Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-976/2025 17.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “0.06 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli, A № 041913 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.06 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və torpaq sahəsinin plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-3047/2024 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən Oğuz Bələdiyyəsinə müraciət edərək bələdiyyə mülkiyyətinə aid ərazidən iddiaçıya ev tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsi satılmasını xahiş etmişdir. Həmin ərizə nəzərə alınmaqla Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclasının qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi satılmışdır. İddiaçı torpaq sahəsinin dəyəri olan 260 manat pulu xx.xx.2008-ci il tarixdə bələdiyyənin hesabına ödəmişdir. Ayrılan 0.06 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə iddiaçının Oğuz rayon Torpaq şöbəsinin və Oğuz rayon bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə torpaqların alqısatqısına dair akt tərtib edilib imzalanaraq müəyyən edilmiş qaydada yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin vaxtdan 0.06 ha həyətyanı torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir.Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli A041913 nömrəli saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Oğuz şəhəri ərazisində 0.06 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X7 kitabında 522 nömrə ilə iddiaçının adına qeydə alınmışdır. Cavabdehin iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırılmışdır : Təqdim edilmiş sənədlər toplusu ekspertiza edilən zaman məlum olmuşdur ki, Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra həmin torpaq sahəsini özgəninkiləşdirə bilər. Eyni zamanda qeyd etmək istəyirik ki, iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə Oğuz bələdiyyəsinin İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli 09 saylı qərarının qüvvədə olmasına dair müvafiq arayış təqdim edilməmişdir. Həmçinin İddiaçı tərəfindən iddia edilən 0,06 ha torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (110 kV) mühafizə zonası ilə üst-üstə düşür. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmədə iştiraklarını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2622/2024 nömrəli imtina bildirişi;
2. Azərbaycan Respublikası Oğuz rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli məktubu;
3. Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokolundan çıxarış;
4. 10.01.1997-ci il tarixli 534 nömrəli torpaqların alqı-satqısına dair akt;
5. Oğuz rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubu;
6. Oğuz Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktub və ona əlavə olunan sənədlər;
7. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər;
8. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-5733/2025 nömrəli məktubu və mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdehin iddiaya qarşı dəlili – özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra həmin torpaq sahəsini özgəninkiləşdirə bilməsi və torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (110 kV) mühafizə zonası ilə üst-üstə düşməsi ilə bağlıdır. Məhkəmə həmin dəlili əsassız hesab edərək bildirir ki,torpaq sahəsinin ayrılmasına hüquqi əsas müvafiq bələdiyyə qərarının mövcudluğudur. Oğuz Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 09 saylı qərarı qüvvədə olmaqla iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasının hüquqi əsasını təşkil edir.Həmin qərarın qəbulundan əvvəl hazırlanmalı olan texniki və prosdur sənədlərinin Bələdiyyə tərəfindən natamam aparılması iddiaçının ziyanına şərh edilə bilməz. Torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal hazırkı iş üzrə iddiaçının həmiun torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina əsası kimi nəzərdə tutulmamışdır.Bu hal torpaq sahəsinin üzərində inşa edilə biləcək tikililərə münasibətdə məhdudiyyət tətbiq edilməsini istisna etmir. Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki,iddiaçıya torpaq sahəsi ayrılarkən o, bələdiyyənin ərazisində daimi yaşayan və ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxs olmuşdur. Bununla bağlı AZEMİS məlumatlarından müvafiq yoxlama aparılmış,iddiaçıya torpaq sahəsi ayrıldıqdan əvvəlki beş il ərzində həmin bələdiyyənin ərazisində qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır. Torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, İddiaçı Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altı torpaqlar olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. İddiaçı iddia etdiyi X5 və X2 istifadəsində olan faktiki naturada ölçülmüş 0,0306 hektar və 0,0297 hektar torpaq sahələri Oğuz şəhəri ərazisində aparılmış kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası örüş olan Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. X3 X4 (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, islahat uqodiyası örüş olan Bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılmış 0,06 hektar "Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə verilmiş koordinatları düzgün tərtib edilmədiyindən faktiki istifadə olunan torpaq sahələri üst-üstə düşmür. Sənəd üzrə sahə ilə faktiki ölçülmüş torpaq sahələri situasiya planına əsasən eyni ərazidir. İddiaçı iddia etdiyi X5 və X2 istifadəsində olan faktiki naturada ölçülmüş 0,0306 hektar və 0,0297 hektar torpaq sahələri başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı iddia etdiyi X5 və X2 istifadəsində olan faktiki naturada ölçülmüş 0,0306 hektar və 0,0297 hektar torpaq sahələrinin üzərində fərdi yaşayış evləri və talvar mövcuddur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 09 saylı qərarı ilə ayrılmış qərarı əsasında 0,06 ha torpaq sahəsi iddiaçıya satılmış və həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə DT və XK-nın Oğuz şöbəsinin Rəyi, “Torpaqların aqlı-satqısına dair” aktı, ayrılan torpaq sahəsinin planı ilə də təsdiq edilir. İddiaçı torpaq sahəsi ayrılan zaman beş il müddətində bələdiyyə ərazisində qeydiyyatda olmaqla bərabər orada yaşamışdır.Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. (xx.xx.2019-cu il tarixli 2-1(102)-2626/2019 nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir). Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun : 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 üzərinə Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı ilə iddiaçıya ayrılmış, Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı (faktiki istifadə vəziyyətinə uyğun olaraq) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq Çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Hakim Fəxri Hacızadə.