Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-97/2022 05.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Hacı-X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X17, X14, X11 və X1 adına səhv verilmiş JN- 332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X7, X12, X8 və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X17, X14, X11, X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməndə zəruri düzəlişlərin edilməsi, hüquqi sənədə iddiaçının adının işlənilməsi və Qax rayon AİK-nın 26.05.206-cı il tarixli 01 saylı qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi AİK-dan əvvəlki vaxtdan hal-hazıradək iddiaçının istifadəsindədir. AİK-nın səhvi üzündən torpaq sahəsi səhvən X17, X14, X11, X1 adına sənədləşdirilmişdir. Lakin Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XK-ya həvalə edilmişdir. Hazırkı vaxtadək AİKnın qərarı icra edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********71 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Qax rayonu, Qaysarlı kəndində yerləşən 3,35 ha torpaq sahəsinə X27, X30, X31 və X18 adlarına 07 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 06 noyabr 2017-ci il tarixli A№ 201114 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2-1(116)-130/2020 saylı qərarı ilə X13 və ailə üzvlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, üçüncü şəxslər X27 və digərlərinə qarşı "cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ərizəsi təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət 12 saylı Şəki Ərazi İdarəsi üzərinə RX ******* nömrəli, 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli **********19 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında üçüncü şəxslər X17 və onun ailə üzvləri X2, X14, X11 və X1 adları qeyd olunan JN-332B, KOD 40304018 (0,08 ha), JN-332F, KOD 40304018 (0,29 ha), JN- 332H, KOD 40304018 (0,12 ha), JN-332G, KOD 40304018 (0,39 ha) və JN-332A, KOD 40304018 (0,12 ha) nömrəli torpağın mülkiyyətə verilməsinə dair 5 ədəd şəhadətnamə mövcuddur. Lakin sözügedən şəhadətnamələrin hansı əsaslarla verilməsi haqqında sənədlər mövcud deyildir. İddiaçı xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək JN-332H, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin öz adına işlənməsini xahiş etmişdir. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. İddiaçının müraciətə əlavə etdiyi Almalı Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 01 saylı qərarı və Qax rayon Aqrar İslahat Komissiyasının 26 may 2006-cı il tarixli, 01 saylı qərarı ilə müraciətin məzmunu uyğunsuzluq təşkil etdiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından Qax rayonu, Almalı kəndində yerləşən və JN-332H, kod 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X17 və ailə üzvlərinin adına verilmiş 0,12 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması mümkün olmamış və bu səbəbdən aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş üzrə üçüncü şəxslər üçüncü şəxslər X17, X14, X11 və X9 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişlər ki, həqiqətən də Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən onlara 0,12 ha həyətyanı torpaq sahəsi səhvən verilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı verilməli idi. Belə olan halda onlar həmin torpaq sahəsinin hüquqi sənədinin əslini almaqdan imtina etmiş və həmin sənədi iddiaçıya qaytarmışlar. Buundan əlavə Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XKya həvalə edilmişdir. Hazırkı vaxtadək AİK-nın qərarı icra edilməmişdir. Üçüncü şəxslər ərizədə iddiaçının adına çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “üçüncü şəxslər X17, X14, X11, X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X7, X12, X8 və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərardadı ilə X17, X14, Mustafayeva (İsayeva) Aynur Məhəmməd qızı və Mustafayeva (Oruczadə) Nərgiz Məhəmməd qızı hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərardadı ilə X7, X12, X8 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X17, X14, X11 və X9 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslər X17, X14, X11 və X1 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icklasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasda Almalı kənd sakinlərinin RAİK-na verilmiş çoxsaylı müraciətləri nəzərə alınmış, bir qrup Almalı kənd sakinlərinin mülkiyyətinə verilmiş Dövlət Aktlarında ölçmə nəticələrinə əsasən qismən düzəlişlərin edilməsi, düzəliş edilməsi nəzərdə tutulan Dövlət Aktlarının yığılıb qaytarılmasının təmin edilməsi qərara alınmış və qərarın icrası DTXK-nın rayon şöbəsinə tapşırılmışdır. JN-332H kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X17, X2, X14, X11 və X3 verilmişdir. Almalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı iclas protokolundan çıxarışda qeyd edilir ki, Almalı kəndində islahat aparılan zaman İddiaçı zəbtində olan 0,12 ha fındıq bağı səhvən işlənməmiş və bələdiyyənin mülkiyyətinə vurulmuşdur. Həmin bağın öz sahibinə işlənərək, həmin əskikliyin əvəzlənməsinə Almalı bələdiyyəsi etiraz etmir. JN-332A kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X17, X2, X14, X11 və X3 verilmişdir. JN-332G kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi X17, X2, X14, X11 və X3 verilmişdir. JN-332F kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,29 ha həyətyanı torpaq sahəsi X17, X2, X14, X11 və X3 verilmişdir. JN-332B kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsi X17, X2, X14, X11 və X3 verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********46 nömrəli məktubunda qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquq: şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında Qax rayon Aqrar islaha: Komissiyasının xx.xx.2006cı il tarixli, 01 saylı və 28 10.1998-ci il tarixli, 09 saylı iclas qərarlarının arxiv nüsxəli aşkar edilməmişdir. JN-309İ kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,23 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7, X12, X8 və X5 verilmişdir. JN-309H kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,61 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7, X12, X8 və X5 verilmişdir. JN-309G kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,32 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7, X12, X8 və X5 verilmişdir. JN-309F kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi İddiaçı, X7, X12, X8 və X5 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubunda qeyd olunmuşdur ki, JN 332 H saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsi ilə əlaqədar bildirilir ki, torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyası tərəfindən tərtib edilmiş siyahıya X10 adı dörd nəfər ailə üzvləri ilə birlikdə daxil edilmiş və qanuni istifadələrində 0,10 ha həyətyanı torpaq sahəsinin, zəbt kimi 0,98 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu məlumatlar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 və onun ailə üzvlərinə JN-332A (0,12ha), JN-332B (0,009 ha), JN-332F (0,29 ha), JN-332G (0,39 ha) və JN-332 H (0,12 ha) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr tərtib edilmişdir. JN-332A (0,12 ha), JN-332B (0,009 ha) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə göstərilən torpaq sahələri yaşayış məntəqələri torpaqları, JN-332F (0,29 ha), JN-332G (0,39 ha) JN-332 H (0,12 ha) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərdə göstərilən torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) kateqoriyasına aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********57 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsi 0,12 ha olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı olmaqla xüsusi mülkiyyətdə olan əraziyə aiddir. X17 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN-232/0,12 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Digər mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsi 0,12 ha olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla xüsusi mülkiyyətdə olan əraziyə aiddir. X17 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN-332H/0,12 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üst- üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsi: Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı üçüncü şəxslərin adına verilmiş JN 332H nömrəli çıxarışın ləğv edilərək həmin torpaq sahəsinin öz adına qeydə alınmasından ibarətdir. İddiaçı özü ilə bərabər üçüncü şəxslərə də eyni ölçüdə torpaq sahəsinin ayrılmasının AİK tərəfindən qərara alındığını, lakin onun istifadəsində olan torpaq sahəsinə üçüncü şəxslərin adına şəhadətnamə işlədiniyini bildirərək, göstərilən əsasla 0,12 ha torpaq sahəsinin ayrılmasına dair şəhadətnamənin ləğv olunmasını xahiş etmişdir. Üçüncü şəxslərin iddia tələbinə etiraz etməməsinə baxmayaraq məhkəmə araşdırması ilə AİK qərarı ilə iddiaçıya ayrılmalı olan torpaq sahəsinin məhz üçüncü şəxslərin adına şəhadətnamə işlənmiş torpaq sahəsi olması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati məhkəmələrdə bu kimi tələblərin irəli sürülməsi mülki hüquqi əqdlərin bağlanmasından yayınma məqsədi kimi də qiymətləndirilə bilər. Məhkəmə araşdırması ilə iddiaçıya AİK qərarı ilə məhz üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin ayrılmalı olduğunu təsdiq edən sənədlər aşkar edilməmiş, iddiaçı bununla bağlı onun adına tərtib edilmiş texniki pasport, plan-ölçü sənədi və ya torpaq sahəsinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı sənəd təqdim etməmişdir. İddiaçının faktiki olaraq torpaq sahəsindən istifadə etməsi isə üçüncü şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğvi ücün əsas deyil. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X17, X14, X11, X1 adına səhv verilmiş JN- 332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X7, X12, X8 və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-97/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-97/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver