Məhkəmə qərarları › İş №2-1(116)-969/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-969/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-969/2020 10.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X18 qızının katibliyi, Üçüncü şəxslər X15, X9, X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “3-cü şəxslər X5, X16, X10, X6, X8 Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 4 saylı evin 110 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 10 iyul 2015-ci il tarixdə Mingəçevir şəhəri Əliağa Vahid küçəsi ev 4, mənzil 110-da yerləşən 1 otaqlı mənzili Dövlət Notariat Kontorunda alqı-satqı yolu ilə alımışdır. Həmin vaxtı 3-cü şəxslər ona söz vermişlər ki, mənzildən qısa müddətdə qeydiyyatdan çıxacaqlar. Onların bu sözlərinə inanaraq və ailə işləri ilə məşğul olduğu üçün 3-cü şəxslərin pasport qeydiyyatından çıxmaları ilə məşğul ola bilməmişdir. Bu günə kimi 3-cü şəxslər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil ona satıldığı gündən onlar mənzilə olan istifadə hüquqlarını itiriblər. Əslində 3-cü şəxslərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir qohumluq əlaqəsi yoxdur ki, onlar iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə onların onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. 3-cü şəxslərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Dəfələrlə 3-cü şəxslərin könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxmaları barədə onlara müraciət etmişdir. Lakin bu günə qədər 3-cü şəxslər mənzildən qeydiyyatdan çıxmayıblar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia qarşı münasibətində bildirmişdir ki, X2 12.11.2008-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 06731226 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X7 12.11.2008-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 06731228 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X4 14.06.2005-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 02596704 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. vət.X16, X15 barəsində məlumat yoxdur. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim etdiyi sənədlərin surətinin Sizə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında üçüncü şəxslər ərizə təqdim edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh 16.03.2020-ci il tarixli 158- 9326M-3220 nömrəli imtina məktubu, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı, Cavabdeh 01.06.2020-ci il tarixli 158-18198-1220 nömrəli məktubu, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 01.06.2020-ci il tarixli **********58 nömrəli məkubu, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Alqı-Satqı Müqaviləsinin surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarışı, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Alqı-Satqı Müqaviləsinin surəti, 02164 nömrəli Qeydiyyat vəsiqəsinin surəti, 14.04.2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti, AZE seriyalı 15350110 nömrəli, AZE seriyalı 15350030 nömrəli və AZE 181590 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı 10.08.2020-ci il tarixli telegram göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhər Əliağa Vahid küçəsi 4 saylı evin 110 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 21.02.2020-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı Əliağa Vahid küçəsi 4 saylı evin 110 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X3 Vahid küçəsi 4 saylı evin 110 saylı mənzili İddiaçı satmışdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə üçüncü şəxslər X5, X16, X10, X6, X8 İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, Əliağa Vahid küçəsi 4 saylı evin 110 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar