Məhkəmə qərarları › İş №2-1(116)-975/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-975/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-975/2023 13.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərarın ləğv olunması barədə” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərarın ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Qəbələ və Ağdaş rayonları ərazisində 2020ci ildə tikintisi aparılan Bakı-Qəbələ dəmir yolu xəttinin tikintisində fəhlə olaraq iştirak etmişdir. Həmin müddətdə tikinti işlərinə cavabdeh "xxxx" MMC-nin direktoru Xəlil Ələsgərov rəhbərlik etmişdir. Tikinti işləri aparılan zaman bir gün direktor onu dəvət edərək maaş kartının açılması məqsədi ilə sənədlərə imza etməli olduğunu bildirmişdir. Sonradan həmin sənədin xidməti müqavilə olduğundan məlumatı olmuşdur. Adı çəkilən müqavilənin mövcud olmasını isə tikintiyə yekun vurulan zaman vergi orqanlarının ona yazdığı cərimədən bilmişdir. Yəni, 27 avqust 2021-ci il tarixdə vergi orqanları vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə iddiaçını məsuliyyətə cəlb etməklə barəsində sanksiya tətbiq etmişdir. Hazırda həmin sanksiyanın miqdarı 600 manatdan çoxdur. Hesab edir ki, cavabdehin əməlləri tam qanunsuzdur. Buna görə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməlidir. Çünki, müqavilə onun iradəsinin əleyhinə və hüquqlarına zidd olaraq onun xəbəri və mənası izah edilmədən etibarından sui-istifadə edilməklə ona imzaladılmışdır. Buna görə də mübahisənin hüquq müstəvisində həllinə nail olmaqdan ötrü məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh icra məmuru Aytac Rüstəmova xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. İddiaçı isə "xxxx" MMC-nin direktoru Xəlil Ələsgərova qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, ona qarşı yönələn tələb həmin şəxsə qarşı olmalıdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarxili **********315500 nömrəli icra sənədinə əsasən İddiaçı 647,5 manat məbləğində vergi borcunun tutularaq dövlət nəfinə ödənilməsi qərarı alınmışdır. - 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, 2020-ci il hesabat dövrü üzrə gəlir vergisi bəyannaməsində aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır: Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci il ərzində 11750 manat dəyərində müxtəlif cür xidmətlər göstərilmişdir. Bildiririk ki, vergi məcəlləsinin 218.5 maddəsinə əsasən aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergii ödəyicisi olmaq hüququ yoxdur: 218.5.10 vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla;) Yuxarıda göstərilən səbəbdən sizin 2020-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmadığından 2020-ci il ərzində təqdim etdiyiniz e-qaimə fakturaların dəyəri 11750 manat təşkil etdiyindən 2020-ci il hesabat dövrünə görə 587,5 manat gəlir vergisi hesablanacaqdır. - 10 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********238500 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı barəsində bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 587,5 manatdır. - 10 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” **********027000 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57,2 maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********315500 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, İddiaçı tərəfindən 383,46 əsas, 164,04 manat faiz, 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 647,50 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 10 saylı Ərazi Vergilər İdarəsinin qərarları xx.xx.2022-ci il tarixdən icraya yönəldilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. “İnzibati İcraat haqqında” qanunun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Odur ki, icra qurumunun fəaliyyəti ilkin icraatın davamı olduğundan qeyd olunan fəaliyyətlə bağlı mübahisələr tamın bir parçası kimi qiymətləndirilərək, ilkin icra sənədinin hüquqi təbiətinə uyğun olaraq müvafiq məhkəmələrdə baxılmalıdır. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarında da birmənalı olaraq qeyd olunmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Belə olan halda icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilərkən ilk növbədə ilkin icra sənədinin hüquqi təbiətinə diqqət yetirilməli və buna uyğun olaraq aidiyyəti məhkəməyə müraciət edilməlidir. Hazırkı iş üzrə toplanmış materiallarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın qəbul edilməsinə əsas 10 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********238500 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” **********027000 nömrəli qərarları olmuşdur. Yəni, 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixli **********315500 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarı ilə məhz həmin qərarları icra edilməsi üçün Cavabdehnə göndərmiş və sonuncu tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Göründüyü kimi Cavabdeh xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı 10 saylı Ərazi Vergilər İdarəsinin **********238500 nömrəli, xx.xx.2021-ci il tarixli və “**********027000 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları üzrə ilkin icraatın davamıdır və ilkin icraatda qəbul edilmiş həmin qərarlar inzibati akt xüsusiyyətləri daşıdığından həmin qərarların icrası ilə bağlı ortaya çıxan bütün mübahisələrə də inzibati məhkəmə araşdırmasında hüquqi qiymət verilməlidir. Buna görə də məhkəmə Cavabdeh xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarının əsaslılığını yoxlayaraq iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Sözügedən qərarın iddiaçı rəsmi qaydada təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsi qənaətinə gəlir. Lakin, iddia əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: (-) 6.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; Maddə 7. İcra sənədlərinə aid tələblər 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. (-) Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. (-) 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" MMC-nin direktoru Xəlil Ələsgərov tərəfindən ona xidməti müqaviləyə imza çəkdirildiyini və "xxxx" MMC-nin direktoru Xəlil Ələsgərova qarşı məhkəmədə iddia qaldırdığını bildirərək cavabdeh tərəfindən özünə qarşı yönələn tələbin əslində həmin şəxsə - Xəlil Ələsgərova qarşı yönəlməli olduğunu bildirir. Lakin, iş materialları ilə birmənalı olaraq müəyyən edilir ki, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsinə əsas olmuş ilkin icra sənədlərində 587,5 manat vergi borcu və 100 manat maliyyə sanksiyası məhz iddiaçı barəsində tətbiq edilmişdir. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçı barəsində xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisələndirilən qərarın qəbul edilməsi zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci və 8-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulması aşkar edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli “icraata başlamaq” haqqında qərarın ləğv olunması barədə” iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar