Məhkəmə qərarları › İş №2-1(116)-974/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-974/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-974/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli vergi borcunun tutulması haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli vergi borcunun tutulması haqqında Qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - "xxxx" MTK vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********879700 nömrəli Vergi borcunun tutulması haqqında Qərarına əsasən "Qağayı” MTK-nın xx.xx.2022-ci il tarixə 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borcu yaranmışdır. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilsə də, həmin qərar iddiaçıya xx.xx.2022-ci il tarixdə Yevlax rayon İcra Şöbəsi tərəfindən təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 N-li “Özünəməxsus ərazidə yaşayış, kotec tipli və şadlıq evlərinin layihələşdirilməsi və tikintisinə icazə verilməsi" haqqında Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 01-04/27 saylı razılıq məktubu, “Qağayı" MMC-nin xx.xx.2004-ci il tarixli, 11 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-ci il tarixli, 000109 saylı şəhadətnaməsi və fərdi yaşayış evlərinin müvafiq qaydada qeydiyyat vəsiqələri nəzərə alınaraq, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1839 kv.m olan (özəlləşdirilmiş torpaq sahəsi 1006.2 kv.m) ərazidə yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 17 N-li Sərəncamın 5.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin” 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdriyyəti torpaq icarə müqaviləsini bağlanmasını təmin etsin və sifarişçi Bakı şəhəri Torpaq Şöbəsindən 832,8 kv.m torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti ("İcarəyəverən”) ‘’Qağayı” MMC (“İcarəçi’’) ilə arasında xx.xx.2004-ci il tarixli 0326 N-li torpaq icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci və 1.3-cü bəndlərinə görə, "İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu. K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə sahəsi 832.8 kv.m olan torpaq sahəsini” 49 il müddətinə “İcarəçi”nin istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva küçəsindəki 832 kv.m torpaq sahəsinin “İcarəçinin” istifadəsinə verilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən "xxxx" MMC-yə 04/85 nömrəli Ayrıc Aktı verilmişdir. "Qarşılıqlı razılaşma əsasında sərəncamın addan-ada keçirilməsi haqqında" Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 99 №-li 18 mart 2010-cu il tarixli sərəncamına əsasən Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli 95 №-li sərəncamı ilə Nəsimi rayonu Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsindəki 694-cü məhəllədə "M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə yaşayış evinin tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,1 ha torpaq sahəsi və tərtib olunmuş 11449 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmişdir. “M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə dair BŞİB-nın xx.xx.2004-cü il tarixli 95 saylı sərəncamı ləğv edilmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının 99 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı əsas götürülərək Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) və "xxxx" MMC (“İcarəçi”) arasında xx.xx.2011-ci il tarixli 0942 №-li "Torpaq icarə müqaviləsi” imzalanmışdır. Müqavilənin 1.1-ci və 1.3-cü bəndlərinə görə, icarənin mahiyyəti və məqsədi dövlət fonduna aid 682 kv.m torpaq sahəsinin 49 il müddətinə "Qağayı” MMC-nin icarəsinə verilməsi və həmin torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi təşkil edir. Müqavilədə göstərilmiş məqsəd üçün torpaq sahəsinin istifadə olunması qətidir. Müqavilənin 7.4-cü maddəsinə görə "İcarəçi" olan "Qağayı” MMC Bakı Şəhər İcra Hakimiyyətinin hesabına hər il 660.34 manat icarə haqqı ödəməlidir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr bağlandıqdan sonra "xxxx" MTK Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən 694-cü məhəllədə çoxmənzilli yaşayış binalarının inşasını başa çatdırmışdır. Həmin binalar Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmiş, bu barədə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının Aktı tərtib edilmiş. Akt Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 377 №-li. xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. "xxxx" MTK-nın icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi çoxmənzili yaşayış binasında yerləşən mənzillər MTK tərəfindən üçüncü şəxslərə satılmış, bununla bağlı müvafiq alqı-satqı müqavilələri bağlanmış, alıcılar mənzillərin dəyərini ödəmiş, bir çoxları hətta mənzillər üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakların dövət reyestrində qeydə aldıraraq çıxarışlar almışlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi "Qağayı” MTK-nın Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən 694-cü məhəllədə inşasını başa çatdırdığı çoxmənzilli yaşayış binasında yerləşən mənzillər üçüncü şəxslər tərəfindən MTK-dan alındığı və mənzillərin dəyəri ödənildiyi andan, həmin şəxslər bu mənzillərin mülkiyyətçisinə çevrilmişlər. Göründüyü kimi, "xxxx" MTK onunla Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış İcarə müqaviləsində göstərilmiş məqsədə çatmışdır. İcarə müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən 694-cü məhəllədə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binası inşa etmiş və binada yerləşən mənzilləri üçüncü şəxslərə özgəninkiləşdirmişdir. Mənzillərin özgəninkiləşdirilməsi ilə bağlı son müqavilə bağlanmışdır. Həmin vaxtdan da "Qağayı” MTK icarəyə verilmiş torpaq sahəsindən istifadə etmir, istifadə edə də bilməz. Çünki, həmin sahədə artıq çoxmənzili yaşayış binası inşa edilmiş, binada yerləşən mənzillər isə başqa şəxslərə satılmışdır. Sözügedən torpaq sahəsindən "xxxx" MTK faktiki olaraq istifadə etmir, həmin sahədən bəhər götürmür. Müəyyən edilir ki, icarə müqaviləsinin şərtlərinə əsasən "xxxx" MTK-ya torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün verilmişdir və müqavilədə torpaq sahəsinin qəti olaraq göstərilmiş məqsəd üçün istifadə olunması nəzərdə tutulmuşdur. Müqavilədə göstərilmiş məqsədə çatılmış, yaşayış binası tikilib, sakinlərin mülkiyyətinə verilmişdir. İddiaçı artıq icarə müqavilələrində nəzərdə tutulmuş torpaq sahəsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə istifadə etmək hüququnu həyata keçirmiş, eləcə də icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etmək vəzifəsini yerinə yetirmişdir. Belə ki, o, icarə haqqının ödənilmədiyi mübahisələndirilən torpaq icarəsi müqaviləsinin tərəfi deyil, müqavilə üçüncü şəxs kimi onun xeyrinə bağlanmamışdır. Bunun nəticəsi olaraq iddiaçı “Qağayı’’ MTK-nın müqavilə üzrə icarə haqqının ödənilməsi ilə əlaqədar vergi orqanı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bundan başqa, dövlət büdcəsinə daxilolmalara nəzarət etmək ona aidiyyatı olmayan torpağa görə torpaq icarə haqqını tələb etmək hüququnu inkar edir. Vergi orqanının torpaq sahələrinin icarəsi üzrə yaranmış borcu hesablamaq və ya həmin borcun vergi ödəyicisindən tutmaq hüququ olmadığına görə, həmçinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli Vergi borcunun tutulması haqqında Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "xxxx" MTK-nın şəxsi hesab vərəqəsində dövlət torpaq səhəsinin icarəsi üzrə Bakı şəhər İcra Hakimiyyəti ilə Kooperativ arasında Nəsimi rayonu, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişməsi 694-cü məhəllə ünvanında yerləşən 682 kv.m torpaq sahəsinə görə xx.xx.2011-ci il tarixdə bağlanılmış 0942 nömrəli icarə müqaviləsi əsasında (müqavilənin başlanma tarixi xx.xx.2011-ci il olmaqla) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən müvafiq hesablama aparılmışdır. "xxxx" MTK ilə bağlanılmış qeyd olunan icarə müqaviləsinə xitam verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən vergi orqanına hər hansı məlumat daxil olmamışdır. İddiaçı isə Torpaq Məcəlləsinin 73.1-ci, 75.2-ci, Mənzil Məcəlləsinin 35.1-ci və Mülki Məcəllənin 178.8-ci, 113-cü maddələrinin tələblərini xx.xx.2011-ci il tarixdə bağlanılmış 0942 nömrəli icarə müqaviləsinə xitam verilməsinin əsasları kimi şərh etməyə çalışmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 719-cu maddəsində torpaq icarə müqaviləsinə xitam verilməsinin və ləğv edilməsinin əsasları göstərilmişdir. Hazırkı iş üzrə isə iddiaçının iddia ərizəsindən də göründüyü kimi belə əsaslar mövcud deyildir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı onun şəxsi hesab vərəqəsinə işlənmiş torpaq icarə haqları məbləğinin qanunsuz olmasının əsaslandırılmasına yönəlmiş fikirlər göstərsə də, yekunda hesablanmış icarə haqqı məbləğlərinin ləğv edilməsini deyil, həmin icarə haqlarının icarəçidən tələb edilməsini nəzərədə tutan “Vergi borcunun tutulması haqqında” xx.xx.2022-ci il tarixli **********879700 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi uğurlu iddia deyil və 1816,57 manat dövlət torpaq sahələrinin icarə haqqı üzrə borcunun yaranmasına səbəb olan xx.xx.2011-ci il tarixli 0942 nömrəli torpaq sahəsinin icarə müqaviləsi qüvvədə olduğu halda həmin iddianın vergi ödəyicisinin çatmaq istədiyi nəticə baxımından perspektivi yoxdur. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********879700 nömrəli “Vergi borcunun turulması haqqında” Qərarın ləğv edilməsini məhkəmədən xahiş etməsi əsaslı iddia olsa belə, bu halda iddiaçının iddiasının uğurlu alınacağı və sözügedən qərarın ləğv ediləcəyi təqdirdə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin gələcəkdə yenidən həmin borc məbləğinin dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə qanunvericilikdə nəzərədə tutulan hüquqlarından istifadə etməsi istisna edilmir. Ona görə də iddiaçının hazırkı xx.xx.2022-ci il tarixli **********879700 nömrəli “Vergi borcunun turulması haqqında” Qərarı mübahisələndirməsi uğursuz və qeyd olunan qərarın qəbul edilməsinə və icarə haqqının hesablanması üçün əsas olan xx.xx.2011-ci il tarixli 0942 nömrəli müqavilə qüvvədə oduğu halda qaldırılmış lüzumsuz bir iddia olmaqla hazırkı iddia icra sənədinin icrasından yayınmaq məqsədi daşıyır. Ancaq göründüyü kimi iddiaçı müqavilə və müqavilə tərəfi ilə bağlı hər hansı hərəkətlər etmədən müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyinə görə icra sənədinin icrasından yayınmaq məqsədini açıq aydın ortaya qoymuşdur. Qeyd olunan müqavilə əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə illər üzrə müvafiq hesablamalar aparılmış və iddiaçı tərəfindən sonuncu ödəniş 2019-cu il olmaqla icarə haqqı məbləğləri üzrə ödənişlər edilmiş, lakin sonrakı dövrdə ödənişlər edilmədiyi üçün yaranmış borc məbləğinin ödənilməməsinə görə xx.xx.2022-ci il tarixli **********879700 nömrəli “Vergi borcunun turulması haqqında” Qərar qəbul edilərək icra edilməsi üçün Yevlax şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “QAĞAYİ Mənzil Tikinti Kooperativinin iddiası əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğundan onun iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli qərar və onun qəbul edilməsinə əsas olmuş inzibati icraat materialları (ilkin inzibati akt və digər sənədlər) cavabdeh orqanda sorğu edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, kommersiya qurumunun adı "xxxx" Mənzil Tikinti Kooperativi, VÖEN-ni **********, hüquqi ünvanı- Yevlax rayonu Nizami ev 02, dövlət qeydiyyatına alındığı tarix isə xx.xx.2004-cü ildir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 0326 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 832.8 kv.m torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli **********879700 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərardan görünür ki, QAĞAYİ" Mənzil Tikinti Kooperativi (VÖEN:**********) ünvan: AZ6632, Yevlax rayonu, Nizami ev 02, tel: **********, **********, **********) tərəfindən 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi, 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc “QAĞAYİ" Mənzil Tikinti Kooperativindən məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilmiyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı, sözügedən qərarın xx.xx.2022-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilməsini və buna görə də hazırkı iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməməsini bildirir. Cavabdeh orqan mübahisələndirilən qərarın iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərilməsi ilə bağlı SS802354878AZ göndəriş nömrəli poçt qəbzinin surətini təqdim etsə də, məhz həmin qərarın iddiaçıya göndərilməsinə və iddiaçı tərəfindən qəbul edilməsinə (çatdırılmasına) dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmaması qənaətinə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan 832.8 kv.m torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli 0326 nömrəli icarə müqaviləsinə istinad edərək 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc məbləğinin məcburi qaydada ödənilməsini təmin etmək üçün xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul etmişdir. Bununla belə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçını qəbul etdiyi qərarla bağlı məlumatlandırmamışdır. “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “1816,57 manat pul məbləğinin ödənilməsi haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Yəni, işin hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə, sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarlar qəbul edərkən eyni nömrəli eyni tarixli bir qərarını “vergi borcunun tutulması haqqında”, digər qərarını isə “tələbin icraya yönəldilməsi” haqqında qeyd etmişdir. Əslində isə hər iki qərar faktiki olaraq “tələbin icraya yönəldilməsi” haqqında olmuş və yuxarıda qeyd edildiyi kimi ümumiyyətlə “vergi borcunun tutulması haqqında” qərar mövcud olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğundan iddiaçı həmin qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli vergi borcunun tutulması haqqında (tələbin icraya yönəldilməsi haqqında) qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar