Məhkəmə qərarları › İş №2-1(116)-97/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-97/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-97/2025 02.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən X1 0,12 ha və 0,03 ha torpaq sahəsi üzərində iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən X1 0,12 ha və 0,03 ha torpaq sahəsi üzərində iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2891/2023 nömrəli qərardadı ilə Yevlax rayon Havarlı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakın qəbulu ilə əlaqədar İddiaçı ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Daha sonra iddiaçı cavabdehə torpaq sahələrinin özəlləşdirilməsinə dair müraciətindən imtina etmişdir. Lakın cavab məktubu ilə tələbi təmin olunmamış və imtina verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, 0. iddiaçı Yevlax rayonu Havarlı kəndi ərazisində yerləşən 0.03 ha 0 12 ha torpaq sahələrinin dövlət reyestrində qeydiyyata alınaraq X4 adına "Çıxarışların verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət etmişdir. Təqdim edilən sənədlər toplusu (surətləri) ekspertiza edilərkən araşdırma zamanı məlum olmuşdur ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin 02.11,2007-cı il tarixli. 257 nömrəli və xx.xx.2007-ci il tarixli, 419 nömrəli qərarları ilə X5 ayrılmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçı tərəfindən ilkin müraciət ərizəsinə əlavə edilməmişdir Müəyyən miqyasda tərtib edilən və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün qeyd olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarını Havarlı kənd ərazisi üzrə olan elektron baza xəritəsində müəyyən etmək mümkün deyildir Eyni zamanda bildiririk ki, yuxarıda qeyd edilən Bələdiyyənin qərarlarına dair məlumatların olması barədə X8 filialına sorğu edilərkən məlum olmuşdur ki, həmin sənədlər barədə məlumatlar filialda mühafizə olunan arxiv materiallarında aşkarlanmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZ-İ 809101 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixində vəfat etmişdir.

3. Bakı şəhəri 36 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 398 nömrəli məktubu.

4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

5. xx.xx.2007-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Yevlax rayonu Havarlı Bələdiyyəsinin hesabına 192 AZN ödəniş edilmişdir.

6. Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 419 nömrəli qərarından görünür ki, 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-1307/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı ifadə tərzindən asılı olmayaraq 0,03 ha və 0,12 ha ölçüdə torpaq sahələrinə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın iddiaçıya verilməsindən ibarətdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.hüquqmüəyyənedici sənədin mötəbərliyi. 2.İddia olunan torpaq sahəsinin hüquqi rejimi. Hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mötəbərliyi sübut olunmur.Belə ki,məhkəmə araşdırması zamanı iddia olunan torpaq sahəsinin Yevlax rayonu Havarlı Bələdiyyəsinin mülkiyyətində olmadığı halda iddiaçının mərhum atasına satılması müəyyən edilmişdir. Cavabdehin məlumatından da göründüyü kimi iddia olunan torpaq sahələri iddiaçıya ayrıldığı vaxt da, hazırda da Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 257 nömrəli və xx.xx.2007-ci il tarixli 419 nömrəli qərarları özlüyündə etibarsız qərarlar olmaqla hər hansı hüquqi nəticə yaratmır. İddia olunan torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi tələb edilmiş və müəyyən edilmişdir ki, İddia olunan torpaq sahəsi iddiaçıya ayrılan zaman Mingəçevir şəhəri inzibati Mingəçevir bələdiyyəsinin ərazi hüdudları daxilində, Mingəçevir bələdiyyənin mülkiyyətində olmuşdur. Sözügedən ərazilərlə bağlı inzibati ərazi vahidlərində dəyişiklıklər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respiblikası Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli 378-İVQD nömrəli Azərbaycan Respiblikası Qanununun 2.13-cü maddəsinə əsasən respublikanın ərazisində rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanları tərəfindən sahə inzibati ərazi dairələri yaradılmışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2010cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Sözügedən Qaydaların müddəlarına uyğun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı qonşu inzibati ərazi vahidi kimi həmin xəritələri təsdiq etmiş və hazırlanmış xəritələr aidiyyəti üzrə təsdiq edildikdən sonra 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və bununla da mövcud olan torpaq mübahisəsinə son qoyulmuşdur. X6 ayrılan 0.12 ha və 0.03 ha torpaq sahələri Yevlax rayonu Havarlı bələdiyyəsinin yerquruluşu planına əsasən eynilik təşkil etmir, idiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi bitişikdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “Bələdiyyələrin statusu haqqında” Qanunun 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyəti – bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları göstərilmişdir. Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda inzibati orqan imtina etməkdə haqlıdır. “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən X1 0,12 ha və 0,03 ha torpaq sahəsi üzərində iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar