 ay (2006-cı il yanvarın 1-dək) sosial sğorta stajının olması bildirilmiş və bu səbəbdən 130 manat məbləğində (hazırda 180 manat) sosial müavinət təyin olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı dövr, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 22 iİ 11 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 21 il 7 ay sığorta stajına uyğun olaraq 16448,01 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1127,94 manat olmaqla ümumilikdə 17575,95 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək 13 №-li Elektrik Quraşdırma İdarəsində olan əmək fəaliyyətinin araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət X3 təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “xx.xx.1995xx.xx.1999-cu illərdə 13 nömrəli Elektrik quraşdırma idarəsində işlədiyi müddətin onun sosial sığorta stajına hesablanması və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1995ci il tarixdən xx.xx.1999-cu il tarixədək Mingəçevir şəhəri 13 saylı Elektrik Quraşdırma İdarəsində işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Filial hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Filial əvvəlcə məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 19 yanvar 2022-ci il tarixli **********5 nömrəli imtinasında İddiaçı məxsus xx.xx.1986-cı il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasına, 042973 nömrəli diplomuna və ******* nömrəli hərbi bileti müvafiq olaraq onun ümumilikdə 22 il 11 ay sosial sığorta stajı olmaqla qanunla tələb edilən müddətdən (25 il) az olduğu, eyni zamandda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixədək 21 il 07 ay sığorta stajına uyğun olaraq 16448,01 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1127,94 manat olmaqla ümumilikdə 17575,95 manat təşkil edir ki, bu məbləğin qanunvericiliklə tələb olunan pensiya kapitalından az olduğu və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilmişdir. Həmçinin Dövlət X2 xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (3 il 07 ay 01 gün) 13 nömrəli Elektrik Quraşdırma İdarəsində olan əmək fəaliyyətinin araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə həmin dövrün araşdırılması və bu dövrün sıorta stajına əlavə edilməsinin mümkün hesab edilməməsi də qərarda öz əksini tapmışdır. Filial qeyd etməyi zəruri hesab edir ki, Fondun 17 saylı Regional ərazi filialı tərəfindən İddiaçı iş satjının araşdırılması məqsədilə “MinqəçevirTikinti 61” ATSC-də qarşılıqlı yoxlama keçirilərək xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 60 saylı Elektrik quraşdırma idarəsində işlədiyi dövrlər arxiv sənədləri ilə öz əksini tapmışdır. Bununla belə, onun xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi 13 nömrəli Elektrik quraşdırma idarəsinin arxiv sənədləri aşkar edilməmiş və Dövlət X2 xx.xx.2021-ci il tarixli məktubunda sözügedən idarənin arxiv sənədlərinin Dövlət arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Filial məlumat üçün bildirir ki, Mingəçevir şəhəri 13 nömrəli Elektrik quraşdırma idarəsinin hansı dövrdə fəaliyyət göstərməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə **********0 nömrəli sorğu göndərilsə də, hazıradək həmin sorğu Dövlət Vergi Xidməti tərəfindən cavablandırılmamışdır. X8 Xidmətinin rəsmi internet səhifəsində də sözügedən müəssisə barədə məlumatlar əldə etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı S.Mirzəyev onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı S.Mirzəyevin yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçı S.Mirzəyevin həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.1-ci bəndinə əsasən, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir Sözügedən Qaydaların 4.2.2-ci bəndinə əsasən, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Göründüyü kimi, iddiaçı S.Mirzəvevin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 07 ay sığorta stajına uyğun olaraq 16448,01 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1127,94 manat olmaqla ümumilikdə 17575,95 manat təşkil edir. İddiaçı S.Mirzəvevin “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq Filial hesab edir ki, iddiaçı S.Mirzəvevin 13 nömrəli Elektrik quraşdırma idarəsində işlədiyini iddia etdiyi xx.xx.1995 - xx.xx.1999-cu illərin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmət keçmişdir. İddiaçı 1973-cü ildən xx.xx.1978-ci ilədək X6 Texnikomunda təhsil almışdır. Hərbi xidmət müddəti təhsil aldığı müddətə təsadüf etmişdir. İddiaçıya məxsus ******* nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1978-ci ildən xx.xx.1986-cı ilədək “Nizami” adına kolxozda; xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək Mingəçevir şəhərində işləmişdir; xx.xx.1994-cü ildə təsərrüfat hesablı Elektrik quraşdırma sahəsinə 2-ci dərəcəli elektrikquraşdırıcı təyin edilmiş; xx.xx.1995-ci ildə Mingəçevir şəhər 6 nömrəli trestin 60 nömrəli tikinti idarəsinə 2-ci dərəcəli elektrik-quraşdırıcı keçirilmiş; xx.xx.1995-ci ildə köçürülmə yolu ilə 2-ci dərəcəli elektrik-quraşdırıcı qəbul edilmiş; xx.xx.1995-ci ildən 13 nömrəli Elektrk quraşdırma idarəsinə 3-cü dərəcəli elektrikquraşdırıcı keçirilmiş; xx.xx.1999-cu ildə 6/1 nömrəli əmrlə həmin tarixdən öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2019-cu ildə 60 nömrəli əmrlə həmin tarixdən “Bozdağ” QOSTSİİ İstehsalat sahəsinə işəmuzd fəhlə qəbul edilmiş; xx.xx.2020-ci ildə 41 nömrəli əmrlə İstehsalat sahəsinə 4-cü dərəcəli sürücü keçirilmiş; xx.xx.2020-ci ildə 77 nömrəli əmrlə İstehsalat sahəsinə işəmuzd fəhlə keçirilmiş; xx.xx.2021-ci ildə 05 nömrəli əmrlə İstehsalat sahəsinə 4-cü dərəcəli sürücü keçirilmiş; xx.xx.2021-ci ildə 57 nömrəli əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş və onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasını tələb etdiyi xx.xx.2021-ci il tarixə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının təhsil və hərbi xidmət müddəti (ümumilikdə 4 il 5 ay 23 gün (hərbi xidmət müddəti 1 il 11 ay 28 gün) + “Nizami” adına kolxozda işlədiyi müddət ( 7 il 10 ay 7 gün) + xx.xx.1986-xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü (7 il 5 ay 27 gün) + xx.xx.1994-xx.xx.1999-ci illər üzrə əmək fəaliyyəti dövrü (5 il 4 ay 1 gün) + xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək “Bozdağ” QOSTSİİ İstehsalat sahəsində işlədiyi müddət (1 il 7 ay 3 gün) nəzərə alınmaqla ümumilikdə 26 il 9 ay 1 gün iş stajı vardır. Cavabdeh tərəfindən isə əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1995-xx.xx.1999-cu illərdə 13 nömrəli Elektrik quraşdırma idarəsində işlədiyi müddətin onun sosial sığorta stajına hesablanması və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-966/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-966/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver