Məhkəmə qərarları › İş №2-1(116)-97/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-97/2020

01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-97/2020 01.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X12 qızının katibliyi İddiaçılar İddiaçı1 və X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və X3 Cavabdeh2nə qarşı “üçüncü şəxslər X6, X4, X8, X5 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Qəbələ şəhəri, Nəsimi küçəsi ünvanında yerləşən 40 nömrəli evdə pasport qeydiyyatda olmaqla yaşayır. Hazırda yaşadığı evdə əvvəllər onun valideyinləri yaşamışlar, iddiaçı və qardaşı Əbülfət həmin evdə doğulmuşdur. Valideyinləri vəfat edəndən sonra da iddiaçı qardaşı ilə həmin evdə yaşamışlar. İddiaçı ailə qurduqdan sonra da sözügedən evdə ailəsilə birlikdə yaşamışdır. Qardaşı İddiaçı1 isə ailə qurandan sonra özünə başqa yerdən ev almış və ailəsi ilə birlikdə öz evində yaşayır. 19 iyun 2019-cu il tarixdə qardaşı Əbülfətlə o, DƏDRX-nin ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin yerləşdiyi 0.08 ha. torpaq sahəsinə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra qardaşı İddiaçı1 yaşayış evinin 2/1 hissəsindən və torpaq sahəsinin tam hissəsindən imtina edib ona bağışlamaq üçün aidiyyatı üzrə Qəbələ “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Kontoruna müraciət vermişdir. Sonuncu onların tələblərini təmin etməkdən imtina edərək sözügedən evdə iddiaçıdan başqa X6, X4, X8 və X5 pasport qeydiyyatında olduqlarını əsas gətirərək onların da öz paylarından imtina etmələrinin lazım oİduğu bildirilmışdi. Qeyd edir ki, X6, X4, X8 və X2 qonşularıda, faktiki olaraq maraqlı şəxslər ünvan 3 ünvanda yaşayırlar. Qardaşı Əbülfətin və onun həmin şəxsləri heç bir qohumluq əlaqələri yoxdur və onun yaşadığı evdə heç vaxt yaşamamışlar. X6, X4, X8 və X9 bu günədək sözügedən mənzildə pasport qeydiyyatında olduqlarından iddiaçının mənzildən istifadə və sərəncam hüquqlarını pozurlar. Bu hal isə onun konstitusiya hüquqlarının pozulması ilə nəticələnmişdir. Yuxarıda adları çəkilən şəxslərin faktiki olaraq sözügedən mənzildə yaşamamalarına onların pasport qeydiyyatı formal xarakter daşımasına baxmayaraq, dəfələrlə maraqlı şəxlərə evindən pasport qeydiyyatından çıxmalarını tələb etməyinə baxmayaraq evindən qeydiyyatdan çıxmalarından imtina etmişlər. Maraqlı şəxslər 01 fevral 2006-cı il tarixdən ünvan 4 ünvana qeydiyyata alınmışlar. Tərəfindən ərizə ilə Qəbələ rayon Polis İdarəsinə müraciət edərək X6, X4, X8 və X5 onun və qardaşının mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsi ünvanda yerləşən 40 saylı evdən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Qəbələ rayon Polis İdarəsi ərizəsinə cavab olaraq bildirmişdir ki, X6, X4, X8 və X1 mənzilə olan hüquqlarının itirilməsi üçün Qəbələ regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Notariat kontoruna müraciət etməyini bildirilmişdir. Məhkəmənin 01.06.2020-ci il tarixli iclasında iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “üçüncü şəxslər X6, X4, X8, X5 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçılar tələblərinin təmin olunmasını xahiş etdilər. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsiqələrin surətləri, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ******* nömrəli arayışları, 08.07.2019-cu il tarixli **********39 nömrəli Baza xəritəsindən çıxarış, Cavabdeh2 28.06.2019-cu il tarixli 14/144-15036C-1419 və 16.10.2019-cu il tarixli 14/144-25308-1219 nömrəli, 08.08.2019-cu il tarixli 14/144-17961K01-1119 nömrəli, 24.04.2020-ci il tarixli 13/144-9619-1220 nömrəli məktubları, 19.06.2019-cu il tarixli Çıxarışın təsdiqlənmiş surəti, 19.06.2019-cu il tarixli 406-1/745 nömrəli, 26.11.2018-ci il tarixli Texniki Pasportlar, 16.04.2019-cu il tarixli Şəhadətnamə, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 28.08.2019-cu il tarixli **********10 nömrəli, 21.10.2019-cu il tarixli **********38 nömrəli məktubları, Qəbələ Rayon Məhkəməsinin 05.15.2018-ci il tarixli 2(025)-685/2018 nömrəli Qətnaməsi, АЗ seriyalı 081307 nömrəli evlənmək haqqında Şəhadətnamənin surəti, İ-ИЕ seriyalı 815332 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AR ƏN Qəbələ Regional ASAN xidmət Mərkəzində Notariat Kontorunun 02.11.2018-ci il tarixli, 26.12.2019-cu il tarixli 1495 nömrəli məktubu, JN seriyalı 1503F nömrəli, JN seriyalı 1572F Şəhadətnamələrin surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan 19.06.2019-cu il tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 44.90 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi və 0.08 ha torpaq sahəsinə tam İddiaçı1 mülkiyyət hüququ və fərdi yaşayış evinin ½ hissəsinəX3 mülkiyyət hüququqeydiyyata alınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb qeyd edir ki, qeyd olunan mübahisənin yaranmasına səbəb iddiaçıların hazırda mülkiyyətlərində olan evə çıxarış alarkən ünvanın dəyişməsi olmuş, yəni həqiqətən həmin evin ünvanı əvvəl ünvan 7radan isə Qəbələ şəhərində yeni ünvanlar verildiyi üçün həmin evə ünvan 8atdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslərin hazırda yaşadıqları ünvanla iddiaçıların mülkiyyətində olan evin ünvanı üst-üstə düşür. Evlər ayrı-ayrı yerlərdə olmasına baxmayaraq ünvanlar eynidir. Bunun səbəbi isə 3-cü şəxslərin özlərinə məxsus olan evə yeni çıxarışın alınmaması olmuşdur. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh2 üzərinə üçüncü şəxslər X6, X4, X8, X5 iddiaçılar İddiaçı1 və X3mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar