Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-977/2025 18.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi (texniki pasportda göstərilən) 310 kv.m həyətyanı torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1050 ha həyətyanı torpaq sahəsinin üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi yerləşdiyi (texniki pasportda göstərilən) 310 kv.m həyətyanı torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamaqla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X2 satın almışdır. Daha sonra qeyd edilən alqısatqı müqaviləsini Oğuz rayon Texniki İnvertarlaşdırma Bürosuna təqdim etmiş,evin texniki pasportunda əvvəlki sahibin adı pozularaq ev sahibi kimi iddiaçının adı qeyd olunmuşdurş. Oğuz RİTB-də ev iddiaçının adına qeydə alınmışdır. Müqavilə bağlanan tarixdən hal hazıradək ev digər tikililərlə birlikdə iddiaçının xüsusi mülkiyyətində evin yerləşdiyi 0.10500 hektar həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair evin keçmiş sahibi X3 adına tərtib edilmiş, iyul 1987-ci il tarixli, 565 inventar nömrəli fərdi mənzil fondunun yaşayış evinin texniki pasportunda da evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0,10500 hektar olduğu qeyd edilmişdir. Həmin sənəd evin yerləşdiyi həyətyanı torpaq sahəsinin hələ 1987-ci ildə 0,10500 hektar olduğunu təsdiq edir. Hazırkı tələblə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir.İdarədən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubu ilə onun müraciətinin icra olunmasından imtina edilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10500 ha torpaq sahəsinin 0,4500 ha hissəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda qeyd etmək istərdik ki, İddiaçı adına Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə 0,06 ha torpaq sahəsinə dair JN-161A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədi hazırlanaraq verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin 3-21-3-42/2-4028/2024 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş və ona əlavə olunan sənədlər;
2. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məslələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin 3-21-3-42/2-5697/2024 nömrəli xx.xx.2024 cü il tarixli etirazı və ona əlavə olunan sənədlər;
3. JN-161A KOD 40501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə;
4. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1987-ci il dekabr tarixli 565 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu;
5. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və ortofotodan çıxarış.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X4 adına 1987-ci il tarixli 565 inventar nömrəli Texniki Pasport verilmişdir.X7 əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1050 kv.m göstərilmişdir. İddiaçı ilə X4 arasında xx.xx.1990-cı il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlanaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya satılmışdır.Həmin evin yerləşdiyi torpaq sahəsinin 0,06 ha hissəsi JN-161A KOD 40501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçının hüquqi marağı şəhadətnamə ilə əhatə edilməyən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yerləşdiyi (texniki pasportda göstərilən) 310 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;[11] 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); İş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi iddiaçıya alqı-satqı qaydasına ötürülmüş,hazırda orada ona məxsus fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin sxemi ilə faktiki istifadə vəziyyəti arasında qismən konfiqurasiya fərqi olsa da, fərdi yaşayış evinə münasibətdə iddia olunan torpaq sahəsi ilə texniki pasportda qeyd edilmiş daşınmaz əmlakın eyni ərazi olması təsdiq olunur. İddia oluan torpaq sahəsinin bir hissəsinin JN-161A KOD 40501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatları daxilinə münasibətdə məhkəmə qeyd edir ki,həmin Şəhadətnamənin ilə ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsi iddiaçının alqı-satqı qaydasında əldə etdiyi fərdi yaşayış evinin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsinə tərtib edilmiş,naturada qalan 310 kv.m faktiki istifadəyə uyğunlaşdırılmalıdır. Yəni, Şəhadətnamənin koordinatlarını əhatə etməməlidir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 1987-ci il dekabr tarixli 565 inventar nömrəli Texniki Pasporta əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi yerləşdiyi (texniki pasportda göstərilən) 310 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi üzərinə 1987-ci il dekabr tarixli 565 inventar nömrəli Texniki Pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi (texniki pasportda göstərilən) 310 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.