Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-972/2023 10.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə,, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “8 ay müddətində əlilliyə görə ödənilməmiş pensiya məbləğinin (2072 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “8 ay müddətində əlilliyə görə ödənilməmiş pensiya məbləğinin (2072 manat) ödənilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçıya ağır xəstəliklə əlaqədar (remotoid artrid, seropozitiv forma və s.) xx.xx.2013-cü il tarixdə 2-ci qrup əlillik təyin olunmuş və hər ay pensiya almışdır. 2016-cı ildə tibbi müayinədən keçdikdən sonra növbəti müayinə müddəti 2021-ci ilə təyin olunmuşdur. Cavabdehə müvafiq sənədlər göndərilsə də, 2021-ci ildə ona 2-ci qrup əlillik verilməsindən imtina edilmiş və pensiya verilişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə 2-ci qrup əlilliyi hər ay 268,61 manat ödəniş olmaqla bərpa edilmişdir. Təkrar müayinə olunmaq üçün dəfələrlə müraciət etməyinə baxmayaraq, yenidən əlillik verilməmiş, bu səbəbdən 8 ay müddətində əlilliyə görə pensiya ala bilməmişdir. Hər ay 259 manat pensiya alırmışdır. Həmin ayların pensiya pulunun ona ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********26 saylı məktubu ilə ərizənin icrasından imtina etmişdir. Məktubda göstərilir ki, əlilliyin müddəti bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə pensiyanın ödənilməsi mümkün hesab edilmir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2012-ci il tarixdə 2-dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı ildə keçirilən növbəti müayinədə əlillik 5 il müddətinə yenidən qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddətinin bitdiyinə görə xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Tibbi Sosial Ekspert Kommisiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilən növbəti müayinədə əlavə müalicəyə ehtiyacın olması səbəbindən İddiaçı əlillik təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla belə İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona 8 ay müddətində əlilliyə görə ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan **********6 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmiş və müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından eyni zamanda təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Bundan sonra İddiaçı “8 ay müddətində əlilliyə görə ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır. Bununla belə İddiaçı əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2022) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən İddiaçı 8 ay müddətində əlilliyə görə ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi üzrə iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 0288003AAJFP nömrəli göndəriş üzrə Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə “M05.8 Digər seropozitiv revmatoid artritlər,.Remotoid Artirid.Seropozitiv Forma,X4. Aktivlik İİİ Dərəcə.Gecikmiş Mərhələ.X8. Rentgenoloji Mərhələ İİİ. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, X10 X2 M19.2 X7, İkincili Osteoartroz. X9 X1. Ağırlaşma Z74.0 Məhdud hərəkətlilik zamanı köməkçiyə ehtiyac, Ofç İİİ Dərəcə. Hərəkətin məhdudlaşması zamanı köməyə ehtiyacın olması. X5.” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə “ümumi xəstəlik” səbəbi ilə “digər seropoztiv revmatoid artritlər, revmotoid artrit İİ aktivdər.Ürək çatmamazlığı QDÇ İİ dər. Digər osteporozlar İİ forma hər iki bilək oynağından funksiya nəzərə çarpan dər.pozulması Essensial hipertenziya hipertoniya İİ B” diqanozu ilə, 2.2ikinci dərəcə əlillik =>2.2.1 ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı meyarı ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona müddətsiz “ümumi xəstəlik” səbəbi ilə “M05.8 Digər seropozitiv revmatoid artritlər,.Remotoid Artirid.Seropozitiv Forma,X4. Aktivlik İİİ Dərəcə.Gecikmiş Mərhələ.X8 .Rentgenoloji Mərhələ İİİ. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, X10 X2 M19.2 X7, İkincili Osteoartroz. X9 X1. Ağırlaşma Z74.0 Məhdud hərəkətlilik zamanı köməkçiyə ehtiyac, QDÇ İİİ Dərəcə. Hərəkətin məhdudlaşması zamanı köməyə ehtiyacın olması. X5. Diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya, xx.xx.2016-cı il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, bundan sonra onun barəsində səhiyyə müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına elektron sistem vasitəsilə ötürülmüş göndərişə xx.xx.2021-ci il tarixdə baxılaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Yəni, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində faktiki olaraq ona əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Buna baxmayaraq, qeyd olunan imtina qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Nəzərə alınmalıdır ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı inzibati akt hesab olunur və həmin qərar aparılmış inzibati icraatın nəticəsi olaraq qəbul edilmişdir. Qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı Tibbi Sosial Ekspert Komissiyasının qərarları ilə razılaşmadığı halda həmin qərarı mübahisələndirməli və ləğvini tələb etməli idi. İddiaçıya xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edildikdə isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddəsinin tələbləri baxımından əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2022) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddətdən çox olmuşdur. “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. İddiçıya xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilənədək Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli imtina qərarı qüvvədə olmuşdur və iddiaçının əlilliyə görə ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etdiyi dövr üzrə həmin qərar hazırda qüvvədə olan inzibati aktdır. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Odur ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarının qanunsuz sayılmasına dair inzibati akt qəbul edilmədiyindən həmin inzibati akt ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan 8 ay müddət üçün əlilliyə görə pensiyanın iddiaçıya ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “8 ay müddətində əlilliyə görə ödənilməmiş pensiya məbləğinin (2072 manat) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-972/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-972/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver