Məhkəmə qərarları › İş №2-1(116)-966/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-966/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-966/2025 25.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, hüququnun yarandığı tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 2024-cü ildən əvvəlki 3 (üç) il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən xx.xx.1962-ci ildə anadan olmuşdur, hazırda 62 yaşı vardır. iş stajı və işlədiyi sahə ağır sahə olduğundan 57 yaşı bitdiyi xx.xx.2017-ci ildən güzəştli şərtlə əmək pensiyası təyin edilməli idi. Belə ki, o, 1976-1979-cu illərdə peşə təhsili almış və 2-ci dərəcəli çilingər peşəsinə yiyələnmiş, 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən xx.xx.2005-ci ilədək X2 Müəssisəsində çilingər işləmişdir. Beləliklə onun hərbi xidmət və təhsil illəri də, daxil olmaqla ümumilikdə 26 il 7 ay ümumi iş stajı və bunun da 21 il 7 ayı ağır və zərərli sahə olan çilingər işində işlədiyi iş illəri olmuşdur. Yuxarıda qeyd edilən iş illəri əvvəlki qanunvericiliklə nəzrədə tutulan qaydada 57 yaşının bitdiyi vaxtdan güzəştli şərtlə pensiya təyini üçün imkan verir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin. Lakin cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubu ilə tələbindən imtina edərək bildimişi ki, X2 Müəssisəsinin 1997-ci il tarixdən sonra fəaliyyəti olmamışdır və xx.xx.1983xx.xx.2005-ci illərdə orada işlədiyi iş illərimi nəzərə almaqdan imtina edilmişdir. İmtina ilə razı olmadığından məhkəməyə müraciət etməli olmuşdur. X1 xx.xx.1995-ci ildə X7 Müəssisəndən ayrılaraq müstəqil müəssisə olmuşdur. Bununla əlaqədar bütün sənədlər X2 Müəssisəsinə təhvil verilmişdir. xx.xx.1996-cı ildə Avtokombinatda olan yanğın nəticəsində X2 Müəssisəsinin nəzdində olan idarədə bütün əşyaları tamamilə yanmışdır. Müəssisə xx.xx.1997-ci il tarixdə yenidən X5 birliyinin tərkibinə verilmiş, 02 fevral 1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə qədər olan sənədlər X5 birliyinə təhvil verilmişdir, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 08 dekabr 1997-ci il tarixli 1143 nömrəli X9 X3 özəlləşdirilmişdir. X2 Müəssisəsi “Azəravtonəqliyyat” Dövlət Konserninin xx.xx.1996-cı il tarixli 159 nömrəli əmrinin 1.10-cu bəndinə əsasən X5 Birliyinin tərkibə daxil edilmişdir. İddiaçının həmin müəssisədə işləməyi və iş şəraitinin ağır olması barədə Yevlax NEM Mingəçevir filialının rəisi tərəfindən Güzəşt arayışı təqdim edilmişdir. Həmin arayışda da qeyd edilən müəssidə əmək fəaliyyəti xüsusilə də ağır sahədə güzəştli şərtlə pensiya təyininə imkan verən sahədə işləməyi qeyd edilmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən işlədiyi müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təqdim etmədiyi və 1997-ci ildən sonra qeydiyyatdan keçmədiyi üçün xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 57 yaşına xx.xx.2019-cu il tarixdə çatmışdır. Beləliklə, İddiaçı tələbi üzrə 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; xx.xx.2006-cı il tarixədək 02 nömrəli siyahı üzrə 12 il 06 ay güzəştli iş stajı. Mərkəzi Filiala iddiaçı tərəfindən təqdim edilən xx.xx.1999-cu il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində X2 müəssisəsində çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğumuza cavab olaraq həmin müəssisənin sənədlərinin X8 Filialına təhvil verilmədiyi, müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təqdim etmədiyi və 1997ci ildən sonra qeydiyyatdan keçmədiyi, heç bir fəaliyyətinin olmadığı, hüquqi ünvanın müəyyən edilmədiyi bildirilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçı V.Baqırovun ümumi iş stajı 25 ildən az (02 il 01 ay 16 gün ((xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. İddiaçı tərəfindən təqdim edilən ИТ-1 ******* nömrəli əmək kitabçasının 2 və 3-cü səhifəsinin 1-ci qeydinə əsasən xx.xx.1983-cü il tarixdə 64 nömrəli əmrlə “Minqeçevir X3”ndə çilingər vəzifəsinə qəbul edilmiş, həmin səhifənin 2-ci qeydində xx.xx.2005-ci il tarixdə 166 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Lakin sözügedən əmək kitabçasında iddiaçının iş yeri barədə 1-ci qeyd 1983-cü ilə aid olsa da, əmək kitabçası xx.xx.1999-cu il tarixdə latın qrafikalı əlifba ilə doldurulmuşdur. İdiaçı iddia ərizəsində xx.xx.1996-cı il tarixdə Avtokombinatda baş verən yanğın nəticəsində müəssisənin nəzdində olan idarədə bütün əşyaların (bütün sənədlər daxil olmaqla) tamamilə yandığını qeyd etmişdir. Bununla da müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və iddiaçının işlədiyi dövrə dair sənədlərin yanması faktı iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı qeydlərin hansı sənədlər əsasında yazılmasını şübhə altına alır. Bununla da əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə olan halda iddiaçıya pensiya təyinatı üçün əsas kimi əmək kitabçası mötəbər sübut qismində qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən az, güzəştli iş stajının isə olmaması səbəbindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;

2. İddiaçıya məxsus İT-İ ******* seriya nömrəli əmək kitabçası;

3. İddiaçıya məxsus AZE 0******* nömrəli şəxiyyət vəsiqəsinin surəti,

4. 824211 nömrəli diplom;

5. “Aznəqlmagistral” Respublika İstehsalat Birliyinin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışları;

6. AR SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı;

7. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 2024-cü ildən əvvəlki 3 ilin hesablanaraq ödənilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1) qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır. 2) azı 25 il ümumi sosial sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmalıdır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçı tərəfindən təqdim edilən xx.xx.1999-cu il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində X2 müəssisəsində çilingər vəzifəsində işlədiyi qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin müəssisənin sənədlərinin X8 Filialına təhvil verilmədiyi, müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təqdim etməmişdir və 1997-ci ildən sonra qeydiyyatdan keçməmişdir, heç bir fəaliyyəti olmamışdır, hüquqi ünvanın müəyyən edilməmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən yuxarıda qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən ИТ-1 ******* nömrəli əmək kitabçasının 2 və 3-cü səhifəsinin 1-ci qeydinə əsasən xx.xx.1983-cü il tarixdə 64 nömrəli əmrlə “X2 Müəssisəsi”ndə çilingər vəzifəsinə qəbul edilmiş, həmin səhifənin 2-ci qeydində xx.xx.2005-ci il tarixdə 166 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Təqdim edilən Əmək kitabçasının sonradan tərtib edildiyi məlum olsa da hansı sənədlərə əsasən tərtib olunması məlum deyildir.Bundan başqa işə daxil olma və işdən azad olma əmrlərini imzalayan K.Məmmədovanın iki imzası arasında gözlə görünə bilən aşkar vizual fərq mövcuddur,həmin fərq Güzəştli arayışda da müşahidə edilir. Bundan başqa məcburi köçkün statusuna malik olan və Ağdam rayon Kəngərli kəndində qeydiyyatda olan iddiaçının qeydiyyatda olduğu kəndin işğal olunmasından əvvəlki dövrdə, 1983-1993-cü illərdə Mingəçevir şəhərində yaşaması müəyyən edilməmişdir. Beləliklə, iddiaçının xx.xx.1983-xx.xx.2005-ci illər arasındakı əmək fəaliyəti ilə bağlı əmək kitabçasında aparılan qeydlərin mötəbərliyi təsdiq olunmadığından və iddiaçının ümumi və xüsusi iş stajı tələb olunan dövrdən az olduğundan cavabdeh orqanın imtinası haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi uğursuzdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:

Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar