Məhkəmə qərarları › İş №2-1(116)-977/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-977/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-977/2020 30.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı "ünvan 1 mənzil 2 ünvanında yerləşən 397,1 kv.m torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı "ünvan 1 mənzil 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi uzun illərdir ki, dövlət tərəfindən mərhum atası Məmməd Mehdiyevin istifadəsinə verilmiş, atası həmin torpaq sahəsində mülk tikmiş və mülkü ona vəsiyyət etmişdir. Həmin mülkə dair xx.xx.2017-ci ildə iddiaçıya "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən göründüyü kimi, göstərilən 0,06 ha torpaq sahəsi ilə bağlı xx.xx.2005-ci ildə JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmiş, həmin sənəddə X11 Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarına istinad edilməklə, 0,06 ha torpaq sahəsinin X2, X1, X5, X3 və X4 ümumi mülkiyyətində olması göstərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(051)-1090/2008 №-li qətnaməsi ilə JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də onun verilməsinə əsas kimi göstərilən X11 Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarında yalnız vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi üçün sənədlərin hazırlanmasına kömək göstərilməsi, eyni zamanda, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi üçün təkliflər verilməsi göstərilmiş, qanunsuz istifadə olunan torpaq sahəsinin sənədləşdirilməsi qaydaları isə göstərilməmişdir. Mingəçevir Şəhər Məhkəməsi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunması barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, həmin şəhadətnamənin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. İddiaçı hazırkı iddiasında 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmiş və bu tələbi torpaq islahatı zamanı torpaq sahəsinin mərhum atasının qanuni istifadəsində olması ilə əsaslandırmış, Mingəçevir Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə isə həmin torpaq sahəsinin onun mərhum atasının və digər şəxslərin qanuni istifadəsində olmaması, bu səbəbdən də onların mülkiyyətinə verilməli olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında ifadə edilmiş hüquqi mövqeyinə uyğun olaraq, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirmişdir, təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Həmin məhkəmə qətnaməsinin preyudisiallığı qətnamədə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər, o cümlədən İddiaçı tərəfindən yenidən mübahisələndirilməsini, Şəki İnzibati Məhkəməsi üçün isə onların hazırkı iş üzrə prosesdə araşdırılmasını mümkünsüz edir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış, iddianın mümkün sayılmaması məsələsinin müzakirə ediləcəyi ona bildirilmiş və göstərilən məsələ ilə bağlı fikirlərinizi məhkəməyə yazılı şəkildə bildirməsi ondan xahiş edilmişdir. İddiaçı həmin məktuba cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli ərizəsində iddiasını dəyişdirmiş və 397,1 kv.m torpaq sahəsi ilə bağlı onun adına çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı "ünvan 1 mənzil 2 ünvanında yerləşən 397,1 kv.m torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar