Məhkəmə qərarları › İş №2-1(116)-967/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-967/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-967/2024 20.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası X6ə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli əlilliyin təyin edilməsi üçün tibbi göndərişin verilməsindən imtina aktının ləğv edilməsi və səhhətində olan ağır xəstəlikləri nəzərə almaqla ətraflı tibbi göndəriş (forma 88) tərtib edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası X6ə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli əlilliyin təyin edilməsi üçün tibbi göndərişin verilməsindən imtina aktının ləğv edilməsi və səhhətində olan ağır xəstəlikləri nəzərə almaqla ətraflı tibbi göndəriş (forma 88) tərtib edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmış və bir çox bədən üzvləri əmək qabiliyyətsizdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2014-cü ildə ona xəstəlik qərarı verilmiş və xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildən o lazım olan sənədlərlə, pensiya və təqaüdlə təmin edilmişdir. 2019-cu ilin iyun ayında pensiya və təqaüdü dayandırılmışdır, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Sosial və əlil hüquqları pozulduğu üçün Səki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibatı Məhkəməsinin 2-1(116)-1580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə ədalətli məhkəmə tərəfindən iddia tələbi təmin edilmiş və əlilliyi bərpa edilmişdir. Əlillik müddəti bitdikdən sonra Qəbələ rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, əlilliyinə tibbi göndəriş imtina edilmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində N20240003AAKNC saylı Tibbi Sosial Ekspertiza Komissiyasına göndəriş (forma TQSN288) verilmişdir. İddiaçı Əhmədiyyə oğlu xx.xx.2022-ci ildə TSEK də müayinə olunmuş və ona imtina verilmişdir. İmtina qeydində “qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmağınız tövsiyə olunur” göstərilmişdir. Daha sonra vətəndaş İddiaçı Əhmədiyyə oğlu əlilliyin müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində həkim Məsləhət Komisiyasına müraciət etmişdir. Həkim məsləhət komissiyasında baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı G11 diaqnozu və ağırlaşması Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarında qeyd olunmuş tibbi göstəriş siyahısında” yoxdur. Məhz buna görədə İddiaçı Əhmədiyyə oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 saylı qərarına əsasən “şəxsin əlilliyinin qiymətləndirilməsi məqsədi ilə “tibbi göndərişin verilməsindən imtina" aktı tərtib edilmiş, qanunun tələbləri ətraflı şəkildə vətəndaşa izah edilmiş və verilmiş qərardan narazılığı olduğu halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Yuxarıda göstərilmiş normativ aktlardan da aydın olur ki, vətəndaş İddiaçı göndərişin verilməsindən imtinaya səbəb bir başa Qəbələ RMX PHŞ-dan və ya hər hansısa bir həkimin fəaliyyətindən qaynaqlanmır, imtinaya səbəb vətəndaşın vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunsuzluğu olmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 258 nömrəli qərarı, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1580/2023 nömrəli qərarı (cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyinin - əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi qoyulmuşdur), “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X5 0240003AAKNC nömrəli göndərişi (forma-88), xx.xx.2023-cü il tarixli Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyi təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina aktı. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-967/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2024-cü il tarixli 1933 nömrəli məktubu və ona əlavə olunmuş T215/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin həkim komissiyası tərəfindən müayinə olunarkən ona psixiatr tərəfindən “Kəskin ifadəli ləbil pozuntu, koqnutif funksiyanın enməsi. Dissosiativ pozuntu”, digər həkimlər tərəfindən isə “Yan amiotrofık skleroz sindromu. Yuxarı ətrafların paraparezi” diaqnozu, xx.xx.2023- cü il tarixdə X1 və Ortopediya İnstitutunda komissiya tərəfindən isə “Sol çiyin qurşağının qəlpə yaralanması. Sol körpücük sümüyünün orta-distal l\3-nin qeyri düzgün bitişmiş sınığı. Sol bazu oynağının uzaqlaşdırım kontrakturası- 75dər. Sol yuxarı ətrafın əzələ atrofıyası. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu generəlizə olunmuş bronxostruksiya. W33.0, G36.4, M24.5, M62.5.” diaqnozları müəyyən edilmişdir. İddiaçı hazırda G 11 (Keçikmiş beyincik ataksiyası) xəstəliyi və onun ağırlaşmalarının olub-olmamasının təyini üçün şəxsin nevroloji profilli xəstəxanada (şöbədə) müayinəsi aparıldıqdan sonra sözügüdən sualların həllinə nail olmaq olar. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki “öhdəliyin icrası” haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun sağlamlıq vəziyyəti barədə müvafiq göndərişin tərtib edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia qismən əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” ... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması. ... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İş materiallarından görünür ki, cavabdeh orqanın imtina dəlili iddiaçıda G11 kodu ilə müəyyən edilmiş diaqnozun və ağırlaşmasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə tibbi göstəriş siyahısında olmaması ilə bağlıdır. Bununla belə iş üzrə alınmış “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 T215/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin həkim komissiyası tərəfindən müayinə olunarkən ona psixiatr tərəfindən “Kəskin ifadəli ləbil pozuntu, koqnutiv funksiyanın enməsi. Dissosiativ pozuntu”, digər həkimlər tərəfindən isə “Yan amiotrofik skleroz sindromu. Yuxarı ətrafların paraparezi” diaqnozu, xx.xx.2023- cü il tarixdə X2 və Ortopediya İnstitutunda komissiya tərəfindən isə “Sol çiyin qurşağının qəlpə yaralanması. Sol körpücük sümüyünün orta-distal l\3-nin qeyri düzgün bitişmiş sınığı. Sol bazu oynağının uzaqlaşdırım kontrakturası- 75dər. Sol yuxarı ətrafın əzələ atrofıyası. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu generəlizə olunmuş bronxostruksiya. W33.0, G36.4, M24.5, M62.5.” diaqnozları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının tələblərinə uyğun göndərişin verilməsi üçün əsasların olub-olmamasının yoxlanılması məqsədilə həkim komissiyası tərəfindən şəxsin və ya müalicə həkiminin müraciəti əsasında müvafiq tibbi sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi təmin edilməlidir. Zərurət olduğu halda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilibgöndərilməməsi məsələsi həll edilməli, toplanmış tibbi sənədlərin təhlili nəticəsində göndərişin verilib-verilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Lakin, hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin həkim komissiyası tərəfindən müayinə olunarkən iddiaçıya psixiatr tərəfindən qoyulmuş diaqnozlara, o cümlədən X2 və Ortopediya İnstitutunda komissiya tərəfindən qoyulmuş diaqnozlara münasibətdə iddiaçının sağlamlıq vəziyyətinin yoxlanılması istiqamətində hər hansı araşdırma aparmamışdır. Cavabdeh orqanın iddiaçıya qoyduğu G11 diaqnozuna münasibətdə isə məhkəmə qeyd edir ki, istinad olunan ekspert rəyində həmin diaqnozun (Keçikmiş beyincik ataksiyası) xəstəliyi və onun ağırlaşmalarının olub-olmamasının təyini üçün şəxsin nevroloji profilli xəstəxanada (şöbədə) müayinəsinin aparılması zərurətinin olduğu qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqan müəyyən etdiyi G11 diaqnozunun özünü belə iddiaçının ixtisaslaşdırılmış tibb müəssisəsində (nevroloji profilli xəstəxanada) müayinəsini təmin etmədən qeyd etmişdir ki, bütün qeyd olunan hallar inzibati araşdırmanın səthi və formal apardığını sübut edir. Odur ki, yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətini Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin, o cümlədən X2 və Ortopediya İnstitutunun həkim komissiyasının qoyduğu diaqnozlar əsasında ətraflı müayinə etməli, həmçinin G11 diaqnozuna münasibətdə diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin nevroloji profilli ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilməsini təmin etməli, toplanmış tibbi sənədləri təhlil etməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin tibbi göstəriş siyahısını rəhbər tutaraq əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi göndərişin verilib-verilməməsi ilə bağlı əsaslandırılmış qərar qəbul etməlidir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən (işin hallarının obyektiv araşdırılması) 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin üzərinə məhkəmənin hazırkı qərarda ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi göndərişin verilməsi məsələsinə yenidən baxılması öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, hazırkı vəziyyətdə cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətinin ona əlilliyin təyin edilməsinə imkan verib-verməməsi ilə bağlı zəruri olan həcmdə araşdırmanın aparılmasını təmin etməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Qəbələ Rayon Mərkəzi Xəstəxanası X5 üzərinə məhkəmənin hazırkı qərarda ifadə olunmuş hüquqi mövqeyinə uyğun olaraq iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi göndərişin verilməsi məsələsinə yenidən baxılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar