Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-972/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bərdə rayonu, Nifçi kəndi) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (yerləşdiyi yer: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A) qarşı «torpaq sahəsinə dair plan-ölçünün verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : ünvan 1 ünvanında yerləşən 396 kv.m torpaq sahəsi onun əvvəlki mülkiyyətçisi X1 tərəfindən 4 fevral 2024-cü il tarixdə notarial qaydada təsdiqlənmiş “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı satılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququ 26 fevral 2024-cü il tarixdə hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, mülkiyyəti kimi qeydiyyat alınmış həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh 2 avqust 2024-cü il tarixli məktubu ilə məsələnin həllini təmin etməmişdir. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair plan-ölçünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tələbini belə əsaslandırır ki, torpaq sahəsi müvafiq alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən həmin torpaq sahəsi ilə bağlı “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” ayarış alınmışdır. Həmin arayışa əsasən məlum olmuşdur ki, torpaq sahəsi reyestrdə qeydiyyata alınmışdır. Lakin həmin vaxt torpaq sahəsinə dair plan və ölçü sənədi ona verilməmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinada göstərilmişdir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir (məktəb ərazisidir), İddiaçı bununla razılaşmır və bildirir ki, məktəb ərazisi ilə həmin torpaq sahəsi arasında böyük məsafə var. Qonşu torpaqlara reyestrdən çıxarışlar verilmişdir. İddiaçı cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, iddiaçının ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı müraciətinə DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Qanunvericiliyə əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılaraq elektron baza məlumatlarına əsasən yoxlanılmışdır. Məlum olmuşdur ki, naturada yerləşən torpaq sahəsi Mingəçevir şəhərində 16 nömrəli məktəbin ərazisində yerləşir, dövlət mülkiyyətinə aiddir. Qeyd olunan məsələ ilə bağlı əvvəlki mülkiyyətçinin nümayəndəsinə məktubla bildirilmişdir. İddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Mingəçevir şəhəri ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçının mülkiyyəti kimi 26 fevral 2024-cü il tarixdə daşınmaz ənlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 396 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 6.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (6.1.1.2) daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Həmin Qanunun 7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (10.2.2) torpaq sahəsinin planı və ölçüsü; (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri» təsdiq edilmişdir. Qaydaların 2.1-ci bəndinə görə mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Qaydaların 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qaydaların 2.3-cü bəndinə görə mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: (2.3.3) torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi»nin 3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: - (3.1.16) daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; - (3.1.29) dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 396 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətindədir və cavabdeh inzibati orqan tərəfindən onun mülkiyyət hüquqları 26 fevral 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə həmin tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçının iddia tələbi 396 kv.m ölçüdə həmin torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsindən ibarətdir. Cavabdehin dəlillərinə görə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri üzrə elektron baza məlumatları yoxlanılarkən naturada yerləşən torpaq sahəsinin Mingəçevir şəhərində 16 nömrəli məktəbin ərazisində yerləşdiyi və dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdiyi inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız bu Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Yuxarıda qeyd olunan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər daxilində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə üstünlüyünü təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınmış və həmin qeyd halhazıradək mübahisə predmeti olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədi hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə edilməli sənədlərin siyahısında göstərilmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi torpaq sahəsinə hüququn qeydiyyata alınması üzrə aparılmış icraat daxilində tərtib olunan sənəddir. Məhkəmə vurğulayır ki, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış və həmin qeydiyyat ləğv olunmamış torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” qeydiyyat orqanı tərəfindən mülkiyyətçinin adına şərtsiz olaraq tərtib edilməli və ona verilməlidir. Cavabdehin gətirdiyi dəlillər, yəni sahənin dövlət mülkiyyətində olması heç bir halda, mülkiyyətçiyə plan və ölçünün verilməməsinə əsas vermir. Hətta belə halın gələcəkdə yeni mübahisə yaratma ehtimalı olsa da, bu sənəd verilməlidir. Çünki, həmin mübahisənin predmeti kimi plan və ölçü sənədi deyil, artıq aparılmış qeydiyyat çıxış edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilik normaları torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi və digər müvafiq tədbirləri əhatə edən mərzçəkmə işlərinin aparılması səlahiyyətlərini də hazırkı cavabdeh inzibati orqana həvalə edir və bu işlərin aparılmasını həm də torpaq sahələrinə dair sərhədlərin yerdə (naturada) müəyyən olunmaması ilə şərtləndirir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdeh həmin torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçıya verilməsindən imtina etməkdə haqlı olmamışdır, belə imtina qanuni qiymətləndirilə bilməz və bir mülkiyyətçi kimi iddiaçının hüququnun pozulmasına səbəb olan haldır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək 26 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0396 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2-1(116)-972/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-972/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver