Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-977/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmanın öz arzusu ilə ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrdən iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının götürülməsi tələbinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-977/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrdən iddiaçının xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının götürülməsi tələbinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının öz arzusu ilə ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1992-ci ildə Yevlax rayonu Kövər kəndində anadan olmuşdur. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2014-cü ildə bitirdikdən sonra AR Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən əlahiddə ümumqoşunları hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamış, 2018-ci ilin may ayından 2020-ci ilin aprel ayına kimi baş leytenant hərbi rütbəsində bölük komandiri vəzifəsində olmuş, 2021ci ildə mart ayında əsassız olaraq bir rütbə aşağı salınaraq leytenant rütbəsində olmuşdur. AR Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 01750 saylı əmri ilə xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Hazırda Yevlax rayonu Kövər kəndində valideynlərinin yanında yaşayır və AR SHXÇDX-nin Yevlax rayon şöbəsində ehtiyatda olan kimi qeydiyyata alınmışdır. O, kadr hərbi qulluqçu olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yenidən Müdafiə Nazirliyinin nəzdində olan hərbi hissələrdən hər hansı birinə ordu sıralarına qaytarılmağı barədə dəfələrlə özü və valideynləri ərizə ilə müraciət etmişdir. Lakin onun müraciətindən imtina edilmiş, komandanlıq tərəfindən yenidən həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müsbət qərar qəbul edilməmişdir. Həmin məktubu poçt vasitəsi ilə xx.xx.2022-ci ildə almış və prosessual müddəti ötürmədən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmrdən onun xidmətə uyğunsuzluq kimi ehtiyata buraxılmanın götürülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. O, sağlam olmaqla ehtiyata buraxılmış hərbi kadrdır. Hərb üzrə ali təhsil almışdır. N ildən artıq hərbi hissələrdə müxtəlif vəzifələrədə iş stajı vardır. Hərbi sahədə ondan zabit kimi istifadə edilməsindən imtina edilməsinə baxmayaraq, o, mülki sahədə (FHN, DİN, SHXÇDX) işləyə bilər. Lakin onun xidmətə uyğunsuzluq kimi ehtiyata buraxılması digər mülki sahələrdə işləməyinə mane olur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır. - iddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmiş, 0503-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri olmuşdur. Onun haqqında verilən təqdimatda qeyd olunur ki, xidmət etdiyi müddət ərzində xidmətini düzgün təşkil etməyi bacarmayan, işgüzar kefiyyətləri və şəxsi intizamı aşağı olan, verilən tapşırığlara məsuliyyətsiz yanaşan, zabitə yaraşmayan hərəkətlərə yol verərk digər hərbi qulluqçulara pis nümunə olan bir zabit kimi göstərmiş, tabeliyində olan şəxsi heyəti vəzifəsindən kənar işlərə cəlb olunmasına şərait yaratdığına görə 27 mart 2021 -ci il tarixdə hərbi rütbəsi bir pillə aşağa salınmış, onun rütbəsinin bir pillə aşağı salınmasına baxmayaraq, o, yenə də tabeliyində olan şəxsi heyətə nəzarət etməyi bacarmamış, taqımda olan uçot sənədlərini vaxtında düzgün işləməmiş, verilən tapşırıqlara məsuliyyətsiz, biganə yanaşmış və şəxsi heyətlə kobud rəftar etmişdir. İddiaçı ilə söhbət aparılmış, aparılan söhbətlərdən, verilən intizam cəzalarından heç bir nəticə çıxarmamış, dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuşdur. Verilən intizam cəzaları öz tərbiyəvi təsirinə çatmadığından iddiaçının məsələsinə xx.xx.2021-ci ildə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış, onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 09 dekabr 2021-ci il tarixli, 01750 nömrəli əmri ilə leytenant İddiaçı 50-ci Motoatıcı birqadanın (N nömrəli hərbi hissə) 0503-cü motoatıcı taboru motoatıcı bölüyünün motoatıcı taqımının komandiri vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı, söhbət vərəqələrində xidmət müddəti ərzində özündən aslı olmayaraq nöqsanlara yol verdiyini və xidmətdən uyğunsuzluğa görə çıxmaq istədiyini bildirmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı həmin əmri, yəni inzibati aktın qəbul eilməsindən 2 (iki) ay sonra onu mübahisələndirmişdir. Məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın elan edildiyi, təqdim edildiyi vaxtdan başlayır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Göstərilənlər nəzərə alınaraq, məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, cavabdeh orqan iddiaçının yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müraciətinin təmin edilməsindən imtina etmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - cavabdehin xx.xx.2022-ci il tarixli etirazına qoşma kimi əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, aşağıda adları çəkilən zabitlər həqiqi hərbi xidmətdən Ehtiyata Buraxılsınlar: 2. Leytenant İddiaçı, 50-ci Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 0503-cü motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri. - cavabdehin xx.xx.2022-ci il tarixli etirazına qoşma kimi əlavə edilmiş xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, leytenant İddiaçı, A-015497 N nömrəli hərbi hissə, 0503cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, xx.xx.2021-ci il tarixdən, “baş leytenant”, ******* Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. xx.xx.2021-ci il tarixdə MNM-ƏÜOK-nın 022 r nömrəli əmri ilə hərbi rütbəsi aşağı salınıb. - xx.xx.2021-ci il tarixli iddiaçı ilə aparılmış birinci söhbət vərəqəsindən görünür ki, iddiaçının xidmətində yol verilmiş nöqsanlar onun nəzərinə çatdırılmış, xidmətində dönüş yaratmayacağı halda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılacağı bildirilmişdir. Söhbət vərəqəsi iddiaçı tərəfindən imzalanmışdır. - xx.xx.2021-ci il tarixli iddiaçı ilə aparılmış ikini söhbət vərəqəsindən görünür ki, iddiaçının xidmətində yol verilmiş nöqsanlara görə kiçik zabitlərin şərəf məhkəməsində dindirilərək həqiqi həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılması bildirilmiş,söhbət vərəqəsi iddiaçı tərəfindən imzalanmışdır. - iddiaçının xidməti vərəqəsindən çıxarışdan görünür ki, ona xx.xx.2020-ci ildə “şiddətli töhmət”, xx.xx.2020-ci ildə “şidətli töhmət”, xx.xx.2021-ci ildə “şidətli töhmət” intizam cəzaları verilmişdir. - N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 3-cü motoatıcı taborun motoatıcı bölüyün motoatıcı taqım komandiri leytenant İddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyini, xidmətini düzgün təşkil etməyi bacarmadığını, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğunu, verilən tapşırıqlara məsuliyyətsiz yanaşdığını, zabitə yaraşmayan hərəkətlərə yol verərək digər hərbi qulluqçulara pis nümunə olduğunu, taqımda olan uçot sənədlərini düzgün vaxtında işləməyi bacarmadığını və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığını nəzərə alıb, onun Azərbaycan Ordusundan “həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması” barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - SHXÇDX-nin Yevlax rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1102 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş iddiaçının şəxsi işindən görünür ki: iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0474 nömrəli əmri ilə leytenant rütbəsi verilmiş, 26.06.2017-ci il tarixli 016r nömrəli əmri ilə baş leytenant rütbəsi verilmiş, xx.xx.2021-ci il tarixli 022r nömrəli əmri ilə leytenant rütbəsi verilmiş, 26.06.2018-ci il tarixli 0159t nömrəli əmri ilə, Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı təltif edilmiş, xx.xx.2020-ci il tarixli təqdimatda tutduğu vəzifəyə uyğun olmaması, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında ixtisasına uyğun başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə vəsatət qaldırıldığı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli təqdimatda Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında hərbi rütbəsinin bir pillə “leytenant” rütbəsinədək aşağı salınması barədə vəsatət qaldırıldığı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli təqdimatda Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırıldığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-977/2022 nömrəli qərardadı ilə hazırkı iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Lakin, iddia mahiyyət etibarilə əsassızdır. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan, cavabdehin mübahisəli əmri formal-hüquqi baxımdan qanunidir. Belə ki, həmin əmrin (inzibati aktın) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur, həmin orqan buna müvafiq səlahiyyəti olan inzibati orqandır, əmr qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilmə tələbinə cavab verən inzibati aktdır, əmrin icrası mümkündür və kimə ünvanlandığı aydındır. Mübahisəli inzibati aktın qanuniliyi maddi-hüquqi baxımdan yoxlanılarkən isə ilk növbədə hərbi qulluqçuların öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması prosedurunu tənzimləyən qanunvericiliyin müvafiq müddəaları təhlil edilməlidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -146-cı bəndinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosialiqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. - 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-) e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); - 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; Əsasnamənin 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məlum olduğu kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021ci il tarixli, 01750 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hərbi qanunvericiliyin sadalanan normalarının mənasına görə, hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların təhlili onu göstərir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bununla belə iddiaçının mübahisələndirilən əmr verilməmişdən öncə, öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi, sonuncunun isə həmin əsasla yuxarı komandanlıq qarşısında təqdimatla çıxış etməsi (bu barədə vəsatət qaldırması) iş materialları ilə təsdiqini tapmır. İlkin iddia tələbindən görə iddiaçı, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrdən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasının götürülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinə ünvanlanan müraciətlərindən görünür ki, o faktiki olaraq ordu sıralarına geri qaytarılmasını cavabdeh orqandan xahiş etmişdir. Yəni, iddiaçının ilkin hüquqi marağı xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmrin ləğv edilərək, həqiqi hərbi xidmətə bərpa edilməsi olmuşdur. Sonradan isə iddiaçı xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin “xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması” hissəsinin dəyişdirilərək “öz arzusu ilə” ehtiyata buraxılma ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin, iş materiallarından görünür ki, iddiaçı “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılanadək ümumiyyətlə cavabdeh orqana “öz arzusu ilə” ehtiyata buraxılma ilə bağlı müraciət etməmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının ilkin olaraq hüquqi marağı həqiqi hərbi xidmətə bərpa edilmək olmuşdur. Odur ki, iddiaçının “öz arzusu ilə” ehtiyata buraxılma ilə bağlı cavabdeh orqana müraciət etmədiyi halda xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin “xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması” hissəsinin dəyişdirilərək “öz arzusu ilə” ehtiyata buraxılma ilə əvəz edilməsini tələb etməsi anlaşılan deyil. Digər tərəfdən işdə olan iddiaçı barəsində tərtib edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamış, xx.xx.2016-cı il tarixdən N №-li hərbi hissədə 5-ci motoatıcı taborun 15-ci motoatıcı bölüyün 3-cü motoatıcı tağım komandiri, xx.xx.2018-ci ildən həmin hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborun qərargah bölüyünün komandiri, xx.xx.2019-cu ildən N №-li hərbi hissənin 2-ci taborun 6-cı bölüyün komandiri, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin 5-ci taborun 16-cı bölüyünün 2-ci taqım komandiri, 3-cü taborun 9-cu bölüyünün 2-ci taqımının komandiri vəzifəsində işləmişdir. Ona hərbi hissə komandiri, qərargah rəisi və tabor komandiri tərəfindən dəfələrlə töhmət və şiddətli töhmətlər verilmişdir. N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində verilmiş xidməti xasiyyətnamədə o, mənfi xarakterizə edilmiş, onun şəxsi və iş keyfiyyətləri qənaətbəxş hesab edilməyərək bildirilmişdir ki, o, xidmət etdiyi müddət ərzində xidməti vəzifəsini nizamnamələr çərçivəsində yerinə yetirməyi bilmir. O, şəxsi heyətin xidmətinə düzgün nəzarət etməyi bacarmır, zabitə yaraşmayan hərəkətlərə yol verir və bununlada başqa hərbi qulluqçulara pis nümunə olur. Leytenant Abbasov tabeliyində olan şəxsi heyətin işgüzarlıq və mənəvi keyfiyyətlərini, həçinin adını, soyadını və təvəllüdünü, ailə vəziyyətini, döyüş və ictimai-siyasi hazırlıq üzrə müvəffəqiyyət və çatışmazlıqlarını bilmir. Taqımda hərbi intizamın və daxili qayda-qanunun möhkəmləndirilməsində çətinlik çəkir. Verilən tapşırıqların yerinə yetirilməsi zamanı üzərində nəzarət olunmasına ehtiyac var. Ətrafındakıları inandırmaq qabiliyyəti zəifdir. Bilik səviyyəsini və bacarığını artırmaq üçün öz üzərində çalışmır. Təşkilatçılıq qabiliyyəti yoxdur.Xidmət etdiyi kollektivdə nisbətən hörmətə malikdir. İddiaçı, barəsində xx.xx.2020-ci il tarixli təqdimatla tutduğu vəzifəyə uyğun olmaması, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında ixtisasına uyğun başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə, xx.xx.2021-ci il tarixli təqdimatla Silahlı Qüvvələrin İntizam Nizamnaməsinə uyğun olaraq intizam cəzası qaydasında hərbi rütbəsinin bir pillə “leytenant” rütbəsinədək aşağı salınması barədə və xx.xx.2021-ci il tarixli təqdimatla kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Sözügedən vəsatətlərə əsasən X2 Komandanının xx.xx.2020-ci il tarixli 04N №-li əmri ilə N №-li hərbi hissənin 2-ci taborun 6-cı bölüyün komandiri vəzifəsindən – aşağı vəzifəyə N nömrəli hərbi hissənin 5-ci taborun 16-cı bölüyünün 2-ci taqım komandiri vəzifəsinə təyin edilmiş, X2 Komandanının xx.xx.2021-ci il tarixli 022r №-li əmri ilə hərbi rütbəsi “leytenant” hərbi rütbəsinədək bir pillə aşağı salınmış, həmçinin xx.xx.2021-ci il tarixdə iddiaçının xidmətində ciddi nöqsanlara yol verməsi, xidmətini düzgün təşkil etməyi bacarmaması, işgüzar keyfiyyətləri və şəxsi intizamının aşağı olması, verilən tapşırıqlara məsuliyyətsiz yanaşması, zabitə yaraşmayan hərəkətlərə yol verərək digər hərbi qulluqçulara pis nümunə olması, taqımda olan uçot sənədlərini düzgün vaxtında işləməyi bacarmaması və aparılan söhbətlərdən heç bir nəticə çıxarmaması məsələlərinə kiçik zabitlərinin şərəf məhkəməsində baxılmış, kiçik zabitlərinin şərəf məhkəməsində iştirak edən iddiaçının zabit yoldaşları iddiaçının iş və şəxsi keyfiyyətlərini mənfi xarakterizə edərək onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması təkliflərini irəli sürmüşlər. Eyni zamanda iddiaçının tutduğu vəzifəyə uyğun olmaması və intizam cəzası qaydasında ixtisasına uyğun başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə xx.xx.2020-ci il tarixli təqdimatın əsaslandırılmasında onun xx.xx.2020-ci il tarixdə hərbi qulluqçunun ləyaqətini ləkələyərək zabit yoldaşının ailəsinə zəng vuraraq onları narahat etməsi qeyd edilmişdir. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi qeyd olunanları nəzərə alaraq “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən iddiaçının Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti vəzifəyə uyğun olmaması əsası ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılmış və təqdimat verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının xidməti və şəxsi keyfiyyətləri barədə hərbi hissənin mənfi mülahizəsi, şərəf məhkəməsinin iclasında zabit yoldaşları tərəfindən bildirilən hallar və barəsində tətbiq edilmiş intizam cəzalarının həqiqiliyi şübhə doğurmur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, xidməti vəzifələrinin icrasına laqeydlik nümayiş etdirən, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməyə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılması qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01750 saylı əmrin dəyişdirilərək “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmanın “öz arzusu ilə” ehtiyata buraxılma ilə əvəz edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-977/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-977/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver