Məhkəmə qərarları › İş №2-1(116)-976/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-976/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-976/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mərhum X2 adına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum oğlu X5 şəhid və şəhid ailəsi statusunun verilməsinə dair qətnamə qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “mərhum X6 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə X13 xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, subay və tam orta təhsilli olmuşdur. R.N.İbrahimov 2019-cu ilin iyul ayının sonlarında könüllü müraciəti ilə-BQX-nin Qazax-rayonunda yeləşən hərbi-hissədə «gizirlərin hazırlıq» kursuna qəbul olmuş, 26 oktyabr 2019-cu il tarixdə həmin kursu bitirib kiçik gizir hərbi rütbəsi alaraq DSX-nin Xaçmaz rayonunda yerləşən nömrəsini bilmədiyi hərbi hissəyə təyinat alaraq orada xidmət etməyə başlamışdır. 2021-ci ilin yanvar ayının sonlarından isə oğlu DSX-nin Laçın rayonunda yerləşən hərbi hissəsində zastavanın baş çavuşu vəzifəsinə təyin olunmuşdur. 02 yanvar 2022-ci il tarixdə saat 20 radələrində əri Natiq İbrahimova mobil telefon vasitəsilə oğlu R.N.İbrahimovun qətlə yetirilməsi ilə bağlı məlumat verilmiş və növbəti gün, yəni 03 yanvar 2022-ci il tarixdə saat 16 radələrində onun nəşi gətirilərək təhvil verilməklə Mingəçevir şəhərində yeni salınmış qəbiristanlıqda dəfn olunmuşdur. Sonradan məlum olmuşdur ki, oğlu R.N.İbrahimov, eləcə də, xidmət yoldaşları baş leytenant Y.İ.İsmayılov və kiçik gizir A.F.Cəlilzadə xidmət yoldaşları kiçik gizir X10 tərəfindən qətlə yetirilmişlər. R.N.İbrahimov sakit və səmimi, böyük-kiçik yeri bilən, xeyirxah, pozitiv, zarafatcıl, vətənini və hərbi formanı sevən biri olmuşdur. X19 Xidmətində sərhəd qoşunlarının N saylı hərbi hissəsində düşmənlə üz-üzə dayanaraq Vətənə ləyaqətlə xidmət etmişdir. Dövlət Sərhəd Xidmətinin komandanlığı iddiaçıya bildirmişdir ki, onun oğlu R.İbrahimova şəhid statusu verilməsi ilə bağlı məhkəməyə müraciət etsin və sizə məhkəmədə bu statusun alınmasında bilavasitə kömək göstərəcək. Həmçinin o da bildirmişdir ki, oğlu kiçik gizir Rəfael İbrahimov xidmət başında qulluq edərkən həlak olmuşdur. Ona görə də onun fikrincə oğlu R.İbrahimova şəhidlik statusu verilə bilər. İddiaçının oğlu üçün dövlət tərəfindən verilən 11000 manat müavinət pulunu hər-hansı bir dövlət orqanından tələb etmir və bu ideayaya da, sahib insan deyil. Sadəcə oğlu R.İbrahimov Vətən yolunda sərhəddə ön sırada həlak olduğuna görə onu Mingəçevir şəhər Şəhidlər Xiyabanında şəhid kimi dəfn olunmasını rica edir. DSX-nın komandanın müavini onun oğlunun dəfnində iştirak edərkən onu şəhid kimi adlandırmış və qısa zaman kəsiyində ona həmin dəfn mərasimində bildirmişlər ki, onun oğluna şəhidlik statusu verilməlidir ona görə də, məhkəməyə müraciət etməsi tövsiyə edilərək birbaşa köməklik göstəriləcəyi bildirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum kiçik gizir R.N.X11 Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 1497 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 36.1.3-cü maddəsinə müvafiq olaraq DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli 102 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 27-ci maddəsinin 27.1.6-cı bəndinə (günün nizam qaydası ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) müvafiq olaraq xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Habelə qeyd edirik ki, mərhum kiçik gizir R.N.İbrahimov barəsində Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumuna sorğu göndərilmiş və məlum olmuşdur ki, X7 barəsində hər hansı nüfüzdansalıcı, təqsirləndirici araşdırma materialı olmamış, ölümündən sonra şəxsi işi DSX-nin Kadrlar Baş İdarəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət X8 X1 İİ hissənin 19-cu maddəsində göstərilmişdir ki, X17 - Sərhəd Zastavasının bölməsi olub sərhəd zastavasının müəyyən sahəsində dövlət sərhədinin və təyin edilmiş dayaq məntəqəsinin (mövqeyinin) müdafiə və mühafizəsini həyata keçirir. X17 dövlət sərhədinin (mövqeyin) müdafiə və mühafizəsi üzrə xidməti-döyüş fəliyyətini istənilən şəraitdə fasiləsiz yerinə yetirir. Sərhəd Zastvasının dislokasiya yerində xidmətdə iştirak etməyən şəxsi heyəti ehtiyat qüvvəni təşkil edir. Ehtiyat qüvvə dövlət sərhədini gücləndirmək, sərhəd axtarışı, silahlı basqınları dəf etmə fitnələrin qarşısını alma əməliyyatlarını aparmaq habelə qəflətən ortaya çıxan digər tapşırıqları yerinə yetirmək üçün təyinatlı olduğu göstərilmişdir (maddə 28). Göstərilənlərə əsasən mərhum hərbi qulluqçu R.N.İbrahimovun hadisə zamanı yəni, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi yer Sərhəd Diviziyasının döyüş postu olmuş və Ermənistan Respublikası ilə üzbəüz yerləşmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İİ 236804 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022cı il tarixdə vəfat etmişdir. - Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-(097)-81/2022 nömrəli hökmündən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə hərbi xidmətdə qulluq edən kiçik gizir X7 və qeyrilərini avtomat silahla qətlə yetirdiyindən Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən verilən apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli 1-1(106)-12/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət keçmiş mərhum kiçik gizir X7 xx.xx.2022-ci il tarixdə heç bir xidmət növünə cəlb olunmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə etirazında məhkəmə iclasının nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət X8 xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, xx.xx.2000-ci il təvəllüdlü mərhum Rafail X11 Xidməti rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə “Qubadlı” X9 Komandirinin əmri ilə 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının şəxsi heyətinin siyahısına daxil edilmiş və xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə “Qubadlı” X4 şəxsi heyətinin siyahısından çıxarılmışdır. X13 xx.xx.2022-ci il tarixdə hərbi xidmətdə qulluq keçərkən X10 tərəfindən avtomat silahla qətlə yetirilmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na istinad edərək X13a şəhid statusunun verilməsindən imtina etmiş, iddia tələbinə münasibətində mərhum hərbi qulluqçu R.N.İbrahimovun hadisə zamanı yəni, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi yerin Sərhəd Diviziyasının döyüş postu olmasını və Ermənistan Respublikası ilə üzbəüz yerləşməsini bildirmişdir. Nəzərə alınmalıdır ki, mərhumun xidmət etdiyi döyüş postunun Ermənistan Respublikası ilə üzbəüz yerləşməsi onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu birmənalı sübut etmir. Yəni, X13un hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Hazırkı işdə isə X13un xx.xx.2022-ci il tarixdə qətlə yetirilərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Buna görə də məhkəmə hesab edir ki, mərhum Valeh Kərimlinin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mərhum X6 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar