Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-974/2025 15.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8668/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin avqust ayında pensiyanın yenidən hesablanması məqsədilə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək 2017-ci ildə olan dəyişikliyə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətindən sonra pensiyanın məbləği hesablanaraq, artırılmışdır. Lakin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bu günə qədər 2017-ci ildən ödənilməyən məbləği cəmi hələ də tam olaraq təqdim edilməmişdir.İddiaçı məsələ ilə bağlı cavabdehə müracitə etmiş,tələbi təmin edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən vəsatətdə qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya “keçmiş dövr üzrə hesablanmış fərq məbləği” haqqında 05 sentyabr 2023-cü il tarixli 3-17-1/2-N-202667/2023 nömrəli məktub ünvanlanaraq İddiaçı əmək pensiyasının xx.xx.2017-ci il tarixdən etibarən yenidən hesablandığı və keçmiş müddət üçün hesablanmış 30384,72 manat fərq məbləğinin qanunun tələblərinə əsasən hissəhissə cari pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir, İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Aşağıda qeyd edilən hüquqi və faktiki xüsusatlara görə hesab edirik ki, icraatınızda olan 2-1(116)-3044/2024 nömrəli iş üzrə iddia tələbi mümkün sayılmamalıdır: İddiaçı iddia ərizəsində qeyd edir ki, 2017-ci il tarixdən ona ödənilməmiş keçmiş müddət üçün fərq məbləği ona ödənilməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı eyni tələblə Mərkəzi Filiala müraciət etmiş və müvafiq olaraq da müraciəti təmin edilmişdir. Qeyd edirik ki, Mərkəzi Filialın iddiaçının tələbinə münasibətdə hərəkətsizliyi olmamış, müraciətinə imtina verilməmişdir. Lakin hal-hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2023-cü il tarixdə 3-17-1/3-7-13186/2023 nömrəli qərarla ƏPQ-nun 20.17-ci maddəsinin tələbləri nəzərə alınaraq yenidən hesablanmışdır. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət elədiyi tələb ilə bağlı cavabdeh orqanın hərəkətsizliyi olmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikasının İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə hesab edir ki,iddiaçının ilkin müraciətində məqsəd pensiyanın yenidən hesablanması və həmin məbləğin tam olaraq ödənilməsindən ibarət olmuşdur.Odur ki,yenidən hesablanmanın həyata keçirilərək pensiya məbləğində müsbət dəyişikliyin olması əslində ilkin tələbin bir hissəsinin təmin edilməsi kimi başa düşülməlidir.Odur ki,iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətinin olmadığına dair cavabdehin mövqeyini əsaslı saymayan məhkəmə iddianın mümkün hesab edir. Lakin,iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, iddiaçının hazırkı tələbə əsasən hüquqi marağı pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan vəsaitin (30384,72 manat məbləğin hazırkı tarixədək ödənilməmiş qalan hissəsinin) birdəfəyə tam olaraq ödənilməsindən ibarətdir.Cavabdeh inzibati orqan tərəfindən isə yenidən hesablanma nəticəsində ödənilməli olan məbləğin müvafiq ayların sayına bölünərək hər ay ödənildiyini bildirmişdir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;[59] 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir 20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,cavabdeh inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması nəticəsində yaranan fərq məbləğinin,eləcə də ödənilməli olan məbləğin “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qanunauyğundur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə