Məhkəmə qərarları › İş №2-1(116)-969/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-969/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-969/2023 06.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışda zəruri düzəlişlər edilərək, üçüncü şəxsin adının çıxarılmasına və ünvan 2 ünvanında yerləşən 0,86 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binasının vahid daşınmaz əmlak kimi adına qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-969/2023 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, üçüncü şəxs X7 0.86 km torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2003-cü il tarixdə tikintisinə başlanılmış yarmıçıq sexi satın almışdır. Buna görə aralarında Qax rayon Notariat kontorunda xx.xx.2004-cü il tarixli 212344 saylı müqavilə bağlanmışdır. İddiaçı həmin torpaq sahəsinə və orada inşa etdiyi avtomobil təmiri sexlərinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş, xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli çıxarış verilmişdir. Çıxarış verilərkən 0.0051 km torpaq sahəsini tam mülkiyyət hüququ ilə üçüncü şəxsin adına vermişlər. Lakin müqavilədə həmin torpaq sahəsi 0,86 km torpaq sahəsi qeyd edilmişdir. Cavabdeh alqı-satqı müqaviləsini nəzərə alaraq çıxarış verdiyi halda torpaq sahəsinə də çıxarış verməlidir. Eyni zamanda özünə məxsus olan çıxarışda üçüncü şəxsin adının olması ona hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 16 noyabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mülkiyyətinə dair çıxarışda X8 torpaq sahəsinə tam hüquq sahibi kimi qeydiyyatının əsassız və qanunsuz olması səbəbindən müvafiq qeydin silinməsini və İddiaçı adına qeyri-yaşayış sahəsinə və yerləşdiyi torpaq sahəsinə dair yeni çıxarışın verilməsini xahiş etmişdir. Ərazi İdarəsinin arxiv materiallarında İddiaçı adına qeyri-yaşayış binası tam, X8 adına isə torpaq sahəsi tam olaraq verilmiş, xx.xx.2019-cu il tarixli, **********56-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 619 inventar nömrəli texniki pasport mövcuddur. Sözügedən çıxarış qanunvericiliyin tələbləri nəzərə alınmaqla qeydiyyata alınmışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi Qax rayon notariat ofisində bağlanmış xx.xx.2004- cü il tarixli, 4Ə-49 reyestr nömrəli alqı-satqı müqaviləsində alqı-satqı predmeti 2003-cü ildə tikintisinə başlanılmış yarımçıq sex olmuşdur. İşdə olan alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı - X11 alıcı - İddiaçı 86 kv.m torpaq sahəsində yerləşən yarımçıq sexi satmışdır. Həmin qeyri-yaşayış binası 72.1 kv.m iddiaçının hazırda tam mülkiyyətindədir. İddiaçı mübahisələndirdiyi üçüncü şəxs X8 adına torpaq sahəsi Qax rayonu Qaxingiloy X1 51 kv.m torpaq ayrılması barədə 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı (Qaxingiloy Bələdiyyəsinin sədri Nəzirovun imzası və möhürü var), X2 nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı (Qaxingiloy Bələdiyyəsinin sədri - Ş.Nəzirov və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin mütəxəssisi F.Abbasovun imza və möhürləri var), X10 Toppax kəndi ərazisində sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) və X11 tərəfindən sex tikintisi üçün rayonun Toppax kəndi ərazisində satın almaq istədiyi 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) əsasında qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2019-cu il tarixli 619 inventar nömrəli (**********56-06301 reyestr nömrəli) texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü faktiki 84 kv.m, sənəd üzrə 51 kv.m, hüquq subyekti İddiaçı, həmin torpaq sahəsinin 33 kv.m-nin dövlət torpağı olması qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi üzərində X8, 72,10 kv.m qeyri-yaşayış binası üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2004-cü il tarixli 212344 nömrəli müqavilədən görünür ki, X6 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 103 saylı sərəncamı və Qax rayon TİB-nun xx.xx.2004-cü ildə verdiyi 934 saylı arayışa əsasən ona məxsus olan Qax rayonunun Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlamış yarımçıq sexi İddiaçı satmışdır. - Azərbaycan Respublikası Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarından görünür ki, Qaxingiloy kənd sakini X10 Qaxingiloy bələdiyyəsinə məxsus alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sex tikmək məqsədilə 51 kv.m torpaq sahəsinin satılması qərarı alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışdan üçüncü şəxs X8 adının çıxarılmasına, ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Belə ki, iddiaçı bildirir ki, xx.xx.2004-cü il tarixli 212344 nömrəli müqavilə ilə Qax rayonunun Toppax kəndində (hazırda ünvan 1) yerləşən 86 kv.m torpaq sahəsini və yarımçıq sexi üçüncü şəxsdən alqı-satqı yolu ilə almışdır. İddiaçı, həmin daşınmaz əmlaka dair tərtib edilmiş çıxarışda cavabdeh tərəfindən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyətçi olaraq qeyd edilməsini mübahisələndirir. Yəni iddiaçı, həmin yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi ilə birgə ona satılmasını, buna görə də həm torpaq sahəsi, həm də tikili üzərində tam mülkiyyət hüququnun olmasını iddia edir. İş materialları ilə müəyyən edilir ki, iddia olunan 51 kv.m torpaq sahəsi Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə X4 tikmək məqsədilə satılmışdır. xx.xx.2004-cü il tarixdə iddiaçı və üçüncü şəxs arasında alqı-satqı müqaviləsi bağlanarkən tikilinin yerləşdiyi 51 kv.m torpaq sahəsinə münasibətdə üçüncü şəxsin mülkiyyət hüququna qanuni gözləntisi olmuşdur. Cavabdeh orqan həmin torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə tərəfindən satılmasını mübahisələndirməmiş və hazırkı iş üzrə mübahisələndirilən çıxarışda torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddia tələbinə etirazında cavabdeh orqan qeyd edir ki, üçüncü şəxs X8 adına torpaq sahəsi Qax rayonu Qaxingiloy Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış, satılması nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı, sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi və 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi mövcuddur və qeydiyyat da məhz həmin sənədlər əsasında aparılmışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsaslar olsa da, cavabdeh orqan nəzərə almamışdır ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2004-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 51 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, üçüncü şəxs həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar üçüncü şəxsə məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçsin. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq Məcəlləsinin 88-ci maddəsin 3-cü bəndinin yeni redaksiyada verilmiş birinci abzasının tələbləri baxımından da, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, həmin torpaq sahəsinin mülkiyyətçisinin (yəni tam həcmdə) üçüncü şəxs olması tələb olunurdu. Bu isə onu deməyə əsas verir ki, üçüncü şəxsin mülkiyyətçisi sayıldığı torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir. Mülki Məcəllənin 245-ci maddəsində də (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2004cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa üçüncü şəxsin adının daxil edilməsində səhvə yol vermişdir. Odur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyriyaşayış binası üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar