Məhkəmə qərarları › İş №2-1(116)-978/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-978/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-978/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-2021-ci illər ərzində 20 ay hər ay üçün 200 manat müavinətin, cəmi ödənilməmiş 4000 manat məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “2019-2021-ci illər ərzində cəmi 20 ay hər ay üçün 200 manat müavinətin cəmi ödənilməmiş 4000 manat məbləğin mənəvi ziyan olaraq 10.000 manat məbləğin cəmi 14.000 manat hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - 21 iyun 2010-cu il təvəllüdlü qızı İsrəfilova Səmra Asim qızına əlillik təyin edilmiş, 2019-cu ilin iyul ayınadək əlilliyə görə müavinət ödənilmişdir. 2019-cu ilin iyul ayından 2021-ci ilin fevral ayınadək dəfələrlə müraciət edilməsinə baxmayaraq "Rəsmləşdirilmiş göndərişin natamam doldurulması, həkim rəyi-diaqnozunu təsdiqləyən müayinənin tam aparılmaması" əsası ilə əlilliyin müəyyən edilməsindən və müavinət təyin edilməsindən imtina edilmişdir. "Rəsmləşdirilmiş göndərişin natamam doldurulması, həkim rəyidiaqnozunu təsdiqləyən müayinənin tam aparılmaması"nın nədə ifadə olunduğu, yəni göndərişin hansı qrafasının natamam yaxud tamam dolduramadığı inzibati aktda göstərilməmişdir. Müxtəlif dövlət orqanlarına şikayətlərdən sonra eyni əsaslarla, eyni tibbi göstəricilər əsasında əlillik bərpa olunmuş, 2021-ci ilin mart ayından etibarən əlillik bərpa edilmiş, əlilliyə görə müavinətin ödənilməsi davam etdirilmişdir. 2019-2021-ci illər ərzində cəmi 20 ay, hər ay üçün 200 manat müavinət ödənilməmişdir. Hesab edir ki, həmin müavinət hesablanaraq ödənilməlidir. Belə ki, müavinətin bərpası əsası ilə ilkin təyinatı əsası eynilik təşkil etmişdir, yəni müavinətin 20 ay ərzində ödənilməməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmin nazirliyin nəzdində olan Tibbi-Sosial Ekspert Komissiyasının, eləcə də Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməmələri nəticəsində baş vermişdir. Bu səbəbdən də həm ödənilməmiş 4000 manat məbləğ, həm mənəvi ziyan olaraq 10.000 manat məbləğ hesablanaraq ona ödənilməlidir. Ərizə ilə hər iki cavabdehə müraciət edərək maddi və mənəvi ziyanın hesablanıb ödənilməsini xahiş etmiş. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərizəsinii cavablandırmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 28 dekabr 2021-ci il tarixli məktubla pulun hesablanıb verilməsindən imtina etmişdir. Cavabdehlərin pulun hesablanıb ödənilməsindən imtina etmələri qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini dəqiqləşdirərək cavabdeh orqan qismində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və “2019-2021-ci illər ərzində 20 ay hər ay üçün 200 manat müavinətin, cəmi ödənilməmiş 4000 manat məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı qızı İsrəfilova Səmra Asim qızının xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmin tarixədək sağlamlıq imkanlarının məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət və ona qulluğa görə anası İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Sağlamlıq imkanlarının məhdudluğu müddəti dayandırılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə İsrəfilova Səmra Asim qızının sağlamlıq imkanlarının məhdudluğu yenidən qiymətləndirilərək sosial müavinət və ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ödənilməmiş aylar üzrə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Fondun xx.xx.2021-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İsrəfilova Səmra Asim qızının sağlamlıq imkanlarının məhdudluğu müddəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə müəyyən edildiyi üçün sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3- cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən aşağıdakı müavinətlər təyin edilir:

1. aylıq müavinətlər: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; yaşınadək uşağa qulluğa görə müavinət; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 1 yaşınadək uşağı olan az təminatlı ailələrə müavinət; vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; beşdən çox uşağı olan qadınlara müavinət; övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət.

2. Birdəfəlik müavinətlər: radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət; uşağın anadan olmasına görə müavinət: dəfn üçün müavinət. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixindən qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən X1 əlilliyi xx.xx.2021-ci il tarixdə müəyyən olunduğu üçün sağlamlıq imkaniarı məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgündür. Sağlamlıq imkanları məhdudluğunun müəyyən edilmədiyi dövrlər üzrə isə sosial müavinətin və təqaüdün ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli 6Q5W2N00002 №-li qərarından görünür ki, İsrəfilova Səmra Asim qızının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti müayinənin tarixi xx.xx.2019-cu il qeyd edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli 7XDGX6L0003 nömrəli, xx.xx.2019-cu il tarixli 7XDGX6L0006 nömrəli, xx.xx.2020-ci il tarixli 7XDGX6L00009 nömrəli, xx.xx.2020-ci il tarixli 7XDGX6L0012 nömrəli, xx.xx.2020-ci il tarixli 7XDGX6L0015 nömrəli qərarlarından görünür ki, İsrəfilova Səmra Asim qızına sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən göndərişlərin natamam olması səbəbindən imtina edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 7XDGXL00118 №-li qərarından görünür ki, İsrəfilova Səmra Asim qızının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin hallarından müəyyən edilir ki, İsrəfilova Səmra Asim qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edildiyi xx.xx.2019-cu il tarixdən sonra onun barəsində səhiyyə müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına elektron sistem vasitəsilə ötürülmüş göndərişlər, həmin göndərişlərin natamam doldurulması əsası ilə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərarları ilə təmin edilməmiş və Səmra İsrəfilovanın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir. Buna baxmayaraq, qeyd olunan imtina qərarları iddiaçı tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Nəzərə alınmalıdır ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərarları inzibati akt hesab olunurlar və həmin qərarlar aparılmış inzibati icraatın nəticəsi olaraq qəbul edilmişlər. Qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı Tibbi Sosial Ekspert Komissiyasının qərarları ilə razılaşmadığı halda həmin qərarları mübahisələndirməli və ləğvini tələb etməli idi. Səmra İsrəfilovanın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli 6Q5W2N00002 №-li qərarı xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. Bundan sonra isə yuxarıda qeyd edilmiş tarixlərdə Tibbi Sosial Ekspert Komissiyası Səmra İsrəfilovanın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina barədə qərarlar qəbul etmiş və iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi dövrlər üzrə həmin qərarlar hazırda qüvvədə olan inzibati aktlardır. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Odur ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərarlarının qanunsuz sayılmasına dair inzibati akt qəbul edilmədiyindən həmin inzibati aktlar ləğv edilənə, dəyişdirilənə, və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, imtina qərarlarının qüvvədə olduğu dövr üzrə cavabdeh orqan ümumiyyətlə Səmra İsrəfilovanı sağlamlıq imkanları məhdud şəxs hesab etməklə ödəniş edə bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli qərarları ilə Səmra İsrəfilovanın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmiş dövr üzrə müavinətin ödənilməsindən imtina etmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-2021-ci illər ərzində 20 ay hər ay üçün 200 manat müavinətin, cəmi ödənilməmiş 4000 manat məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar