Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-977/2021 12.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa olunma və əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddia ərizəsini icraata götürmək üçün müddətin bərpa edilməsi, işinə bərpa olunması, Abbasov Sahib və Hüseynov Anar tərəfindən aldadılaraq ərizəsi alınınb işdən çıxarıldığı üçün məcburi işburaxma müddətinə görə 7350 manat əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, 17.03.2020-ci il tarixdə Cavabdehndə Ərazi icra nümayəndəlikləri ilə iş şöbəsinin müdiri A.Hüseynov və baş məsləhətçi S.Abbasov iddiaçını çağıraraq bildirmişlər ki, niyə pambıq əkmir. İddiaçı bildirmişdir ki, ona pambıq əkmək barədə heç nə deyilməyib. Lazımdırsa müqavilə bağlayıb əkər. Ona bildirmişlər ki, pambıq əkmədiyinə görə işdən çıxmaq haqqında ərizə yazmalıdır. İddiaçı etirazını bildirərək, ərizə yazmaq istəməmişdir. Ona demişlər ki, ərizə yazsın, pambıq əkmək haqda müqavilə bağlandıqdan sonra ərizəni cırıb atacaqlar. İddiaçı onlara inanıb ərizə yazmış, 18.03.2020-ci il tarixdə pambıq əkmək üçün torpaq yeri müəyyən etmiş, müqavilə bağlamağa gəldiyini bildirmişdir. İddiaçıya bildirilmişdir ki, artıq gecdir, işdən çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 18.03.2020ci il tarixli 41 nömrəli əmrinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının tələbi faktiki olaraq, ilk növbədə həmin qərarın ləğvi ilə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 31.03.2020-ci il tarixdə işdən çıxarıldıqdan on iki gün sonra ərizəsini geri götürmək barədə ərizə təqdim etmişdir. İddianın mümkünlüyünün yoxlanılması üzrə 03.08.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, artıq 18.03.2020-ci il tarixdə işdən azad edilməsi barədə məlumatlı olmuş, 25.03.2020-ci il tarixdə vəzifədən azad edilməsi barədə əmri almışdır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 35 və 38.1-ci maddələrinin tələbləri izah edilmiş, iş materiallarının iddiaçı tərəfindən cavabdehin əmrini mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi bildirilmiş və İPM-in 24-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməsi təklif olunmuşdur. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməsi üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə iclası iddiaçının vəsatətinə əsasən 12.08.2021-ci il tarixə təxirə salınmış, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, müəyyən olunmuş vaxt ərzində məhkəməyə müddətin bərpa edilməsi barədə ərizəsini təqdim etməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 18.03.2020-cı il tarixli 41 nömrəli əmrindən 2020-ci ilin mart ayından məlumatlı olmuşdur. İddiaçı əmrin və əmək kitabçasının ona 2020-ci ilin mart ayında təqdim olunmasını bildirmişdir. Həmçinin iddia ərizəsinin xahiş etdi hissəsində də, iddia ərizəsini icraata götürmək üçün vaxt müddətinin bərpa olunmasını xahiş etmiş, lakin müddətin buraxılmasının onun təqsiri olmadan baş verdiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin əmrinin ilkin olaraq iddia ərizəsinin imzalandığı 19.05.2021-ci il tarixdən mübahisələndirdiyi nəzərə alınsa belə, İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulan 1 illik prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı işdən çıxarılması barədə əmri aldıqdan 14 ay sonra məhkəmə qaydasında cavabdehin əmrini mübahisələndirməklə işə bərpa olunmasını tələb etmişdir. İddiaçının qeyd olunan 1 illik müddəti ötürmədiyi fərz olunan halda o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti də ötürmüşdür. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində bildirmişdir ki, 2020-ci ilin mart ayında artıq işdən çıxarılması barədə əmrdən məlumatlı olmuş və sənədlərini cavabdehdən almışdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə olan halda, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti 1 ildən çox ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının faktiki olaraq əmrin ləğv edilməsindən ibarət işə bərpa olunma tələbi qeyri-mümkün olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan qalan tələblər də, belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirə edilmədən mümkün sayılmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “işə bərpa olunma və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-977/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-977/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver