Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-974/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1976-xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük kontorunda gözətçi-anbardar işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.1976-xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük kontorunda gözətçi-anbardar işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının Zaqatala rayon Tədarük kontorunda işdən çıxması barədə qeydlərin onun əmək kitabçasında olmamasını əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı iddia edir ki, xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək Zaqatala rayon Tədarük Kontorunda gözətçianbardar vəzifəsində işləmişdir. Əmək kitabçasında işə qəbul olması barədə qeydlərin aparılmasına baxmayaraq, işdən çıxması barədə qeydlər aparılmamışdır. xx.xx.2020-ci ildə pensiya yaşına çatması səbəbi ilə cavabdehə müraciət etmiş, lakin İddiaçı bildirilmişdir ki, əmək kitabçasında həmin qeydlər aparılmadığından müvafiq illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamış və əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən iş stajı 2 ildir. İddiaçının xx.xx.1976 - xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük Kontorunda güzətçi- anbardar işlədiyini iddia etdiyi illər (30 il 7 ay) onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır (ümumilikdə 32 il 7 ay). ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Zaqatala Rayon Dövlət İdarəsinin arxiv arayışında əmrdə 2006-cı ilin yazılışında qaralama olduğu qeyd edilmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Zaqatala rayon Tədarük Kontorunda işə girməsi və çıxması ilə bağlı əmrin surətinin, 2006cı il ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə sorğu göndərilmiş, və sorğuya cavab olaraq bildirilmişdir ki, həmin idarənin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə tam verilmədiyindən 1976-cı ildə vətəndaşın işə girmə əmrindən çıxarışı və 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illərə aid əmək haqqı cədvəllərindən çıxarışların göndərilməsi mümkün olmadı. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Azərvbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən, “Tədarük Kontorunda fəhlə işləmiş İddiaçı iş stajı yerində yoxlanılmış və cavabdehin məsləhətçiləri Z.Həmzəyeva, A.Ərəbova, Zaqatala rayon Dövlət Arxivinin müdiri M.Mustafayeva tərəfindən akt tərtib edilmişdir. Yoxlama zamanı aydın olmuşdur ki, İddiaçı işə girmə əmrinin 1976-cı ilin əmr kitabları arxivdə saxlanılmadığından yoxlanılması mümkün olmamışdır. Belə ki, zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Beləliklə, həmçinin vətəndaşın işlədiyini iddia etdiyi illərin bir hissəsi xx.xx.2002-ci ildən sonraya düşür və iddiaçının həmin illərə dair əməkhaqqı almasına dair ilkin sübutetmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir və bu illər nəzərə alınmadığı təqdirdə də (ümumilikdə 20 il 9 ay 18 gün qalır) vətəndaşın pensiya almaq hüququ yaranmır və iddia rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 311 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, Aktın təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli etiraz aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “X2 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəməyə təqdim olunan arxiv arayışından müəyyən olunur ki, əmrdə 2006-cı ilin yazılışında qaralama var. Həmçinin həmin idarənin əmr kitabları və əməkhaqqı cədvəlləri arxivə tam verilmədiyindən 1976-cı ildə iddiaçının işə girmə əmrindən çıxarışının və 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illərə aid əmək haqqı cədvəllərindən çıxarışların əldə edilməsi mümkün olmamışdır. Eləcə də iddiaçının tələbində qeyd etdiyi iş illərinin bir hissəsi xx.xx.2002-ci ildən sonraya düşdüyü üçün onun həmin illərə dair əməkhaqqı almasına dair ilkin sübutemə iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də həmin illər nəzərə alınmadığı təqdirdə iddiaçının ümumilikdə 20 il 9 ay 18 gün sığorta stajı yaranır ki, bu da ona əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X2 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1976-xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük kontorunda gözətçi-anbardar işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-974/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-974/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver