Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-971/2021 27.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili X6, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/75 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ondan 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/75 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 25.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, 24 aprel 2021-ci il tarixdə poçt xidməti vasitəsi ilə iddiaçıya barəsində şikayət verilən Q/75 nömrəli 09.04.2021-ci il tarixli Qərar çatdırılmışdır. Qərarın mətni ilə tanış olarkən iddiaçı bu iddia tələbi üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialının ondan 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə Qərar qəbul etdiyindən və onun məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsindən xəbər tutmuşdur. İddiaçı cavabdehin 09.04.2021-ci il tarixli Q/75 nömrəli Qərarını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 16.07.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Ağdaş rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 15.12.2017-ci il tarixli qərarı ilə 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış 20.05.2020-ci il tarixli, 5711 nömrəli məktubda “Forma 88”-i etibarsız hesab edilmiş şəxslərin siyahısı göstərilmişdir. Həmin siyahının 2-ci bəndində iddiaçıya aid məlumatların əksini tapması Tibbi Sosial Ekspertiza və X5 iddiaçının əlilliyinin ləğv olunmasına əsas olmuşdur. Əlillik ləğv olunduğu üçün iddiaçıya 16.06.2020-ci ildən təyin olunmuş 2-ci dərəcə əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Nəticədə iddiaçıya 37911,77 manat məbləğində artıq ödəmə yaranmışdır və Fondun 13 saylı regional ərazi filialı (bundan sonra - Filial) tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən pul tələbinin icraya yönəldilməsinə dair qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 16 yanvar 2020-ci il tarixli, 11 №-li qərarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra -TSEK) tərəfindən həyata keçirilir. Həmin qərarın 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1.4-cü bəndinə əsasən, strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əiilliyin qiymətləndirilməsini həyata keçirmək fəaliyyət istiqamətlərinə, 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsinin əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X10 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 13 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əlilliyin müəyyən edilməsi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. İddiaçının əlilliyinin müəyyən olunmasına dair TSEK-nın qərarı əsasında Fondun 13 saylı regional ərazi filialı (bundan sonra - Filial) tərəfindən 15.12.2017-ci ildə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan X4 88 (göndəriş) etibarsız hesab edildiyi üçün əlillik ləğv olunmuşdur. Beləliklə, əlilliyin təyin olunması üçün əsas olan Forma 88 olmadığı üçün əmək pensiyasının ödənişi Filial tərəfindən Əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən dayandırılmışdır. Etibarsız Forma 88 əsasında pensiya ödənişin aparılması əsassız (artıq) olaraq ödəniş edilməsinə səbəb olmuşdur. Filial tərəfindən Əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən, həmin məbləğin tələb edilməsinə dair müvafiq tədbir görülməsi məqsədi ilə “İnzibatı icraat haqqında” qanunun 82-ci maddəsinin tələbləri nəzərə alınmaqla “Artıq aldığı pensiya məbləğinin geri qaytarılması” haqqında Q/75 nömrəli, 09.04.2021-ci il tarixli qərarı ilə pul tələbi icraya yönəldilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, • Borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; • Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; • Tərəfimizdən borcluya edilmiş xəbərdarlıqdan sonra xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırılmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondun 13 saylı regional ərazi filialı pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Tibbi-sosial ekspertiza müayindəsindən çıxarış”dan görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik 04.12.2017-ci ildə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş və növbəti müayinə tarixi 04.12.2022-ci il olaraq qeyd edilmişdir. İş materiallarında olan “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” sənədindən görünür ki, iddiaçıya 4086003AABN4 nömrəli Forma 88 verilmiş, bunun nəticəsində ona 04.12.2017-ci il tarixdən ikinci qrup əlillik dərəcəsi verilmiş, əlilliyin müddəti 04.12.2022-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan DSMF-nin Ağdaş rayon şöbəsi tərəfindən verilən 008029 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçıya ikinci qrup üzrə əlillik dərəcəsi verilmiş, vəsiqə iddiaçıya 04.04.2018-ci ildə verilmiş və əlillik müddəti 04.12.2022-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 25.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 11.12.2017-ci il tarixdə ƏƏSMN yanında DSMF Ağdaş rayon şöbəsinə ərizə ilə müraciət etmiş və ona 04.12.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşa 31.07.2020-ci il tarixədək 37911.77 manat pensiya ödənilmişdir. Fondun **********1 nömrəli məktubuna əsasən vətəndaşın əlilliyi saxta sənəd faktı səbəbi ilə etibarsız edilmiş və ona 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək artıq ödənilmiş məbləğin geri qaytarılması üçün zəruri tədbirlər görülməsinə baxmayaraq artıq ödənilmiş məbləğin ödənilməsindən imtina edilmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 22.02.2021-ci il tarixli bildirişdə qeyd edilir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı RƏF məlumat üçün bildirir ki, Sizin əlilliyiniz Tibbi- Sosial Ekspertiza və X5 etibarsız edildiyi üçün X9 Sizin əlilliyə görə əmək pensiyanız 04.12.2017-ci il tarixdən ehtibarsız edilmişdir. 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək artıq aldığınız 37911.77 manat pensiya məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 gün ərzində hesaba bərpa etməyinizi Sizdən xahiş edirik”. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 11.03.2021-ci il tarixli xəbərdarlıqda qeyd edilir ki, “Bildiririk ki, əlilliyiniz Tibbi-Sosial Ekspertiza və Reablitasiya Alt sistemində etibarsız hesab edilmişdir. 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək artıq aldığınız 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir manat 77 qəpik) pensiya məbləğinin 10 iş günü ərzində hesaba bərpa etməyiniz haqda Sizə 22.02.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Qeyd olunan müddət keçməsinə baxmayaraq ödəniş təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən 10 iş günü ərzində həmin pensiya məbləğinin hesaba bərpa etməyiniz haqda Sizə xəbərdarlıq məktubu göndəririk. Ödəniş təmin edilmədiyi təqdirdə “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən DSMF X13 13 saylı Regional Ərazi filialından almış olduğunuz 37911.77 manat pensiya məbləğinin məcburi qaydada alınması haqda qərar qəbul edib icra olunması uçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərəcəkdir”. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı 09.04.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Bildiririk ki, Tibbi Sosial Ekspertiza və X5 əlilliyiniz etibarsız hesab edilmişdir. Ona görə də 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixədək artıq aldığınız 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir man 77 qəpik) pensiya məbləği geri qaytarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən artıq aldığınız 37911.77 manat pensiya məbləğinin alınıb DSMF X13 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqda qərar qəbul etmişdir. Qərarın bir nüxsəsini məlumat və ödənişi həyata keçirmək üçün bank rekviziti ilə birlikdə Sizə göndəririk”. İş materiallarında olan cavabdeh orqanın 09.04.2021-ci il tarixli, Q/75 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialının Ağdaş rayonu Qarağan Şıxlar kənd sakini İddiaçı artıq aldığı 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir man 77 qəpik) məbləğində əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi, həmin qərarın məcburi qaydada icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh orqanın Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 19.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialı “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarına və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kənd sakini İddiaçı artıq aldığı 37911.77 manat (otuz yeddi min doqquz yüz on bir man 77 qəpik) məbləğində əmək pensiyasının alınıb Nazirlik tabeliyində DSMF X13 13 saylı Regional Ərazi filialının hesabına ödənilməsi haqqında qəbul etdiyi Qərarı “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən icra olunması üçün Sizə göndərir”. İş materiallarında olan "xxxx" QSC-nin sədrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı 20.05.2020-ci il məktubda qeyd edilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan Həkim-Sanitar Xidmətinin müvafiq tibb müəssisələri tərəfindən 13 nəfər vətəndaşa rəsmiləşdirilmiş tibbi göndərişlərinin (TQS № 088) əsaslı olub-olmaması tərəfimizdən araşdırılmışdır. Araşdırma nəticəsində, həmin tibbi göndərişlərin rəsmiləşdirilməsi üçün vətəndaşların təqdim etdiyi, üzərində sıra nömrəsi, ştampı, möhürü və imzası olan stasionar epikrizlər (stasionar xəstənin tibbi kartasından çıxarışlar) - Səhiyyə Nazirliyinin müvafiq ixtisaslaşmış tibb müəssisələri tərəfindən təsdiq edilmədiyindən, onların əsassız olduğu müəyyən edilmiş və bu şəxslərə rəsmiləşdirilmiş tibbi göndərişlər tərəfimizdən müvafiq qaydada etibarsız hesab edilmişdir (siyahı əlavə olunur). Sözügedən tibbi göndərişlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibbi-sosial ekspert komissiyasına göndəriş”lərin elektron registrindən çıxarılması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilmişdir”. İş materiallarında olan və yuxarıda qeyd olunan siyahıda 2-ci sırada İddiaçı adı qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisəli qərar 09.04.2021-ci il tarixində qəbul edilmiş, iddiaçıya tələbin könüllü icrası barədə 22.02.2021-ci il tarixli bildiriş göndərilmiş, iddiaçı mübahisələndirilən qərarı 24.04.2021-ci il tarixində almış, 18.05.2021-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə iddia ərizəsi ilə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 25.05.2021-ci ildə daxil olmuşdur). Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia mümkün olsa da, əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X10 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 13 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. İddiaçıya Dövlət Sosial X11 rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 15.12.2017-ci il tarixli qərarı ilə 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müəyyən olunan əlillik dərəcəsinə əsasən 04.12.2017-ci il tarixindən vətəndaşa əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əlillik dərəcəsi saxta sənəd faktı səbəbi ilə Tibbi-sosial Ekspertiza və X5 etibarsız edildiyi üçün təyin olunmuş əmək pensiyasının ödənilməsi də dayandırılmış və iddiaçıya 04.12.2017-ci il tarixindən 31.07.2020-ci il tarixinə kimi ödənilmiş məbləğin qanunvericiliyə uyğun qaydada geri qaytarılmalı olduğu bildirilmiş, iddiaçı bununla razı olmadığı üçün mübahisəli qərar qəbul olunmuşdur. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə isə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2- ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) X2rşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur: Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87). Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı, §61). Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 13 saylı Regional Ərazi filialına qarşı “cavabdehin ondan 04.12.2017-ci il tarixdən 31.07.2020-ci il tarixə kimi aldığı 37911 (otuz yeddi min doqquz yüz on bir) manat 77 qəpik məbləğində əmək pensiyasının geri qaytarılması haqqında Q/75 nömrəli 09.04.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv olunması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-971/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-971/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver